200 ildən artıq Azərbaycan ərazilərinə yerləşdirilmiş ermənilər son vaxtlara qədər torpaqlarımıza qarşı iddialar edərək, erməniləşdirmə siyasəti həyata keçiriblər. Ermənilər bu planın həyata keçirilməsi üçün onlara köməklik göstərən böyük dövlətlərin qulluğunda müntəzir durmuşdular. Bu tarixi proseslər ona gətirib çıxarırdı ki, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı qırğınlar, soyqırım, deportasiyalar həyata keçirilmişdi. Tarixi ərazilərimizdən sıxışdırılıb çıxarılan soydaşlarımız ermənilərin özləri üçün "böyük Ermənistan" yaratmaq istəyinin qurbanına çevrilmişdilər. Azərbaycanın tarixi, əzəli və əbədi topaqları olan Qarabağı mənimsəmək, erməniləşdirmək bunların qarşısında duran ən başlıca vəzifə olmuşdu.
Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində həmin ərazilərdə mövcud olan infrastruktur tamamilə məhv edildi. Kəndlər, şəhərlər, qəsəbələr xarabazara çevrildi, 10 minlərlə günahsız insanlar qətlə yetirildi. Bədnam ermənilərin xalqımıza qarşı etdiyi bütün işgəncələr və topaq iddiaları 1988-ci ildən başlanan elan edilməmiş müharibədə daha kəskin və qızğın bir məcraya keçdi. Ardıcıl olaraq Azərbaycanın dilbər güşələrini işğal edən mənfur ermənilər, Dağlıq Qarabağın tamamilə işğalını həyata keçirmək üçün ən strateji rayonların ələ keçirilməsini başlıca prinsip kimi qarşılarına qoymuşdular. Bu məqsədlə ermənilər 1993-cü ilin mart ayının əvvələrindən başlayaraq Kəlbəcər rayonunun ələ keçirilməsi istiqamətində növbəti hücuma keçdilər. Davamlı şəkildə rayonu təhlükə altında saxlayan erməni mənfurları, aprel ayının 1-dən 2-nə keçən gecə daha intensiv şəkilədə hücumlarını davam etdirərək Kəlbəcəri işğal etdilər. Məhz Kəlbəcəri işğal etməklə bədnam ermənilər Dağlıq Qarabağ müharibəsində üstünlüyü bütövlüklə əlllərinə almış oldular. Artıq həmin işğaldan 16 il keçməsinə baxmayaraq, bu hadisə xalqımızın yaddaşında olduğu kimi qalmaqdadır.
Kəlbəcər işğalının 17-ci ildönümü ilə bağlı "Səs" qəzeti olaraq keçirdiyimiz dəyirmi masada Kəlbəcər rayon icra hakimiyyəti başçısının müavini Novruz Çıraqov, Kəlbəcər rayon 108 saylı məktəbin müəllimi, şair Mirsəyyat Zamanlı, şəhid atası Hüseyn Cəfərov, Kəlbəcər rayon 108 saylı məktəbin direktoru Sahib Əsədov, Kəlbəcər rayonundan məcburi köçkün Tural Əhmədov, Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini Şəmistan Əlizamanlı, Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərim, yazıçı-publisist Pərviz Eltay, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov, Azadlıq Hərkatçılar Birliyinin sədri Təhmasib Novruzov, ADPU pedaqogika və psixologiya fakültəsinin dekan müavini, dos. Allahyar İmanov, "Dövlət QaçqınKom"un Beynəlxalq əlaqələr və İnformasiya departamentinin direktoru Sənan Hüseynov, ADPU-nin kafedra müdiri, prof. Yusif Əhmədov, yazıçı-publisist Məhəmməd Nərimanoğlu iştirak edirdilər.
Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev Kəlbəcərin işğalı ərəfəsində o dövr ictimai-siyasi proseslərin və işğala şərait yaradan amillərin nədən ibarət olduğunu bildirdi. Təklif etdi ki, işğalın səbəbləri və bunun qarşısının alınması istiqamətində o dövrdə hakimiyyətdə olan qüvvələrin hər hansı bir tədbir görmək imkanlarının təzahürləri barəsində, Kəlbəcərin işğal olunmasına gətirib çıxaran səbəblərin geniş oxucu kütləsinə çatdırılması üçün konkret faktların səsləndirilməsinin vacibliyini bildirdi.
