PDF Oxu

Əsas

  • 19

Azərbaycan Türkiyə İş Adamları Birliyi Obamaya müraciət etdi

Azərbaycan Türkiyə İş Adamları Birliyi Obamaya müraciət etdi
Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri və Azərbaycan Türkiyə Amerika Fondunun (ATAF US) sədri Əhmet Erentok, son zamanlar gündəmdə olan Türkiyə və Ermənistan sərhədlərinin açılması məsələsi ilə əlaqədar ABŞ-ın rəsmi şəxslərinə müraciət edib. ABŞ prezidenti Barak Obama, ABŞ-ın dövlət katibi Hillari Klinton, ABŞ Nümayəndələr Palatasının (Konqresinin) sədri Nensi Pelosi, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Con Kerriyə ünvanlanan müraciətlərdə ABŞ prezidentinin Türkiyəyə səfərinin əhəmiyyəti vurğulanıb, bu səfərin Türkiyə və ABŞ arasındakı əlaqələrinin inkişafı, həmçinin, Dağlıq Qarabağ probleminin həlli istiqamətində önəmli rol oynayacağına inam ifadə edilib.
Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri son günlər Türkiyənin Ermənistanla sərhədləri açmasına dair məlumatların intensiv xarakter almasını da müraciətdə əsas elementlərdən biri kimi qeyd edib və bundan dərin narahatçılığını ifadə edib. Müraciətdə bildirilir ki, Azərbaycanın mövqeyini nəzərə almadan Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması gözlənilən effekti verməyəcək və əksinə, regionda mənfi tendensiyanın yaranması ilə nəticələnəcək. "Belə bir hadisənin baş verməsi Azərbaycanın Türkiyə ilə, o cümlədən, ABŞ ilə əlaqələrini gərginləşdirəcək. Sərhədlərin açılması regiondakı vəziyyətin daha da mürəkkəbləşməsi, bölgədəki sabitliyin pozulması ilə nəticələnə bilər." Azərbaycan Türkiyə İş Adamları Birliyinin sənəddə göstərilən səbəbləri nəzərə alınaraq ABŞ-ın bu məsələyə daha həssas yanaşmasını xahiş edir: "Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi baxımından ABŞ üçün əhəmiyyətini nəzərə alaraq, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə daha diqqətli yanaşacağınıza inanırıq".
Onu da xatırladaq ki, dünən İstanbulda Dünya Türk İş Adamları Qurultayı öz işinə başlayıb. Türkiyənin Xarici Ticarət Müstəşarlığı və Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) təşkilatçılığı ilə keçirilən "Dünya Türk Sahibkarlar Qurultayı"nda ATİB-i təmsil edən İdarə Heyəti sədrinin müavini Cemal Yangın Türkiyə Ermənistan sərhədlərinin açılması məsələsi barədə ATİB-in mövqeyini qurultay iştirakçılarının diqqətinə çatdırıb. ATİB-in sərhədlərin açılmasına etirazını ifadə edən bəyanat qurultay iştirakçılarına paylanılıb.

Digər xəbərlər