BARAK OBAMA İLHAM ƏLİYEVƏ NİYƏ ZƏNG VURMUŞDU?
ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı, son günlər regionda yaşanan geosiyasi hadisələrin ən diqqətçəkən məqamlarından biri hesab edilə bilər. İki gün ərzində Türkiyədə apardığı gərgin danışıqlardan sonra Barak Obamanın belə bir jest etməsi, təbii ki, ən müxtəlif rakurslardan təhlil edilir. Mövzunu aktuallaşdıran amillərdən biri də odur ki, Barak Obama hələ İstanbulda Azərbaycan Prezidenti ilə görüşmək niyyətində idi. Hətta bununla əlaqadar israrlı xahişlər də olunmuşdu...
Lakin məlum olduğu kimi, Türkiyənin İstanbul şəhərində keçirilmiş Mədəniyyətlərarası Forumda iştirak etmək üçün ABŞ-ın dövlət katibi Hillari Klinton, Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanın israrlı xahişlərinə baxmayaraq, Azərbaycan Prezidenti bu dəvətdən imtina etdi. Dövlət başçısının bu addımı birmənalı olaraq ölkəmizin milli maraqlarına olan həssas münasibəti ifadə edir. Hər üç rəsmi şəxs telefonla Prezidendən toplantıya qatılmalarını rica etsələr də, cənab İlham Əliyev öz prinsipial mövqeyindən dönmədi.
Bu jestlə sübut etdi ki, ölkənin milli maraq və mənafeləri Onun üçün ən ümdə vəzifədir və heç bir təzyiq, xahiş və reallıq onu bu fikirdən döndərə bilməz. Əslində, bu, Türkiyənin Ermənistanla sərhədləri açmaq niyyətinə açıq etiraz idi. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə rəsmiləri gec-tez Azərbaycanın haqlı mövqeyini qəbul etməli olacaq, lakin belə bir vaxtda Türkiyənin Ermənistanla danışıqlarda Dağlıq Qarabağ şərtindən imtina etməsi, Azərbaycanın haqlı mövqeyini kənara qoyaraq ermənilərlə əlaqələri bərpa etmək istəməsi, təbii ki, Azərbaycanı razı sala bilməz. Rəsmi Bakı dəfələrlə rəsmi Ankaranı xəbərdar etsə də, erməni fitnəsinə getməməyə, Azərbaycanı savaş meydanında tək qoymamağa çağırsa da, AKP inadından dönmək istəmir.
İstanbul sammitində iştirak edən ABŞ prezidenti Barak Obamanın əsas məqsədi də, Türkiyə ilə Ermənistanı yaxınlaşdırmaq, sərhədlərin açılmasına nail olmaq idi. B.Obama istəyini səfərin elə birinci günü dilə gətirdi. Hələ senator olarkən "erməni soyqırımı"nı dəstəkləmiş Barak Obama jurnalistlərin suallarını cavablandırarkən, hələ də bu mövqeyində qaldığını, amma Ankara ilə Yerevan arasında əlaqələrin gedişindən razı qaldığını bildirib. Bu, o deməkdir ki, Ankara sərhədləri açmasa, aprelin 24-dəki ənənəvi bəyanatında qondarma "soyqırımı" tanıya bilər. Ankaranın təhdid altında olduğu bəllidir. Amma Türkiyə böyük dövlətdir, erməni iftiralarına qarşı dirəniş göstərmək gücündədir. Türkiyə işğalçı Ermənistana "ikinci nəfəs" vermək funksiyasını öz üzərinə götürməməlidir. Sərhədlər açılsa, Ermənistan böhrandan çıxacaq, amma bu dövlətin ilhaqçı siyasətindən əl çəkəcəyinə, dirçəlib başqa ərazilər iştahasına düşməyəcəyinə kim zəmanət verər?
Bu baxımdan, heç şübhəsiz ki, Azərbaycan Prezidentinin atdığı addım doğrudur və bu qətiyyətli addım işğalçı Ermənistanı, ərazisi işğal edilmiş Azərbaycanla eyni tərəziyə qoyan, işğalçını adı ilə çağırmayan və öz bəd əməllərindən çəkindirməyən ədalətsiz dünyaya etirazın ən kəsərli formasıdır. Həm də Azərbaycan Prezidenti bu addımı ilə rəhbərlik etdiyi dövlətin maraqlarını hər şeydən uca tutduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, Türkiyənin gələcəyini düşünməyərək, türk dünyasının maraqlarını yerə vuraraq ermənilərlə dostlaşma siyasətini davam etdirən AKP-yə də ciddi bir mesajdır. Bu qətiyyətli addım Azərbaycanın haqqının tapdanmasına göz yuman, işğalçını bəsləyən dünyaya, superdövlətlərə bir mesajdır ki, Azərbaycan, nəyin bahasına olursa-olsun, ərazilərinin itirilməsi ilə barışmayacaq, gez-tez öz torpaqlarını işğaldan azad edəcək.
ABŞ prezidentinin cənab İlham Əliyevlə telefon söhbətinə gəldikdə isə, rəsmi Vaşinqtonun Azərbaycanla strateji tərəfdaşlıq siyasətini davam etdirmək niyyətində olduğu birmənaldır. ABŞ və Azərbaycanın ortaq strateji maraqları var və bu maraqlar ötən illərin sınaqlarından uğurla çıxıb. Xüsusilə, enerji təhlükəsizliyi və neft-qaz kəmərlərinin diversifikasiyası mövzusunda bu maraqlar tamamilə üst-üstə düşür.