RAYON RƏHBƏRLİYİ YUXARINI DÜZGÜN MƏLUMATLANDIRMIRDI
Yusif Əhmədov:
- Kəlbəcərin işğalı günündə orada olmuşam. Mart ayının 25-26-da, o vaxtı Prezident Aparatından məsləhət bildilər ki, kəlbəcərlilərdən ibarət cəmiyyət yaratsınlar və bununla da Kəlbəcərin müdafiəsinə əllərindən gələn yardımı göstərsinlər. O vaxtı Tibb Univesitetinin dosenti Bəhram Sarıyevlə məni Kəlbəcərə göndərdilər. O dövrdə rayon rəhbərliyi yuxarını düzgün məlumatlandırmır, vəziyyətin ağır olduğunu demirdilər. Əslində, bunların fikri belə idi ki, əgər biz burdayıqsa, hər şey öz qaydasındadır. Əslində onlar Kəlbəcəri müdafiəsiz qoymuşdular. Rayonda ancaq özünümüdafiə dəstələri var idi. Onlara Ağdərə, eləcə də Ermənistanın Vardenis rayonu istiqamətindən hücumlar olurdu. Hələ o vaxt, onlar "Qrad" qurğuları ilə atır, rayonun mərkəzini, vertolyot meydançasını bombalayırdılar. O vaxt müdafiə, daxili işlər nazirlikləri ilə əlaqə saxlayırdıq ki, vəziyyət çox gərgin idi, Kəlbəcərə kömək lazım idi. Ancaq o vaxtkı müdafiə naziri Dadaş Rzayevlə birbaşa əlaqə saxlaya bilmmirdik. Deyirdilər ki, Kəlbəcəri icra başçısı İlham Həsənov satdı. Ancaq İ.Həsənov istəsə də, nə Kəlbəcəri sata bilərdi, nə də ala bilərdi. Kim onu satqın kimi qələmə verirsə, bununla qətiyyən razılaşmıram. Ancaq öz kürsülərini saxlamaq üçün hər şey yaxşıdır - deyib düzgün məlumat vermirdilər. Bax, belə vəziyyətlər də var idi.
ƏHALİDƏ ERMƏNİLƏRİN HÜCUMU BARƏDƏ CİDDİ VAHİMƏ YARANMIŞDI
Hüseyn Cəfərov:
- Həmin vaxtı Kəlbəcərdə daxili işlər orqanı işçiləri vicdanla vuruşurdular. Rayonu yerli özünümüdafiə batalyonu qoruyurdu. Onlar qoruyan günə qədər həmin əraziyə erməni ayağı dəymədi. Bir müddətdən sonra ordu gəldi və yerli özünümüdafiə batalyonunu tərkisilah etdilər ki, rayonu özümüz qoruyacağıq.
Əhalidə ermənilərin hücumu barədə ciddi vahimə yaratmışdılar. Həmin vaxt Kəlbəcərdə olan alay komandiri Qənizadə, biz yol idarəsində işləyən vaxt həmin idarəyə verilmiş 10 t həcmində yanacağı kecə vaxtı bazadan aparmışdı. Səhərisi gün bizə məlumat verdilər ki, Qənizadə avtomatla bazanın kilidini sındararaq yanacağın hamısını aparıb. Ondan soruşdum ki, yoldaş Qənizadə nəyə görə, bu işi görmüsünüz? O da cavabında bildirdi ki, bizə təcili olaraq yanacaq lazım idi. Ona bildirdim ki, siz odlu silahla yanacaq bazasına atəş açmısınız, bu isə böyük təhlükə yaradıb və bunun təhlükəsizliyinə biz cavabdehik. Həmin vaxtı mən nazirə teleqram vurub, baş verən hadisə barəsində məlumat verdim və bildirdim ki, belədirsə, onda yanacaq ehtiyatları bazalarını Qənizadənin ixtiyarına verin.
