31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa keçirildi
Dünən Binəqədi rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı dəyirmi masa keçirildi. Qeyd edim ki, tədbirdə Milli Məclisin sosial-siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, Milli Məclisin millət vəkilləri Madər Musayev və Rafael Cəbrayılov iştirak edirdi. Tədbir başlamazdan öncə azərbaycanlıların soyqırımına həsr olunmuş "Qan yaddaşımız" adlı sərgi nümayiş etdirildi.
Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayev ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi mart soyqırımından 91 il ötdüyünü bildirdi. O, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki əsr ərzində planlı şəkildə həyata keçirildiyini, bu siyasətin məqsədinin azərbaycanlıları öz doğma torpaqlarından zorla çıxarmaq, həmin ərazilərdə mifik "böyük Ermənistan" dövləti yaratmaq fikirləri olduğunu bildirdi. A.Qocayev ümummilli liderimiz Heydər Əliyev xalqımıza qarşı yönəlmiş soyqırıma, qanlı hadisələrə obyektiv siyasi qiymət vermiş və ulu öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edildiyini bildirdi.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor, rayon ağsaqqalı Həsən Mirzəyev bildirdi ki, mart soyqırımını Azərbaycan tarixinin ən dəhşətli səhifəsi kimi yüksək siyasi qiymət verən ulu öndərimiz Heydər Əliyev, erməni qəsbkarlarının amansızlığı nəticəsində kütləvi şəkildə qətlə yetirilmiş oğul və qızlarımızın xatirəsini daima uca tutmuşdur: "Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin tarixini xatırlayarkən, xalqımıza qarşı törədilən vəhşilik və cinayətlər qəzəb hissi oyadır. Azərbaycanlılara qarşı olan soyqırımı siyasətinin tarixi əsrləri əhatə etsə də, bu barədə əsil həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız Onun 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur. Ümummilli liderimizin ən layiqli davamçısı olan Prezident İlham Əliyev də 1918-ci il 31 mart qırğınına ən yüksək qiymət verərək bu faciənin beynəlxalq səviyyədə qeyd olunması üçün bir sıra addımlar atmışdır."
"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova çıxış edərək, bildirdi ki, 1919 və 1920-ci il mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib: "1918-ci ilin mart hadisələrinin ən dəhşətlisi olan Quba qırğınının maddi qalıqları olan kütləvi insan məzarlığı müasir dövrümüzdə milli kimliyimizin, düşmənə nifrət hissinin ən bariz nümunəsi hesab olunur. Həmin məzarlıqda aşkar olunmuş insan sümükləri üzərində aparılmış təhlildən aşkar edilmişdir ki, insanlar fiziki işgəncələrlə qətlə yetirilmişdir. Bir çox insan kəllə sümüklərindən müəyyənləşdirilmişdir ki, qətlə yetirilənlərin çoxu yaxın qohumlar və onların ailə üzvləri olmuşlar. Erməni vandalizmi nəticəsində Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımlar müasir dünya ictimayyətinə olduğu kimi çatdırılmalıdır. Qubadakı kütləvi məzarlığın dünyada kifayət qədər tanınması üçün maddi sübutu özündə əks etdirdiyini nəzərə alaraq, artıq dünyanın bütün diqqəti bu məsələyə yönəldilib. 1918-ci il mart-aprel aylarında həyata keçirilən soyqırım zamanı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Naxçıvan, Zəngəzur və Lənkəranda yüz minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, on minlərlə insan öz yurd-yuvasından qovulub".
E.Orucova çıxışında onu da bildirdi ki, erməni daşnak qüvvələrinin Bakıda həyata keçirdiyi qırğınlar zamanı 30 mindən çox dinc sakin öldürülüb. Şamaxı qəzasında 58, Qubada 122 min, Qarabağın dağlıq hissəsində 150 min, Zəngəzurda 115 min, İrəvan quberniyasında 211 min insan öldürülmüş, Qarsda 92 kənd yerlə yeksan olmuşdur. Ermənilər Şamaxı ərazisində 7 mindən artıq insanı, o cümlədən, 1653 qadını və minə yaxın uşağı qətlə yetiriblər. İrəvan quberniyasında isə öldürülən azərbaycanlıların sayı 130 min nəfərdən çox olub. Erməni hərbi birləşmələri minlərlə dinc azərbaycanlını yalnız milli mənsubiyyətinə görə məhv edib, evlərə od vurub, insanları diri-diri yandırıb, milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar. Bu gün gənclər arasında geniş təbliğat işi aparılmalıdır. Quba məzarlıqlarında geniş tədbirlər keçirilməlidir. Bu gün televiziya kanallarında xronika deyil, əsirlikdə olmuş canlı şahidlərimizin ifadələri dinlənilməlidir.
Tədbirdə çıxış edən Azərbaycan Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun şöbə müdiri Araz Qurbanov, erməni araşdırmalar mərkəzinin direktoru Qafar Çaxmaqlı, Laçın rayon icra hakimiyyətini şöbə müdiri Yaqut Cabbarlı erməni daşnaqlarının əsrin əvvəllərində xalqımıza qarşı törətdikləri misli görünməmiş soyqırım siyasətinin ən dəhşətlisi olan Quba qırğınının üzərindən 91 il vaxt ötməsinə baxmayaraq, tarixi həqiqətlərin öz mövcudluğunu itirmədiyini və müasir dövrümüzdə erməni "siyasəti"nin ifşası üçün yetərli olduğunu bildirdilər.
Qeyd olundu ki, Quba kütləvi məzarlığının aşkar olunduğu gündən bir sıra beynəlxalq təşkilatlar və xarici ölkə nümayəndəlikləri Azərbaycan xalqına qarşı törədilmiş əsil faciənin nəticələrini öz gözləri ilə görüblər. Xalqımıza qarşı tarixin bütün mərhələlərində olduqca amansızlıqla soyqırım həyata keçirmiş mənfur qonşularımız 1918-ci il mart faciəsini də milli müqəddəratını həll etmək ərəfəsində olan dövlətimizin sütunlarını sarsıtmaq üçün bu cür vəhşiliklərə əl atmışlar.
Çıxışlarda o da bildirildi ki, ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev hiyləgər erməni təbliğatının əsil mahiyyətini beynəlxalq aləmdə ifşa etmək istiqamətində davamlı və məqsədyönlü fəaliyyət göstərir. Bunun nəticəsidir ki, bir çox nüfuzlu beynəlxalq təşkilatlar hazırda Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar. Bütün vətəndaşlarımız, xarici ölkələrdəki azərbaycanlı icmaları bu istiqamətdə səylərini birləşdirməli, daha ardıcıl və səmərəli iş aparmalı, təsirli tədbirlər görməlidirlər.