Lakin hazırkı situasiyada ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana hansı dəstəyi verəcəyi qeyri-müəyyən olaraq qalır. Ən azı, ona görə ki, ABŞ-ın yeni prezidenti də Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasında göstərilən səyləri dəstəkləyir. Barak Obamanın ABŞ-ın Dağlıq Qarabağ danışıqlarında Azərbaycanın ərazi bütövlüyü, yoxsa Dağlıq Qarabağ ermənilərinın "öz müqəddəratını həll etməsi" müstəvisindən yanaşdığı aydın görünmür. Hələ, üstəlik, Barak Obama qondarma "erməni soyqırımı"nın tanınmasının qatı tərəfdarı kimi çıxış edir və Türkiyə parlamentindəki çıxışından da aydın oldu ki, o, hələ də öz fikrində qalır.
Bununla yanaşı, ABŞ Prezidentinin Türkiyəyə səfəri ilə Ermənistanla Türkiyənin sərhədlərini açması məsələsi son aylarda növbəti dəfə gündəmə gəldi və bu məsələ rəsmi Vaşinqton tərəfindən təqdir edildi. Düzdür, sərhədlərin açılması məsələsi haqda söhbətlər hələ ötən il başladı. 2008-ci ilin noyabrında isə Türkiyə və Ermənistan yığmalarının oyununa baxmaq üçün Abdullah Gülün Yerevana səfər etməsi, niyyətlərin nə dərəcədə ciddi olduğundan xəbər verirdi. Bundan sonra iki ölkənin xarici işlər nazirləri də bir sıra görüşlər keçirdilər.
Lakin Barak Obamanın Ankaraya rəsmi səfərindən öncə, Türkiyənin baş naziri R.Ərdoğan rəsmən bildirdi ki, görüşdə həm də Ermənistanla münasibətləri müzakirə edəcəklər. Bundan sonra isə Türkiyənin Ermənistanla sərhəd bölgələrinin yerli hakimiyyət orqanları sərhədlərin açılmasının çox real olduğunu bildirdilər. Hətta Türkiyə mətbuatı konkret bir tarix də göstəridi. Bu və digər faktlar bir daha ABŞ və Türkiyə hökumətlərinin Ermənistanla işbirliyini ifadə edir və onu göstərir ki, AKP iqtidarı ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlıq naminə belə çətin güzəştlərə hazırdır.
Lakin fərqli düşünənlər də var. Belə ki, Türkiyənin "Hürriyyət" qəzetinin redaktoru Barçin İnancın sözlərinə görə, əslində, mətbuatda yazılanları tam ciddi qəbul etmək tam da doğru olmazdı: "Türkiyə mətbuatı sərhədlərin mümkün bərpasıyla bağlı bir qədər şişirdilmiş hay-küy qoparıb, eyni zamanda, Azərbaycan hökumətinin narahatlıqları da kölgədə qalıb. İndi bilirik ki, Azərbaycan hökuməti bundan çox məyus olub, amma, əslində, nə Türkiyə mətbuatında, nə də siyasi dairələrdə Ermənistanla münasibətlərin normallaşmasının Azərbaycanla münasibətlərə necə təsir edəcəyiylə bağlı heç o qədər müzakirələr aparılmayıb". Xanım İnancın fikrincə, əslində, bu cür söhbətlərin ortaya çıxması çox qəribədir. Çünki həm türk mediası, həm də rəsmi Ankara Azərbaycanla münasibətlərə böyük önəm verir. Çünki iki qonşunun münasibətlərində hər zaman "Bir millət, iki dövlət" şüarı hakim olub.
Ekspertlərin fikrincə, münasibətlərin korlanması Türkiyənin özünə də sərf eləməyəcək. Çünki Azərbaycanın əlində çox güclü enerji kartı var. Həm Avropa Birliyi, həm ABŞ, Avropaya Rusiyadan keçməyən neft-qaz kəmərləri layihəsində - "Nabucco" enerji dəhlizinin yaradılmasında maraqlıdır. Bu layihənin əsas halqası Azərbaycan qazı və Azərbaycanın ərazisidir. Üstəlik, Türkiyə də bu layihədə çox maraqlıdır. Həm öz daxili ehtiyaclarını ödəmək üçün, həm də enerji tranzitində önəmli rola sahib ola bilmək üçün. Odur ki, buradan belə bir sual ortaya çıxır ki, rəsmi Ankara bu qədər milli, ideoloji və iqtisadi dəyərləri Yerevanla münasibətəri yaxşılaşdırmaqdan ötrü özünü risqə ata bilərmi? "Türkiyə" qəzetinin yazarı İsmail Kapanın cavabı qətidir: "Yox". "Biz deyə bilmərik iki ölkə arasında sərhədlər açılmaq üzrədir. Azərbaycanla Ermənistanın problemi həll olunmayınca, bu, mümkün olan iş deyil. Türkiyə hələ də qonşularıyla problemsiz münasibətlər yaratmağın tərəfdarıdır".
O zaman Ankara nədən Ermənistanla sərhədlərin açılması məsələsində bu qədər irəli gedib? Ekspertlərin fikrincə, bu, birbaşa olaraq "erməni soyqırımı" iddiası və ABŞ prezidenti Barak Obamanın da bu iddianı dəstəkləyən çıxışları ilə bağlı ola bilər. Bu baxımdan, Barak Obamanın səyləri aydınlaşır. Lakin fakt faktlığında qalır ki, rəsmi Bakı öz mövqeyindən zərrə qədər də olsun geri çəkilməyəcək...