ULU ÖNDƏRİMİZ O VAXT HAKİMİYYƏTDƏ OLSAYDI, TORPAQLARIMIZ İŞĞAL OLUNMAZDI
Novruz Çıraqov:
- Çox adam fikirləşir ki, Kəlbəcərin işğalında günahkar kimdir? İlk növbədə, hamımıza məlumdur ki, ermənilər 200 ildən artıqdır ki, Azərbaycan qarşı işğalçılıq siyasəti yeridirlər. "Böyük Ermənistan" dövləti yaratmaq istəyirlər. Bunlara da birbaşa arxa dayanan rus şovinizmidir. Rusiya həmişə çalışır ki, Qafqazda özünün forpostunu yaratsın. "Türkmənçay" və "Gülüstan" sülh müqaviləsi zamanı Azərbaycanın ərazisi 410 min kv km idi. Bu gün isə, Azərbaycanın ərazisi 86,6 min kv km, onun da 20 faizi işğal altındadır. Bu, özü göstərir ki, doğrudan da, məkrli ermənilərin arxasında çox böyük qüvvə dayanıb, torpaqlarımız ardıcıl olaraq işğal olunub, xalqımız soyqırıma məruz qalıb, etnik təmizləmə aparılıb. Bu siyasət bu gün də davam etdirilir. Puşkinin bir sözü var "xainsən, xəbissən, satqınsa, ermənisən".
Ermənilər 1905-1907, 1918, 1948-1953-cü illərdə olduğu kimi, həmişə əlverişli məqam axtarırlar. Hakimiyyətə ermənipərəst adam gələndə dərhal ondan istifadə etsinlər və öz məkrli planlarını həyata keçirsinlər. Xain ermənipərəst M.Qorbaçov hakimiyyətə gəldikdən sonra gördülər ki, əlverişli məqam yetişib, Azərbaycanın torpaqlarına hücum edib, əldə edə bilərlər. Bu anda Azərbaycanın böyük oğlu, görkəmli siyasətçi Heydər Əliyevi 1987-ci ildə hakimiyyətdən uzaqlaşdırdılar. Bu, erməninin ilk böyük qələbəsi idi. Doğrudan da, ulu öndərimiz Heydər Əliyev o vaxtdı hakimiyyətdə olsaydı, heç şübhəsiz ki, torpaqlarımız işğal olunmayacaqdı. Onlar bilirdilər ki, Azərbaycanın danışan səsi, düşünən beyni var, o da ulu öndər Heydər Əliyevdir.
ERMƏNİLƏR BU İŞĞALA NEÇƏ İLLƏR İDİ HAZIRLAŞIRDI
Allahyar İmanov:
- Ermənilər bu işğala neçə illər idi hazırlaşırdılar. Azərbaycan gənclərini o dövrdə tikinti işlərində işlədəndə, silah atmağı öyrətməyən gündən başlamışdı. Ancaq ulu öndərimi Heydər Əliyev hətta APİU-da hərbi fakültənin açılmasına nail oldu. Eləcə də, hərbi litsey olmasa idi, bəlkə o biri torpaqlarımızı da itirərdik. Sovet dövründə azərbaycanlılara hərbi hazırlıq keçmirdilər. Laçın işğal olunan zaman şəhərdə idim. Güləbətin kəndinə qədər getdim, ondan sonra buraxmadılar. O dövrlərdən hazırlıq getməli idi. Laçınla Kəlbəcərin arası 2 km idi. Ora qədər artıq ordu getmişdi. Ordan qayıdıb gəlib Kəlbəcərin sərhədinə çatanda, artıq bilməli idilər ki, Kəlbəcər gedəcək. Səriştəsiz rəhbərlər, işi bilməyən adamlar işi qura bilmədilər. O dövrdə elə idi ki, riyaziyyat müəllimini gətirib müdafiə naziri qoymuşdular. Riyaziyyat müəllimi o dövrdə nazir işləyə bilərdimi? Bizim torpaqlar elə həmin məqamda getdi.
KƏLBƏCƏR SƏRİŞTƏSİZ RƏHBƏRLƏRİN QURBANI OLDU
Şəmistan Əlizamanlı:
- Torpaqlarımızın işğalının kökü bir az uzağa gedib çıxır. O vaxtkı xanlıqlar birləşə bilsəydi, onların arsında mənəm mənəmlik olmasaydı, bir dövlət yarada bilsəydilər, çar Rusiyası erməniləri bizim torpaqlarda yerləşdirə bilməzdi. Bu tarixi səhvlərin nəticəsində ermənilər rusların və digərlərinin əli ilə bizim torpaqlara yiyələnə bilməzdilər.
