Latviyanın mövqeyi birmənalıdır: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır
"Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində və GUAM çərçivəsində olan hər hansı münaqişələrlə bağlı Latviyanın mövqeyi birmənalıdır - münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".
SİA-nın verdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Latviyanın xarici işlər naziri Maris Riekstinşlə görşünə dair keçirdiyi mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, ölkə prezidentləri səviyyəsində yaradılan əlaqələr daha da inkişak etdirilir. Azərbaycanlı nazir, həmçinin Latviyanın yeni seçilmiş prezidentinin yayda Azərbaycana rəsmi səfərinin gözlənildiyini bildirib. E.Məmmədyarov onu da qeyd edib ki, siyasi baxımdan Latviya həm BMT, həm də digər beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir.
Nazirin sözlərinə görə, görüş zamanı iqtisadi məsələlərə də toxunulub. "İqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədilə sabah Azərbaycanda keçiriləcək biznes forumda Latviyadan gələn 50 nəfərə yaxın biznesmen iştirak edəcək", - deyən XİN rəhbəri görüş zamanı regional məsələlərə də toxunulduğunu bildirib. Onun sözlərinə görə, M.Riekstinşə Azərbaycanın haqlı mövqeyi çatdırılıb.
Daha sonra çıxış edən Latviyanın xarici işlər naziri Maris Riekstinş Bakıya ilk səfərinin olduğunu vurğulayıb. "Səfərimin əsas məqsədi nail olduğumuz siyasi əlaqələri daha da inkişaf etdirməkdir. Hər iki ölkə arasında qarşılıqlı əməkdaşlığa prezidentlər səviyyəsində, parlamentlər arasında artan maraq var", - deyə o, bildirib. O, əlavə edib ki, sabahkı biznes forumda biznesmenlər öz azərbaycanlı həmkarları ilə nəqliyyat, informasiya texnologiyaları, ərzaq məhsulları və sair sahələrə dair müzakirələr aparacaqlar.
Latviyalı nazir bu görüşlərin Avropa Birliyi çərçivəsində Praqada həll ediləcək Şərq Tərəfdaşlığı Proqramı əsasında baş tutduğunu bildirib. "Proqramın əsas məqsədi Avropa Birliyinin Şərq hüdudlarında yerləşən 6 dövlətlə sıx əməkdaşlıq yaratmaq və regionda sülh və tərəfdaşlığı bərpa etməkdir", - deyə o, vurğulayıb.