(Əvvəli ötən sayımızda)
Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində həmin ərazilərdə mövcud olan infrastruktur tamamilə məhv edildi. Kəndlər, şəhərlər, qəsəbələr xarabazara çevrildi, 10 minlərlə günahsız insanlar qətlə yetirildi. Bədnam ermənilərin xalqımıza qarşı etdiyi bütün işgəncələr və torpaq iddiaları 1988-ci ildən başlanan elan edilməmiş müharibədə daha kəskin və qızğın bir məcraya keçdi. Ermənilər Dağlıq Qarabağın tamamilə işğalını həyata keçirmək üçün ən strateji rayonların ələ keçirilməsini başlıca prinsip kimi qarşılarına qoymuşdular. Bu məqsədlə ermənilər 1993-cü ilin mart ayının əvvələrindən başlayaraq Kəlbəcər rayonunun ələ keçirilməsi istiqamətində növbəti hücuma keçdilər. Davamlı şəkildə rayonu təhlükə altında saxlayan erməni mənfurları, aprel ayının 1-dən 2-nə keçən gecə daha intensiv şəkilədə hücumlarını davam etdirərək Kəlbəcəri işğal etdilər. Məhz Kəlbəcəri işğal etməklə bədnam ermənilər Dağlıq Qarabağ müharibəsində üstünlüyü bütövlüklə əlllərinə almış oldular. Artıq həmin işğaldan 16 il keçməsinə baxmayaraq, bu hadisə xalqımızın yaddaşında olduğu kimi qalmaqdadır.
Kəlbəcərin işğalının 16-cı ildönümü ilə bağlı "Səs" qəzeti olaraq keçirdiyimiz dəyirmi masada Kəlbəcər rayon icra hakimiyyəti başçısının müavini Novruz Çıraqov, Kəlbəcər rayon 108 saylı məktəbin müəllimi, şair Mirsəyyat Zamanlı, şəhid atası Hüseyn Cəfərov, Kəlbəcər rayon 108 saylı məktəbin direktoru Sahib Əsədov, Kəlbəcər rayonundan məcburi köçkün Tural Əhmədov, Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini Şəmistan Əlizamanlı, Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərim, yazıçı-publisist Pərviz Eltay, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov, Azadlıq Hərkatçılar Birliyinin sədri Təhmasib Novruzov, ADPU-nun pedaqogika və psixologiya fakültəsinin dekan müavini, dos. Allahyar İmanov, "Dövlət QaçqınKom"un Beynəlxalq əlaqələr və informasiya departamentinin direktoru Sənan Hüseynov, ADPU-nin kafedra müdiri, prof. Yusif Əhmədov, yazıçı-publisist Məhəmməd Nərimanoğlu iştirak edirdilər.
Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev Kəlbəcərin işğalı ərəfəsində o dövr ictimai-siyasi proseslərin və işğala şərait yaradan amillərin nədən ibarət olduğunu bildirdi. İşğalın səbəbləri və bunun qarşısının alınması istiqamətində o dövrdə hakimiyyətdə olan qüvvələrin hər hansı bir tədbir görmək imkanlarının təzahürləri barəsində, Kəlbəcərin işğal olunmasına gətirib çıxaran səbəblərin geniş oxucu kütləsinə çatdırılması üçün konkret faktların səsləndirilməsinin vacibliyini bildirdi.
Yusif Əhmədov:
- Yadıma gəlir ki, Dadaş Rzayev zəng vurub soruşurdu ki, Kəlbəcəri Gorusun hansı istiqamətindən vurururlar? Müdafiə naziri olasan, respublikanın xəritəsini bilməyəsən. Kəlbəcər Gorusla deyil, Basarkeçərlə həmsərhəddir. Kəlbəcəri bu istiqamətdən atəşə tutmuşdular. Həmin vaxtlar general Zaur Rzayev də orada idi. O, çox yaxşı hərbçi idi. Onu əhali də çox istəyirdi. Z.Rzayev Laçında işğal edilən bir neçə kəndi ermənilərdən geri almışdı. Nədənsə, sonradan fikir dəyişildi, Z.Rzayevi oradan götürdülər və yerinə bir adamı göndərdilər - polkovnik Qənizadəni. O, Z.Rzayevin qurduğu bütün planların hamısını dağıtdı, bununla da başıpozuq vəziyyət yarandı. Kəlbəcərdə olan zaman İsgəndər Həmidova zəng etdim. Ondan xahiş etdim ki, Kəlbəcərə kömək, hava hücumu lazımdır. Çünki ermənilər Qaraqaya tərəfdən atırdılar. Piyada qoşunları oradan gəlib keçə bilməzdi. O da dedi ki, yerini dəqiq et, yarım saata kömək göndərirəm. Bu yarım saat 8 saat çəkdi. Bu müddətdən sonra iki təyyarə gəldi, boş yerlərə 5-10 bomba atdılar, geri qayıtdılar. Halbuki orada heç kim yox idi. Olsa idi, çox güman ki, bizimkilər olardı. Orada erməni yox idi. Soruşduq ki, niyə bizə kömək etmirsiniz, dedilər ki, pilotlar qorxub, havaya qalxmırlar. Bu da nədən irəli gəlirdi, yuxarıda qeyd etdiyim kimi, peşəkar hərbçinin olmamasından. Əgər hərbi vəziyyətədə komandir əmr verirsə, nəyə görə qalxmırsan? Stalinin vaxtında niyə qalxırdılar, çünki əmri icra etməyəni yerindəcə güllələyirdi. Cəza tədbirləri yox idi.
