PDF Oxu

Əsas

  • 19

Bakıda Xəzəryanı dövlətlərin nəqliyyat nazirlərinin iclası keçirildi

Bakıda Xəzəryanı dövlətlərin nəqliyyat nazirlərinin iclası keçirildi
Dünən "Yaxta Klub"da Xəzəryanı dövlətlərin nəqliyyat nazirlərinin birinci iclası keçirildi. Nazirlərin görüşündə Xəzəryanı dövlətlərin nəqliyyat infrastrukturu, regionun nəqliyyat potensialından effektiv istifadə yolları, Xəzər dənizi regionunda multimodal daşımalar və onun sonrakı inkişaf perspektivləri məsələləri müzakirə edildi.
Tədbiri giriş sözü ilə nəqliyyat naziri Ziya Məmmədov açdı. O bildirdi ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin iştirakçılarından biri olan İranla razılığa gəlinib və onlar bütün işləri İran Astarasına qədər tamamladıqdan sonra, Azərbaycan tərəf dəmir yolunun çəkilişinə başlayacaq: "Bu zaman xətlərin qoşulması eyni vaxtda baş tutacaq".
Tədbirdə çıxış edən Rusiyanın nəqliyyat naziri İqor Levitin ölkələr arasında nəqliyyat infrastrukturunun fəaliyyətinin gücləndirilməsi üçün bu sahədə səylərin artırılmasının vacibliyini diqqətə çatdırdı. O, vurğuladı ki, nəqliyyat infrastrukturu vasitəsilə tərəflərin yüklərinin daşınması təmin edilir və bu gün dünya maliyyə iqtisadi böhranı fonunda buna böyük əhəmiyyət verilməlidir: "Rusiya hökuməti antiböhran tədbirləri görmək üçün yeni nəqliyyat infrastrukturunun inşası üçün 2009-cu ildə bir sıra proqramlar həyata keçirir".
Rusiyalı nazir onu da bildirdi ki, Rusiya, İran və Azərbaycan arasında yeni dəmiryolunun inşası gündəmdə olan məsələdir. Burada  məqsəd Şimal-Cənub dəhlizi vasitəsilə yükdaşımaların dövriyyəsini asanlaşdırmaq və tezləşdirməkdir. O, həmçinin, avtomobil yükdaşımalarda problemlərin olduğunu bildirdi: "Əsas problem ölkələrin sərhəd zonalarında hökm sürür. Eyni zamanda, hava yolu vasitəsilə  yükdaşımalarda problem yoxdur".
Xatırladaq ki, Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin Bakıda keçirilən görüşündə  Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Abilyazi Kusanov və Türkmənistanın dəmiryol nəqliyyatı naziri Dəryaqulu Məhəmmədquliyev iştirak edirdi. Tədbirin sonunda rəsmi sənəd imzalandı.

Digər xəbərlər