Ermənistan sosial böhran içində..
Dünyada işğalçı dövlət kimi tanınan, ermənilərin qonşu xalqlara qarşı terror və soyqırım aktı həyata keçirməsinə yardım edən Ermənistan bunun ağır nəticələrini yaşamaqdadır. Həyata keçirdiyi işğalçı siyasət sonucunda özünü iqtisadi blokadaya salan Ermənistanda sosial-iqtisadi böhran getdikcə dərinləşir. Qlobal maliyyə-iqtisadi krizisdən ən çox ziyan çəkməsi də rəsmi Yerevanın yürütdüyü separatçı siyasətin iflasa uğradığını açıq göstərir. Uzun illərdir əhalisi aclıq, səfalət və psixoloji böhran içində yaşayan ölkənin durumu getdikcə daha çox pisləşir.
Az zaman öncə milli valyutanın devolvasiyasını həyata keçirməyə məcbur olan Ermənistan hökuməti bununla xalqı daha ağır duruma saldı. Ölkədə bahalaşma və qıtlıq özünü daha çox büruzə verməyə başladı. İndi isə, "məzlum xalq" özünü daha bir bəladan qorumağa çalışmalı olacaq. Xəbər verdiyimiz kimi, aprelin 1-dən Ermənistan hökuməti ölkədə qaz və elektrik enerjisinin qiymətlərini artırıb.
Şübhə yoxdur ki, əhalisinin əksəriyyətinin işsiz olduğu, maaş və pensiyaların aşağı məbləğdə ödənildiyi ölkədə yoxsulluq həddi yüksələn xətlə artacaq. Elə ölkə müxalifətinin rəhbərləri, ziyalıların nümayəndələri də bu fikirdədirlər və artıq öz səslərini daha ucadan çıxarmağa başlayıblar. Onlar ölkəyə başa dövlətdən rəhbər təyin olunmuş hakimiyyət başçılarının siyasətinə sərt etirazlarını bildirirlər.
Yadınızdadırsa, hələ bir müddət öncə, Ermənistanın müxalifət partiyası olan "Milli Öz Taleyini Təyinetmə Partiyası"nın lideri Paruyr Ayrikyan rus-erməni əlaqələrini tənqid edərək, Ermənistan hakimiyyətini Rusiyanın nökəri olmaqda ittiham etmişdi. Ayrikyan Ermənistanın milli sərvətinin 80%-nin Rusiyaya satıldığını iddia etmiş və hakimiyyətin bu səhv siyasətinin əhalini fəlakətə sürüklədiyini demişdi.
Müxalifət lideri onu da bəyan etmişdi ki, Ermənistanın xarici siyasət prioriteti Dağlıq Qarabağ ola bilməz. Rusiyanın güclü Ermənistan istəmədiyini vurğulayan erməni müxalifətçi rus imperializminin Ermənistan üzərində oyunlarının davam etdiyini qeyd etmişdi.
"Rusiya Ermənistanın milli sərvətinin 80%-nə sahib çıxır. Ölkədəki nəhəng şirkətlər alınan borc qarşılığında Moskvaya verilir. Rusiya 100 mln dol qarşılığında milli sərvətimizin 80%-i alıb. Biz Rusiyanın nökəri vəziyyətinə düşdük. Bu isə köləlikdən daha betərdir. Orada erməniləri öldürürlər, biz isə rusları göylərə qaldırırıq, rus dilində danışırıq" deyə partiya sədri vurğulayıb.
Göründüyü kimi, erməni xalqı, Ermənistan siyasi müxalifəti artıq reallığı qəbul və etiraf etmək zorunda qalıb. Ölkə ziyalıları, müxalifət liderləri Ermənistanın düşdüyü ağır durumdan və iqtisadi-sosial problemlərdən əhalinin ziyan çəkdiyini, dövlətin beynəlxalq nüfuzunun son illər xeyli aşağı düşdüyünü qeyd edirlər.
Həqiqətən də, regionun ən yoxsul ölkəsinə çevrilən, sosial fəlakət qarşısında qalan, iqtisadi blokadaya düşən, qonşuları ilə ilə dinc yanaşı yaşamaq istəməyən bir ölkənin durumu bundan yaxşı ola bilməz. Məhz bu səbəbdən də son vaxtlar rəsmi Yerevan Ankara ilə münasibətlərin yaxşılaşdırılması kursunu götürüb, bununla labüd iqtisadi və sosial faciənin qarşısını almağa çalışır.
