PDF Oxu

Əsas

  • 14

Dünya Bankının nəqliyyat missiyası ölkəmizdə səfərdədir

Dünya Bankının nəqliyyat missiyası ölkəmizdə səfərdədir
Dünya Bankının missiyasının dünən ölkəmizə növbəti səfəri başlayıb. Bankın Bakı nümayəndəliyindən verilən məlumata görə, səfər zamanı bir çox istiqamətlər üzrə məsləhətləşmələr aparılacaq, yeni layihələrin maliyyələşdirilməsi müzakirə ediləcək. Riçard Popolskinin rəhbərlik etdiyi misssiya respublikamızda 2009-cu ildə infrastruktur və maliyyə-bank sektorunda bir sıra layihələrin maliyyələşdirilməsinin davam etdirilməsinə dair danışıqlar da aparacaq. Riçard Popolski Azərbaycanda magistral yolların idarə edilməsi və inkişafı layihəsi üzrə kreditin ayrılması məsələsini də hökumət üzvləri ilə nəzərdən keçirəcək.
Ötən illərdə respublikamızda həyata keçirilən layihələrdə iştirak edən Dünya Bankı yeni layihələrə kredit ayrılmasını davam etdirmək niyyətini bəyan edib. Bankın Bakı nümayəndəliyinin açıqlamasına əsasən, 2009-cu ildə qurumun maliyyələşdirəcəyi layihələrin başlıca istiqamətləri yol şəbəkəsinin modernləşdirilməsinə və infrastrukturun yenidən qurulmasına dəstək verməkdən ibarət olacaq. Tərəflər, əsasən, 2009-2010-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı məsələləri müzakirə etdikdən sonra DB-nin Direktorlar Şurası yekun qərar verəcək. DB 2009-2010-cu illərə aid əməkdaşlıq strategiyası üzrə əsas maliyyə vəsaitləri yol hərəkətinin tənzimlənməsi layihəsinə 1 milyard dollar kredit ayrılmasına razıdır. Həmin vəsaitin hansı məbləğinin bu il verilməsi missiyanın apardığı danışıqlardan sonra məlum olacaq.
Dünya Bankının Bakı nümayəndəliyində hesab edirlər ki, DB 5 ildən artıqdır ki, İpək yolu, Azərbaycandan Rusiya sərhədinədək olan yolun çəkilişi və digər yol infrastrukturu layihələrinə maliyyə vəsaitləri yönəldən başlıca donorlardan sayılır. DB indiyədək yenidənqurma işlərinə 500 milyon dollardan artıq vəsait ayırıb. Bank hazırda Rusiya və İran sərhədinədək olan istiqamətlər üzrə digər layihələrin bir hissəsinin də maliyyələşdirilməsinə razılıq verib. Onu da qeyd edək ki, DB-nin missiyası ötən il ölkəmizə səfər zamanı Azərbaycan hökuməti ilə əməkdaşlıq strategiyası çərçivəsində qarşıdakı illərdə 1,2 milyard dollar vəsait ayrılmasının mümkünlüyünü gizlətməyib. Bank, həmçinin, həmin vəsaitlərin təkcə yol təsərrüfatı üçün nəzərdə tutulmayacağını, ekologiya, kənd təsərrüfatı sistemi, bank və maliyyə bölmələri ilə bağlı olacağını da bəyan edib.
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində yolların çəkilişi, körpülərin tikintisi, tunellərin və paytaxtın mərkəzi küçələrinin modernləşdirilməsi sürətlənəcək. Yəni, dünya maliyyə böhranı ilə əlaqədar bir çox ölkələrdə nəqliyyat və tikinti layihələrinin maliyyələşdirilməsinin dayandırılmasına baxmayaraq, DB ilə əməkdaşlıq çərçivəsində, eyni zamanda, hökumətin ayırdığı daxili investsiyalar hesabına bu il tikinti-quruculuq işləri geniş vüsət alacaq. Nəqliyyat Nazirliyi 2009-cu ildə investisiya layihələrinin davam etdirilməsinə fasilə verməyəcək. NN bu il bölgələri paytaxtla birləşdirən 1-ci dərəcəli yollarla birlikdə Bakı və şəhərətrafı yol təsərrüfatının modernləşdirilməsinə 1 milyard 500 milyon dollara yaxın vəsaitin xərclənməsini planlaşdırır. NN DB ilə birgə şəhərin mərkəzindəki tıxacların aradan qaldırılması üçün paytaxtla ətraf əraziləri birləşdirən yeni dairəvi yolların çəkilməsini nəzərdə tutan layihələrin icrasına da başlayacaq. Bu məqsədlə yolların genişləndirilməsi, 2-3 mərtəbəli yol şəbəkələrinin salınması, avtomobillərin həm üfiqi, həm də şaquli hərəkəti üçün yeraltı keçid və tunellərin inşa edilməsi planlaşdırılır. Yol hərəkətinin tənzimlənməsi layihəsi çərçivəsində əlavə 4 dairəvi yolun çəkilişinə başlanılacaq. Tıxacların qarşısını almaq üçün süzgəc formasında dairəvi yollar tikiləcək. Bu il ilk Lökbatan-Xocahəsən, Suraxanı-Zabrat, Binəqədi-Dərnəgül, Tbilisi prospekti-6-cı kilometr, Bayıl-Sahil qəsəbəsi və digər istiqamətdə belə yolların inşasına start verilməsi planlaşdırılır.

Digər xəbərlər