TACİKİSTAN
31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ölkəmizin Tacikistandakı səfirliyində anma mərasimi keçirilib. Paytaxtdakı Azərbaycan diasporunun üzvlərinin, səfirliyin əməkdaşlarının və KİV nümayəndələrinin iştirak etdikləri mərasimin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların tariximizin faciəli səhifələrindən biri olduğunu bildirmiş, soyqırımı siyasətinin xronologiyasından, günahsız əhalinin xüsusi amansızlıqla qətlə yetirilmələrindən danışmışdır. Səfir deyib ki, ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində 1998-ci il 26 mart tarixli Fərmanla bu hadisələrə hüquqi-siyasi qiymət verilmiş, soyqırımının köklü tədqiqinə başlanmış, indiyədək bu istiqamətdə çoxlu kitablar çap olunub. Səfirlik tərəfindən Tacikistan Xarici İşlər Nazirliyinə, Düşənbədəki səfirlik və beynəlxalq nümayəndəliklərə soyqırıma dair məlumatlar toplusu göndərilib.
QIRĞIZISTAN
Azərbaycanın Qırğızıstandakı səfirliyində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anma mərasimi keçirilib.
Azərbaycan diasporunun üzvlərinin, Bişkekdə təhsil alan azərbaycanlı tələbələrin, qardaş qırğız xalqının nümayəndələrinin və jurnalistlərin iştirak etdikləri tədbirdə səfir Arif Ağayev ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasəti və onun yaranma tarixi haqqında ətraflı məlumat vermiş, ermənilərin iddia etdikləri soyqırımının isə tamamilə yalan və əsassız olduğunu diqqətə çatdırılıb.
Səfirliyin müşaviri İlqar Cabbarov, Bişkekdəki "Azəri" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Akif Allahverdiyev, onun müavini, Qırğızıstanın əməkdar inşaatçısı Əsəd Həsənov və başqaları ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətləri pisləyiblər.
Mərasim iştirakçılarına ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Heydər Əliyev Fondunun nəşr etdiyi kitab və broşürlər, həmçinin səfirlik tərəfindən hazırlanmış məlumatlar toplusu paylanmışdır.
Bundan əlavə, bir neçə gün əvvəl isə Heydər Əliyev Fondunun nəşr etdiyi "Qarabağ həqiqətləri" toplusu və digər materiallar Qırğızıstan parlamentinin rəhbərliyinə və deputatlara, həmçinin ölkənin nüfuzlu mətbuat orqanlarına göndərilib.