Yerevandan gələn xəbərlərdən və səslənən son açıqlamalardan görünür ki, işğalçı ölkə rəsmiləri və ictimaiyyət nümayəndələri artıq hansı vəziyyətin yarandığını bunun nə ilə sonuclanacağını dərk etmiş durumdadırlar. Bu səbəbdən də mövcud durumun gec-tez rəsmi Yerevanı reallığı nəzərə almağa, regionda sülhü və sabitliyi pozmaq əməllərinə son qoyulmasına gətirib çıxaracağı şübhə doğurmur.
İşğalçı ölkəni buna vadar edən səbəblərdən biri də böyük qardaşının yardımı ilə ərazisini işğal edib, əhalisini soyqırıma məruz qoyduğu və düşmən elan etdiyi Azərbaycanın durmadan sürətli inkaşafı ilə bağlıdır. Ermənistanla müqayisədə Azərbaycanın iqtisadi və hərbi qüdrəti dəfələrlə çoxdur. Yerevandan gələn bahalaşma xəbərləri Azərbaycandakı bolluq və ucuzlaşma ilə paralel yayımlanır. Üstəlik, Qafqazın ən güclü ölkəsində maliyyə ehtiyatları da yüksələn xətlə dəyişir ki, bu da qüvvələr balansında kəskin fərqin yarandığını göstərir. Son məlumatlara əsasən, ölkəmizin strateji valyuta ehtiyatları 20 mlrd dol-a çatmaq üzrədir.
Göründüyü kimi, Azərbaycanda Ermənistanla tam əks mənzərə müşahidə olunur. Ölkədə işsizlik problemi, demək olar ki həll edilib. Böyük infrastruktur, enerji, nəqliyyat və digər layihələr həyata keçirilir. Buraya iqtisadi və sosial proqramları da əlavə etmək lazım gəlir. Respublikanın siması hər ay yaxşı mənada dəyişir. Düzgün iqtisadi və sosial siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycan qlobal böhrandan, demək olar ki, ziyan çəkmədi, əhalinin alıcılıq qabiliyyəti artdı.
Hər iki ölkəni təkcə iqtisadi və sosial sahədə müqayisə etmək fikrimizcə doğru olmazdı. Humanitar sahələrdə - təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində də Azərbaycanda yüksəliş, Ermənistanda eniş müşahidə olunur. Bu da, öz növbəsində, hansı ölkənin, hansı xalqın daha mədəni, sülhsevər və işgüzar olması haqda dünya ictimaiyyətində rəy formalaşdırır.
O ki qaldı, xarici siyasət məsələlərinə, bu haqda, onu demək olar ki, işğalçı və terrorçu dövlətin diplomatik məğlubiyyəti artıq açıq-aydın görünür. Beynəlxalq təşkilatların və böyük dövlətlərin nümayəndələri tərəfindən səslənən son bəyanatlar və açıqlamalar, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü və soyqırım məsələsində qeyd edilən qəti fikirlər bunu əminliklə söyləməyə tam əsas verir.
Erməni lobbisinin bütün dünyada uzun illərdir ki, səsləndirdiyi soyqırımı yalanları artıq ifşa edilməklə paralel olaraq, türklərə qarşı tarix boyu ermənilər tərəfindən həyata keçirilmiş terror və soyqırımı aktlarının dünya birliyi tərəfindən qəbul olunması da xarici siyasətimizin böyük uğurudur.
Beləliklə, Cənubi Qafqazda yerləşən iki ölkənin və bu ölkələri idarə edən hakimiyyətlərin hansının doğru yolda olmasını yuxarıda qeyd etdiyimiz kiçik müqayisə ilə anlamaq olar. Bunun Ermənistanda və onu himayə edən ölkələrdə də tam anlaşıldığının fərqindəyik.
Qafqazda və dünyada gedən prosesləri diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, tarixi həqiqətin və ədalətin öz yerini tapmasına az qalıb. Odlar Yurdunun müqəddəs torpaqları və dünyanın ən qədim mədəniyyətini yaratmış Azərbaycan türklərinin tarixi maddi-mədəni abidələri vandallardan azad edilməlidir. Bunu həyata keçirə biləcək bir qüvvə var- bu, tarix boyu döyüş meydanlarında öz xalqının və dövlətinin şərəfini şərəflə qorumuş Azərbaycan əsgəridir.
Şübhə yoxdur ki, bu əsgər sülh təşəbbüsünün nəticə vermədiyi nöqtədə murdar düşmən ayaqlarının son izlərini də müqəddəs Vətən torpaqlarından silib atacaq. Azərbaycan Prezidenti İlham Əliyev də məhz bu prinsipi əsas götürərək dünyada özünün doğru siyasətini yeridir. Bu siyasətin ən böyük bəhrəsini verməsinə az qalıb, lap az...