PDF Oxu

Əsas

  • 17

Azərbaycan iqtisadi artımı sürətləndirmək üçün tədbirlər planına malikdir

Azərbaycan iqtisadi artımı sürətləndirmək üçün tədbirlər planına malikdir
Dünya maliyyə böhranı artıq yeni sahələri bürüyürək iqtisadiyyatın real sektorunu dağıtmağa başlayıb. Son 6 ayda böhran, əsasən, maliyyə sistemini və bu sektorla sıx bağlı olan bölmələri sıradan çıxardırdısa artıq iqtisadiyyatın məhvedici virusu birbaşa istehsal və xidmət bölmələrini "yoluxdurmaqdadır". Yəni, indiyədək bank, qiymətli kağızlar və maliyyə sferasından asılı olan şirkətlər müflis olurdusa, bundan sonra istehsal sahəsində fəaliyyət göstərən şirkətləri kataklizmlər gözləyir.
Dünyanın nüfuzlu iqtisadçılarından sayılan Stiven Rouç hesab edir ki, maliyyə böhranı 3-4 il davam edəcək. Bunun konkret izahını isə iqtisadçılar müxtəlif şərhlərlə izah edirlər. Bütün dövlətlərdə iqtisadi fəallığın minimum səviyyəyə çatması onu göstərir ki, dünya iqtisadi böhranı ötən əsrin 30-cu illərindəki ən dəhşətli böhranın təkrarı olacaq. Böhranın ikinci dalğası artıq MDB ölkələrinin valyuta bazarını sarsıtmağa başlayıb. Qazaxıstan, Ukrayna, Tacikistan, Rusiya, Gürcüstan və Ermənistanın maliyyə sistemi zəifləməkdə davam edir. Eləcə də, Baltikyanı dövlətlərin iqtisadiyyatında mənfi fəsadlar dərinləşir.
Dünya böhranının birinci mərhələsindən heç bir itki vermədən çıxan Azərbaycanın maliyyə sektorunun həddindən artıq dözümlü olması və makroiqtisadi tədbirlərin səmərəliliyi böhranın ikinci fazasında da ölkəmizə mənfi təsirlərin qarşısını almış olur. Belə ki, yanvar ayından etibarən bütün dövlətlərin real sektorunda çöküş müşahidə olunduğu halda, ölkəmizin həm maliyyə sferası, həm də iqtisadiyyatın real sektorunun bir çox seqmentləri əvvəlki kimi inkişaf tempini qoruyub saxlayır.
Mövcud tendensiyalar onu göstərir ki, real sektorun başlıca bölmələri olan tikinti, nəqliyyat, rabitə və xidmət sahələrində intensivlik davamlı şəkildə qalmaqdadır. Bunu real sektorun istehlak bazarı üzrə dövriyyəsində də müşahidə etmək olar. Məsələn, ilin əvvəlindən indiyədək ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 20 faizə yaxın artıb. Yəni, real sektorun artımı şəraitində istehlak bazarında canlanma baş verib. Bu göstəricilər həm də onu təsdiqləyir ki, Azərbaycanda ərzaq mallarına olan tələbatın artmasına baxmayaraq, qiymətlər azalmağa doğru getməkdədir. Yəni, malların ucuzlaşması əhalinin yüksək alıcılıq qabiliyyəti fonunda da baş verməkdədir və bu amil inflyasiyanın səviyyəsinin aşağı düşməsinə mühüm təsir göstərir. Bu amil hökumətin daxili bazarın qorunması istiqamətində apardığı məqsədyönlü tədbirlərin nəticəsi kimi səciyyələndirilə bilər.
Mütəxəssislər Azərbaycanın böhranın birinci mərhələsindən itkisiz çıxmasını beynəlxalq maliyyə və qiymətli kağızlar bazarlarının aktiv iştirakçısı olmaması ilə əlaqələndirirdisə, hazırkı mərhələdə bunu respublikamızın iqtisadiyyatının möhkəm və sağlam olması ilə səciyyələndirilər. Məsələn, Dünya Bankının Azərbaycandakı nümayəndəsi Qreqori Yedjeyçak bildirib ki, uzunmüddətli perspektivdə Azərbaycanın bu böhranın təsirindən kənarda qalacağını düşünmək olar. Neftin qiymətinin aşağı düşməsinə və ixrac olunan məhsullara tələbatın azalmasına baxmayaraq, daxili bazarın sabit olması, real sektora bankların maliyyə axınlarının davam etməsi Azərbaycanın iqtisadiyyatında dinamizmi təmin edəcək.
Onu da xatırladaq ki, Azərbaycan hökuməti böhranın təsir imkanlarını minimum səviyyədə saxlamaq və iqtisadi artımı sürətləndirmək üçün qabaqlayıcı tədbirlər planını da diqqətdə saxlayır. Bu məqsədlə böhrana qarşı proqramın hazırlanaraq həyata keçirilməsi makroiqtisadi sabitliyin möhkəmlənməsinə və davamlı inkişafın intensiv xarakter almasına impuls vermiş olacaq. Hökumət iri şirkətlərə birbaşa maliyyə yardımları göstərilməsini, onlara vergi güzəştlərinin tətbiq edilməsini, sahibkarlara güzəştli kreditlərin verilməsinin artırılmasını, ixrac yönümlü müəssisələrin dəstəklənməsini, kənd təsərrüfatı mülkiyyətçilərinə yardımların gücləndirilməsini nəzərdə tutur.

Digər xəbərlər