Kapitan Ağalarovun ölmündə də Qənizadənin günahı var idi, o, yenə cəzasız qaldı. İ.Həmidov mənə dedi ki, siz camaatı sakitləşdirin, qoymayın əhali rayonu tərk etsin. Həqiqətən də, biz orada çox çalışdıq, camaatın çıxmasına imkan vermədik. Çünki bizi inandırmışdılar ki, qüvvə gələcək, kömək edəcəklər. Qüvvə necə gəldi? Bir neçə vertalyotla hərbçilər gəldi, onlar meydançada yerə enib, tunel tərəfə gedib, yenidən geri qayıtdılar.
Hüseyn Cəfərov:
- Kəlbəcər heç vaxt işğal oluna bilməzdi. Kəlbəcər xəyanətin qurbanı oldu. 1905, 1918-ci illərdə ermənilərin ayağı Kəlbəcərə dəyməmişdi. Bəs indi nə cür oldu ki, kifayət qədər hərbçisi, gücü olan Kəlbəcər birdən-birə işğal olundu. Burada xəyanət var idi.
KƏLBƏCƏRDƏ XƏYANƏT FAKTI VAR İDİ
Novruz Çıraqov:
- Əgər sənin iradəni ifadə edən qüvvə varsa, onda heç vaxt işğal altında qala bilməzsən. Kəlbəcərdə bütün könüllü batalyonları ləğv etdilər, ordunu buraya gətirdilər. Ordu gələn kimi başıpozuluq baş aldı getdi. O vaxt Kəlbəcərin bütün ziyalıları, veteranlar, əlillər hamısı Əbülfəz Elçibəyə, Pənah Hüseynova teleqramlar göndərirdilər ki, Kəlbəcər əldən gedir. Onlar neynədilər? Kəlbəcərin yeganə yolu o vaxtı Ağdərədən keçirdi. Orada keçid var idi ki, həmin keçidi minalardan təmizlədilər. Görünür, burada xəyanət var idi. Sən görürsən ki, düşmən hücuma keçir, nəyə görə həmin ərazini minalardan təmizləyirsən? Martın 28-də Ağdaban kəndindən də minaları təmizlədilər. Əhalidə olan silahları yığışdırdılar. Bunlar bəlkə də səriştəsiz deyildi, hansı xarici qüvvə bunalara təsir edirdi? Bəli, Kəlbəcərdə xəyanət faktı var idi.
O VAXTKI VƏZİFƏLİLƏRİN ƏKSƏRİYYƏTİNİN EVİNDƏ ERMƏNİ ÜMAYƏNDƏLƏRİ VAR İDİ
Allahyar İmanov:
- Kəlbəcəri istənilən vaxt almaq çox çətin idi. Kəlbəcəri özbaşına buraxmışdılar. Ordu əhalidən qabaq qaçmışdı. Laçının özündə də ordu əhalidən qabaq qaçımışdı. İş görən adamları uzaqlaşdırıb, səriştəsizləri iş başına gətirirdilər. Ona görə də ermənilər torpaqlarımızı işğal etdilər. Öz iyrənc siyasətlərini yerinə yetirdilər. O vaxtkı vəzifəlilərin əksəriyyətinin evində erməni nümayəndələri var idi. Onlar istənilən vaxtı məlumat ötürürdülər. Hər şey bizim başımıza unutqanlığımızdan gəlir.
ERMƏNİLƏR TARİXİN BİZİM XALQA URCAH ETDİYİ BİR BƏLADIR
Şəmistan Əlizamanlı:
- Ermənilərin iç üzü hamıya bəllidir. Ermənilər Tanrının, tarixin bizim xalqa urcah etdiyi bir bəladır. Onlar heç vaxt bizdən əl çəkmiyəcəklər, necə ki, bu günə qədər əl çəkməyiblər. Onların məqsədi "böyük Ermənistan" yaratmaqdır, xəritəsi ilə də tanışsınız. Zaman-zaman bunu reallaşdırmaq üçün bəzən açıq-açığına, çox vaxt isə gizlin mübarizə aparıblar. Nə qədər ki, bu ermənilər var, bizə rahatlıq yoxdur. Onun üçün hər kəs düşmənə qarşı mübarizə aparmaq istiqamətində əlindən gələni etməli, fəal olmalıdır. Biz də tarixi dədə-baba torpaqlarımızı itirmişik. Ermənilərin iddiaları qarşısına Bütöv Azərbaycan ideyasını qoyub, bu istiqamətdə fəaliyyətimizi qurub, dədə-baba torpaqlarımızı bərpa etməliyik.
