Daşa dönmüş qanlı tarix...
Azərbaycanın qanlı tarixindən biri olan 31 mart soyqırımı ermənilərin millətimizə qarşı həyata keçirdiyi ən böyük miqyaslı terror aktlarından biri olub. 1918-ci ildə baş vermiş bu qanlı olay, demək olar ki, bütünlüklə Azərbaycan ərazisini əhatə edib. 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabı nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirdi.
Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyyətçilərinin əməkdaşlığını təmin etmişdir. 1918-ci il martın 9-da Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün Bakıya gələn general Talışınskinin başçılıq etdiyi Azərbaycan alayı hələ paytaxta qədəm basmamış, Rusiya bolşeviklərinin lideri Vladimir İliç Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollamışdı: "Hörmətli yoldaş Şaumyan, məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnız imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öğrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir.
Bütün dostalara xoş arzular və salamlar.
V.Ulyanov (Lenin)"
Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışınski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs edilir və qarşıdurmanın ilk anları yaşanır. Nəticədə şəhərdə yaşayan azərbaycanlılar Bakı Sovetinə qarşı müqavimət göstərməyə başlayır. Baş verən silahlı münaqişə martın 30-dan aprelin 3-də qədər davam edir.
Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilsə də baş tutmamışdı. Amma müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya can atırdılar. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan, gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başladı. Şamaxıda 72, Qubada 122 kənd yerlə-yeksan edilib və əhalisinə divan tutulub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir.
1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirdilər. Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidildi. Təpədən- dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər.
Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni" yandırıb, "Açıq söz", "Kaspi", "Baku" qəzetləri redaksiyalarını dağıdıb, məscidlərə böyük ziyan vurublar.
Mart hadisələri, əslində, bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan, özü də 1918-ci il aprelin 13-də RSFSR XKS -ə yazdığı məktubunda etiraf etmişdi: "Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütyun"un da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".
Tarixin qanlı səhifələrindən olan 31 mart soyqırımı sovet ideoloqları tərəfindən qəsdən unutdurulmağa çalışılırdı. İkinci dəfə müstəqillik əldə ediləndən sonra, məhz ümummilli liderimiz Heydər Əliyevin xüsusi sərəncamı ilə 31 mart soyqırımı günü kimi rəsmiləşdirildi. Milli özünüdərk ideologiyasının banisi, ulu öndər Heydər Əliyev xalqımızın bu gün barədə maariflənməsi, dünyaya tanınması istiqamətində bir sıra fəaliyyəti ilə seçildi. Bu gün də ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev, dünyaya erməni vandalizminin tanıtdırılması, Azərbaycan xalqının haqlı, ədalətli mövqeyinin çatdırılması istiqamətində dayanmadan faliyyət göstərir. XIX əsrin əvvəllərində Qarabağ və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1948-1953-cü illərdə soydaşlarımızın Yerevandan deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi, bütün bunların təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin qanlı səhifələridir.
Hələ 2004-cü ildə Daşnaksütyun partiyasının üzvü Qrant Markaryan Ermənistan parlamentində açıq şəkildə bəyanat vermişdi ki, məqsədləri Azərbaycan torpaqları deyil, azərbaycanlıların kökünü kəsməkdir. Həmçinin, bəyanatında onu da vurğulamışdı ki, yeni nəsildə azərbaycanlılara qarşı nifrət və ikrah hissini formalaşdırmaqdır və bunu özlərinin ən böyük qələbəsi hesab edib.
1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğın və talanlarla bağlı olsa da, onun xronologiyası çox genişdir. Tarixən erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək və mifik "böyük Ermənistan" dövləti yaratmaq idi.
Ermənilərin xalqımıza qarşı apardıqları genosid siyasətinin tarixi kökləri yüzilliklərdən üzübəri keçib gəlir. Əsrlərdən bəri ermənilərin bizə qarşı olan düşmənçilikləri heç bir sərhəd bilməyib. Ermənilər Bakıda və bölgələrdə kütləvi qırğınlar törədərək, soydaşlarımızı amansızcasına qətlə yetirib, şəhər və kəndləri viran qoyublar. Mart hadisələrində təkcə Bakıda 15 mindən artıq azərbaycanlı qətlə yetirilib. Ermənilər tərəfindən xalqımıza qarşı törədilən bütün soyqırımlara hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolu oldu və məhz Onun 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Tarixi həqiqətləri dünyaya çatdıran bu fərman xalqımızın keçmişinin obyektiv mənzərəsini yaratmağa, ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələri, soyqırım faktlarını bütün dünyaya göstərmək baxımından misilsiz bir sənəddir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılmasını, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyətinin layiqli davamçısı Prezidenti İlham Əliyev tərəfindən də qətiyyətlə davam etdirilir.