PDF Oxu

Əsas

  • 17

Tarix onun acı təcrübəsindən ibrət götürməyənləri çox sərt cəzalandırır

Tarix onun acı təcrübəsindən ibrət götürməyənləri çox sərt cəzalandırır
Son günlər Türkiyə Cümhuriyyətində baş verən proseslər, qardaş ölkənin Ermənistanla münasibətlərindəki dəyişikliklər, iki ölkə -Ermənistanla Türkiyə arasında sərhədlərin açılacağı ilə bağlı yayılan xəbərlər Azərbaycanın qadın qeyri-hökumət təşkilatları rəhbərlərini ciddi şəkildə narahat etməkdədir. Qardaş Türkiyənin ərazilərimizin bir qismini işğal altında saxlayan qəsbkar ölkə ilə hər hansı səviyyədə əlaqələr qurması təcavüzkar dövlətin yeni işğalçılıq planlarına rəvac verə bilər. Bu sözlər dünən "Atatürk" Mərkəzində Azərbaycanın qadın qeyri-hökumət təşkilatları rəhbərlərinin keçirdikləri dəyirmi masada səsləndirildi.
Tədbiri giriş sözü ilə açan "Gender və insan hüquqları" ictimai birliyinin sədri, filologiya elmlər doktoru Rəna Mirzəzadə bildirdi ki, Azərbaycan və Türkiyə xalqlarını çoxəsrlik qardaşlıq münasibətləri birləşdirir: "Zəngin tariximizin, milli adət-ənənələrimizin, dil və dinimizin ortaq dəyərləri bizi daha da doğmalaşdırır, yaxınlaşdırır. Təsadüfi deyil ki, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Paşa Atatürk Azərbaycanla münasibətlərə yüksək əhəmiyyət vermişdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev isə iki ölkə arasındakı münasibətlərin "Bir millət-iki dövlət" prinsipinə söykənərək inkişaf etdiyini bildirmişdir".
R.Mirzazədə qeyd etdi ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra yüksələn xətlə inkişaf edən qarşılıqlı münasibətlər, məhz bu təməl üzərində strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Təəssüf ki, bədnam erməni amili istər Türkiyənin, istərsə də Azərbaycanın inkişafı qarşısında ciddi əngəl kimi qalmaqdadır: "böyük Ermənistan" xülyası ilə yaşayan, qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkməyən erməni millətçiləri bu gün də öz bədxah əməllərini davam etdirirlər. Türkiyə Cümhuriyyətinə qarşı qondarma "erməni soyqırımı" və ərazi iddiaları ilə çıxış edən Ermənistan və erməni diasporu türk xalqının humanist imicinə xələl gətirməyə, qardaş ölkənin beynəlxalq mövqeyini zəiflətməyə və mənfur niyyətlərini gerçəkləşdirməyə çalşırlar".
"Universitet Təhsilli Qadınlar Cəmiyyəti"nin sədri Tamam Cəfərova qardaş ölkənin təcavüzkar Ermənistanla sərhədlərini açacağı barədə məlumatların Azərbaycan qadınlarının narazılığına səbəb olduğunu qeyd etdi: "Bu xəbərlər bizi ciddi şəkildə narahat edir. Türkiyə-Azərbaycan dostluğu təhlükə altındadır. Tarixən xalqlarımız ümummilli məsələlərdə vahid mövqedən çıxış ediblər. Türkiyə ilə Azərbaycan xalqlarını çoxəsrlik qardaşlıq münasibətləri, mənəvi bağlılıq birləşdirir. Respublikamız müstəqilliyi əldə etdikdən sonra yüksələn xətlə inkişaf edən qarşılıqlı münasibətlər, məhz bu təməl üzərində strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Bunu da qeyd edim ki, artıq 21 ildir ki, Ermənistan Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın ələ keçirilməsi məqsədilə açıq mübarizəyə başlamış və ölkəmizə hərbi təcavüz etmişdir. Xarici qüvvələrin dəstəyindən yararlanan Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, bir milyon soydaşımız yurd-yuvasından didərgin düşmüşdür.