Xalqımız dünyada ən qüdrətli xalqdır. Ancaq öz qədrini bilmir, bu xalqın çatışmayan cəhəti mənəm-mənəmlikdir, güzəştə getməməkdir. Bu tarixi genimizə hopubdur. Rəhmətlik Bəxtiyar Vahabzadəyə sual verdim ki, Türkiyə ilə biz qardaşıq, nəyə görə onlarda vətən hissi birdir, bizdə isə parçalanır, ona görə də, bir araya gələ bilmirik. Dedi ki, onların arxasında 700 ildən artıq Osmanlı İmperatorluğu var. Bu isə genə işləyib. Hər kəs gəlib öz şəxsi iddiasını ortaya qoyub. Şah İsmayıl gəlib Səfəvilər dövlətini qurdu, Nadir şah isə, Əfşar imperiyasını qurdu və s. Ancaq, təbii ki, bütün bunlar xalqımızın böyüklüyünə, qüdrətinə xələl gətirə bilməz. Böyük şairimiz Məmməd Araz da "məndən ötdü, qardaşıma dəydi" misralarını yana-yana yazdı. Kəlbəcər də vaxtilə səriştəsiz rəhbərlərin qurbanı oldu.
"BU İŞĞALLARIN HAMISI BİR MƏRKƏZDƏN İDARƏ OLUNMUŞDU"
Təhmasib Novruzov:
- Kəlbəcərin işğalında baş verənləri təhlil etsək ortalığa çox şey çıxır. Xocavənd, Qırxavənd və s. bu kəndlər işğal olunmuşdu. Bütün bunların hamısında olan oyunlar, eyni qaydada Şuşanın, Laçının işğalında, Xocalının facisəində baş vermişdir. Bu işğalların hamısı bir mərkəzdən idarə olunub, məqsədli şəkildə planlaşdırılmışdı. Biz bəzən deyirik ki, yox, xəyanət deyil. İ.Həsənov tarix boyu nəinki Kəlbəcərin işğalını, həttda ermənilərin addım belə atmalarına razı olmazdı. Səriştəsizlikdən adamları əsas istiqamətdən yayındırıb, başqa istiqamət yönəldirdilər. Bizim o vaxtkı prezidentimiz Əbülfəz Elçibəydən başlamış üzü aşağı icra hakimiyyəti başçılarına qədər səriştəsizlik baş alıb gedirdi.
Tufan Kərimov:
- Müəyyən bir dövrə qədər İsgəndər Həmidovla ortaq bir yol getmişik. Hazırda bir yerdə deyilik. Biz əvvəlcə milli kimliyimizi dərk etməliyik, bu toplum millət kimi tam formalaşıb başa çatmalıdır. O zaman gərəkli olan gücü ortaya qoya bilərik. Bilməliyik ki, qarşımızda hansı düşməndir, kimdir və onun gücü nə qədərdir. O gücü hesablayıb ona adekvat güc ortalığa qoymalıyıq. Onun da yeganə yolu bizim milli birliyimizdədir.
Sənan Hüseynov:
- Bəlkə də bizim bu bəlalara düşməyimizin əsas səbəblərindən biri də odur ki, bu həqiqətlərimizi, faciələrimizi dünya ictimayyətinə çatdıra bilmirik. Bəzən insanlar, adətən, televiziya çəkilişi olan yerə daha maraqla gedirlər. Götürək Səs İnformasiya Agentliyini, o, məlumatlarını bir neçə dildə internetə yerləşdirib, dünya ictimayyətinin məlumatlandırır. Ölkə Prezidentinin bu sahə ilə bağlı Dövlət Proqramında xüsusi bənd var. Bilirsiniz ki, ölkə başçısı 2004-cü ildə 298 saylı sərəncam qəbul edib. Qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və məskunlaşdırılması ilə bağlı həmin Dövlət Proqramında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif dillərdə təbliğat materiallarınının hazırlanması və dünyaya yayılması barədə bənd var.
(Ardı var)