PDF Oxu

Əsas

  • 14

Qadınlar cəmiyyətin ən fəal təbəqələridir

Qadınlar cəmiyyətin ən fəal təbəqələridir
Dünən Azərbaycan Dövlət Pedaqoji Kollecində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Qadınlar Şurasının qurultaya hazırlıq üzrə konfransı keçirildi. Konfransı giriş sözü ilə açan təşkilatın qadınlar şurasının sədri Nurlana Əliyeva hesabat məruzəsi ilə çıxış edərək şuranın fəaliyyəti ilə bağlı məlumatları konfrans iştirakçılarına çatdırdı. O, çıxışı zamanı qadınların cəmiyyətdəki rolundan söz açaraq bildirdi ki, Azərbaycan qadınları hər bir zaman hətta vətənimizin ən ağrılı-acılı günlərində də kişilərlə birlikdə cəmiyyətdə mühüm rol oynamışlar: "Ulu öndərimiz Heydər Əliyev daim qadınlara diqqət göstərib, onların dövlət vəzifələrinə təyin olunmasına etimad göstərib. Azərbaycan hələ dövlətçilik tarixində ümummilli liderimiz Heydər Əliyev qədər cəmiyyətdə qadınların rolunu yüksək qiymətləndirən dövlət xadimi olmayıb". Ulu öndərin qadınlara verdiyi qiymətdən danışan N.Əliyeva Onun müxtəlif dövrlərdə qadınlarla bağlı imzaladığı fərman və sərəncamları xatırlatdı. O, həmçinin, bildirdi ki, Azərbaycan qadınları da onlara verilən bu qiymətin əvəzində öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmışdır. YAP Yasamal rayon təşkilatının Qadınlar Şurası fəaliyyətindən danışaraq onların dövlətin və cəmiyyətin həyatında qabaqcıl rol oynadığını və bu prinsiplərə daim əməl etdiyini söylədi. Daha sonra rayonun Ağbirçəklər Şurasının sədri Tamella Şahbazova çıxış edərək rayonun həyatında qadınların rolundan danışdı. T.Şahbazova səhiyyənin inkişafında qadınların rolunun çox böyük əhəmiyyət daşıdığını qeyd etdi. Ulu öndərin qadınlara, uşaqlara aid fikirlərinin məhz bu rayonda öz əksini tapdığını bildirdi. YAP Yasamal rayon Qadınlar Şurasının sədr müavini Rasimə Əliyeva çıxışına ümummilli lider Heydər Əliyevin qadınlarla bağlı səsləndirdiyi fikirlərlə başladı. O, qadınların artıq hər bir sahədə kişilərlə çiyin-çiyinə çalışdığını nəzərə çatdıraraq, onların cəmiyyətdə artan rolundan bəhs etdi. Rayon Qadınlar Şurasının idarə heyətinin üzvü Nataşa Bədəlova isə çıxışı zamanı ölkmizdə olan qadın hüquq və azadlıqlarından danışaraq onların yüksək səviyyədə təmin olunmasından bütün qadınların razı qaldığını bildirdi. Millət vəkili Rəbiyyət Aslanova da çıxışını qadınların cəmiyyətimizdə oynadığı mühüm rola həsr etdi. O, Azərbaycan qadının adının yüksəldilməsi istiqamətində qadınlarımızın yüksək səylə çalışdığını konfrans iştirakçılarının diqqətinə çatdırdı. "Bu gün Azərbaycan dövlətinin qadın siyasəti onların tarixi ənənələri saxlayıb, gələcək nəsillərə ötürməsinə xidmət edir." R.Aslanova dövlətimizin yaratdığı şərait nəticəsində artıq Azərbaycan qadınının seyrçi deyil, cəmiyyətin fəal üzvlərindən biri olduğunu xüsusilə vurğuladı. Milli Məclisin deputatı Gülər Əhmədova da konfransda çıxış edərək qadınların tarix boyu gördüyü işlərin əhəmiyyətindən danışaraq onların Azərbaycanın inrkişafında mühüm rola malik olduğunu qeyd etdi: "Zaman-zaman Azərbaycanın ən çətin anlarında qadınlarımız nəyi necə etməyi çox yaxşı biliblər. Bu baxımdan, əminəm ki, biz qadınların hesabına hazırda olan çətinliklərdən də üzüağ çıxacağıq." G.Əhmədova son zamanlar geosiyasi məkanda baş verən hadisələrlə bağlı da Azərbaycan qadınlarının sona qədər Prezidentin yanında olacaqlarını bildirdi. O, çıxışını hər bir qadına ailəsində xoşbəxtlik və can sağlığı arzulayaraq bitirdi. Konfransda yekun sözü ilə çıxış etmək üçün söz YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılova verildi. Təşkilat sədri də çıxışı zamanı qanuverici orqanda, beynəlxalq təşkilatlarda və digər orqanlarda qadınların yüksək səviyyədə iştirakına nəzər saldı. Ulu öndər Heydər Əliyevin ölkədə əsasını qoyduğu yeritdiyi hərtərəfli siyasətin nəticəsində qadınla müxtəlif ictimai, mədəni, siyasi, iqtisadi və digər sahələrdə yüksək fəallıqla çalışırlar. O bildirdi qadınlar bütün bu sahələrdə öz fəaliyyətləri ilə cəmiyyəti və dövləti inkişaf etdirir. Tədbirin sonunda bu ay keçiriləcək YAP Qadınlar Şurasının qurultayında Yasamal rayonundan iştirak edəcək qadınların siyahısı oxundu. Onu da qeyd edək ki, bu rayonu konfransda 20 nəfər təmsil edəcək. Murad İSMAYILZADƏ

Digər xəbərlər