Azərbaycan xalqı erməni təcavüzünə qarşı mübarizədə daim qardaş Türkiyənin dəstəyinə güvənmiş, türk xalqının mənəvi və əməli yardımından bəhrələnmişdir. Türkiyə hökuməti Ermənistanın əsassız iddialarına və Azərbaycan torpaqlarını işğal altında saxlamasına cavab olaraq, bu ölkə ilə diplomatik münasibətlər qurmaqdan imtina etmiş və sərhədləri bağlamışdır. Eyni zamanda, gənc dövlətimiz Türkiyə Cümhuriyyətinin mənafelərini həmişə uca tutmuş, qardaş türk xalqına mənəvi dəstəyini əsirgəməmişdir. Məlumdur ki, türk birliyinin qüdrətindən çəkinən xarici qüvvələr daim Azərbaycan-Türkiyə münasibətlərində soyuqluq yaratmağa, xalqlarımızın vəhdətini pozmağa çalışırlar".
Sabiq deputat Tərlan Musayeva qeyd etdi ki, Azərbaycan xalqı erməni təcavüzünə qarşı mübarizədə qardaş Türkiyənin dəstəyinə güvənmiş, türk xalqının mənəvi və əməli yardımından bəhrələnmişdir. Lakin türk birliyinin qüdrətindən çəkinən xarici qüvvələr daim Azərbaycan-Türkiyə münasibətlərində soyuqluq yaratmağa, xalqlarımızın vəhdətini pozmağa çalışırlar. Təəssüf ki, son vaxtlar bölgədə yerləşən dövlətlərin əməkdaşlığı adı altında Azərbaycanla Türkiyənin mənafelərinə zidd olan proseslərə rəvac verilmişdir. "Həsrət Yolu, Əsir və Girovlara Kömək" İctimai Birliyinin sədri Esmira Orucova Ermənistanın türk və Azərbaycan xaqlarına qarşı yürütdüyü qəddar siyasətə heç bir dövlət mənafeyi ilə bəraət qazandırılmasının mümkün olmadığını vurğulayaraq, bədnam qonşularımızın törətdiyi faciələri bəşəriyyətə qarşı cinayət adlandırdı: "Ermənistanın respublikamıza qarşı dövlət səviyyəli işğalçılıq müharibəsi nəticəsində 4 mindən çox vətəndaşımız itkin düşüb. Həmin şəxslər arasında qadınlar və azyaşlı uşaqlar da var. Azad edilmiş 1400 nəfər əsirlikdə fiziki işgəncələrə məruz qalıb. Onlardan 400-ü qadınlardır. Təəssüf ki, əsirlikdə fiziki işgəncələrə məruz qalmaları səbəbindən girovların 50-si dünyasını dəyişib. Fiziki işgəncələrlə üzləşmiş bir neçə vətəndaşımız ruhi xəstədir. Ermənilər heç bir hüquq normalarına riayət etmədən, Cenevrə Konvensiyasına zidd olaraq əsirlikdə olan qadın və qızlarımıza işgəncə veriblər".
"Qadın və İnkişaf" İctimai Birliyinin vitse-prezidenti Şövkət Xanməmmədova qeyd etdi ki, son vaxtlar Ermənistandan sui-istifadə olunaraq, bölgədə əməkdaşlığın inkişafı adı altında Azərbaycan və Türkiyənin mənafelərinə zidd olan proseslərə rəvac verilmişdir. Təsadüfi deyil ki, erməni diasporunun təhriki ilə bir sıra beynəlxalq qüvvələr regional siyasi və iqtisadi inteqrasiya proseslərindən təcrid olunmuş Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxarmağa, nə keçmişi, nə də gələcəyi olmayan bu ölkəyə "süni nəfəs" verməyə səy göstərirlər. Əfsuslar olsun ki, bu cəhdlərin mərkəzində qardaş Türkiyə Cümhuriyyətinin adı daha çox hallanmaqdadır. Yaxın günlərdə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı haqqında məlumatlar gündən-günə intensiv xarakter alır. "Biz - Azərbaycan qadınları, belə məlumatların yayılmasından narahatlığımızı sizlərə çatdırmağı zəruri sayırıq."
Dəyirmi masada çıxış edənlər onu da qeyd etdilər ki, ölkə qadınları Türkiyə və Azərbaycan xalqları arasında münasibətlərin inkişafında mühüm rol oynamışlar. Xanımlarımız indi də dost dövlətlərin əməkdaşlığının müxtəlif aspektlərinə layiqli töhfə verirlər. Bu baxımdan, Ermənistanla sərhədlərin açılması məsələsinə Türkiyə qadınlarının da kəskin etiraz bildirmələri vacibdir.
Tədbirdə çıxış edənlər Türkiyə qadınlarına müraciət edərək bu məsələdə səslərini ucaltmağa, qardaş ölkələrimizin birliyinə kölgə salan, bədxahların maraqlarına xidmət edən addımların qarşısının alınması istiqamətində səylərini artırmağa çağırdılar.

Digər xəbərlər