Təhmasib Novruzov:
- 1993-cü il dekabrın 21-də Nəcməddin Sadıqov Əbülfəz Elçibəyə zəng vurdu. Bildirdi ki, 3 günə bayrağı Xankəndinə sancırıq. Sizi əmin edim ki, 3-4 günə bayrağın Xankəndinə sancılacağına şübhə yox idi. Çox geniş plan hazırlanmışdı. Ə.Elçibəy N.Sadıqova böyük vədlər vermişdi. Əvvəlki proqrama görə hərbi briqadanın ehtiyat qüvvəsi ilə hücum başlanacaqdı. Ancaq səhvən hərbi briqadanı özünün yerləşdiyi yerə gətirdilər. Hərbi briqadanın komandiri Talıb Məmmədov idi. Həmin yerdə yarım saatdan sonra partlayış baş verdi və 35 əsgərimiz həlak oldu. Surət Hüseynov oradan təcili olaraq vertolyota oturub, Gəncəyə qaçdı. Xəbər göndərdi ki, mən artıq bu əməliyyatda iştirak etmirəm. Bununla yanaşı S.Hüseynov Kəlbəcər istiqamətində olan qüvvə və texnikaları geri çəkmişdi. Əməliyyat birtərəfli getdi. 385 şəhidlə əməliyyatı uduzub, geri qayıtdıq.
Sənan Hüseynov:
- Dünyada informasiya müharibəsi gedən bir dövrdə həqiqətlərimizi dünyaya çatdırmaq çox vacib məsələdir. Qaçqın və məcburi köçkünlərin problemləri daim ölkə Prezidentinin diqqət mərkəzində olub və olmaqdadır. Bilirsiniz ki, ümummilli liderimiz Heydər Əliyev qeyd etmişdir ki, "qaçqınların və məcburi köçkünlərin problemləri ölkənin və şəxsən mənim bir nömrəli problemidir". Cənab İlham Əliyev də bildirib ki, "ölkənin siyasəti dəyişməz olaraq qalır, qaçqın və məcburi köçkünlərin problemləri ölkənin bir nömrəli problemidir". Təbii ki, bu sahədə çox böyük işlər görülür, son dövrlərdə çadır şəhərciklərin ləğvi və digər məsələlər, konkret olaraq Kəlbcərdən olan məcburi köçkünlər dövlət tərəfindən verilən bütün imtiyazlardan istifadə edirlər. Dövlət Proqramı qəbul olunubdur. Həmin Dövlət Proqramında nəzərdə tutulub ki, Kəlbəcər rayonundan olan 596 məcburi köçkünə Goranboy rayonunda yeni qəsəbə salınsın. Sosial problemlərinin həlli ilə bağlı digər məsələlər nəzərdə tutulub və tədricən həyata keçiriləcək.
KƏLBƏCƏRİN İŞĞALI DÜNYA TARİXİNƏ QANLI HƏRFLƏRLƏ YAZILASIDIR
Mirsəyyat Zamanlı:
- Kəlbəcərin faciəsi Dədə Şəmkirin göz açdığı Ağdaban kəndindən başladı. Kənd bir günün içində 30 nəfər şəhid verdi. Kəlbəcər 1992-ci ilin aprel ayının 3-ə qədər mühasirədə idi. Kəlbəcərin 511 nəfər şəhidi var, 7-14 yaşlı körpə uşaqlar şəhid olub. Bütün bunlar dünya tarixinə qanlı hərflərlə yazılası bir rəqəmdir. Kəlbəcərin 232 girovu var. Murovda donan körpələri demirəm. Kəlbəcərin işğalının başqa bir səbəbi var. Bunu hamı çox gözəl bilir. Birinci səbəbi odur ki, tarix boyu Kəlbəcərin gözəlliyi ermənin gözünə ox olub. Oranın təbii sərvətləri adı ilə tanınır. Dünyada ikinci yerdirir ki, həm ağ, həm də qırmızı civə mədənləri var. Azərbaycan ermənilərə çox güzəştlər edib. İrəvan xanlığından üzübəri tutmuş ərazilər Vedi, Ağbaba, Dərələyəz, Göyçədən ibarətdir. Təkcə Kəlbəcərin yeraltı, yerüstü sərvətləri bir yana dursun, erməni 16 ildir ki, Kəlbəcərdən götürdüyü istisuyun gəlirini 100 il bundan sonra təzminat şəkilində bizə ödəsə, o borcun altından çıxa bilməz.
(Ardı var)