Erməni vandalizminin daha bir tarixi
Ermənilərin türk millətinə qarşı apardığı soyqırımı siyasəti iki yüz ildən artıqdır ki, müəyyən fasilələrlə davam edir. İki yüzillik tarixin hər bir səhifəsini çevirəndə altında erməni vəhşiliyini, vandalizmini görməmək mümkün deyil. Ermənilərin yüz illərdir beyinlərində formalaşdırdıqları qondarma xəyalların həyata keçməsi üçün qeyri-insani yollardan istifadəyə can atmaları hər zaman qanlı qarşıdurmalara yol açıb.
Bu mənfur siyasətin arxasında isə Azərbaycanın tarixi torpaqlarının işğalı və bu ərazidə mifik "Böyük Ermənistan" dövləti yaratmaq ideyası dayanır. XIX yüzillikdə ermənilərin kütləvi və məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsi siyasəti də məhz bu mənfur ideyanın həyata keçirilməsinə hazırlıq prosesinin əvvəli sayıla bilərdi. Məhz bu yolla azərbaycanlıları öz tarixi torpaqlarından didərgin salmaq, işğala məruz qoymaq olardı ki, ermənilər bu üsuldan istifadə etdilər. 1905-1907, 1918 və 1920-ci illərdə Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən silahlı qarşıdurmalar, zorakılıq halları çirkin və məkrli niyyətləri reallaşdırmaq üçün başlanan soyqırımı siyasətinin tərkib hissəsi sayılmalıdır.
XIX əsrin əvvəllərində Qarabağ və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1948-1953-cü illərdə soydaşlarımızın Yerevandan deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi, bütün bunların təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin davamıdır. Hələ 2004-cü ildə Daşnaksütyun partiyasının üzvü Qrant Markaryan Ermənistan parlamentində açıq şəkildə bəyanat vermişdi ki, məqsədləri Azərbaycan torpaqları deyil, azərbaycanlıların kökünü kəsməkdir. Həmçinin, bəyanatında onu da vurğulamışdı ki, yeni nəsildə azərbaycanlılara qarşı nifrət və ikrah hissini formalaşdırmaqdır və bunu özlərinin ən böyük qələbəsi hesab edib.
1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğın və talanların xronologiyası çox genişdir. Tarixən erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək və mifik "böyük Ermənistan" dövləti yaratmaq olub.
Ermənilər Bakıda və bölgələrdə kütləvi qırğınlar törədərək, soydaşlarımızı amansızcasına qətlə yetirib, şəhər və kəndləri viran qoyublar. Mart hadisələrində təkcə Bakıda 15 mindən artıq azərbaycanlı qətlə yetirilib. Ermənilər tərəfindən xalqımıza qarşı törədilən bütün soyqırımlara hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolu oldu və məhz Onun 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Tarixi həqiqətləri dünyaya çatdıran bu fərman xalqımızın keçmişinin obyektiv mənzərəsini yaratmağa, ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələri, soyqırım faktlarını bütün dünyaya göstərmək baxımından misilsiz bir sənəddir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılmasını, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyətinin layiqli davamçısı Prezidenti İlham Əliyev tərəfindən də qətiyyətlə davam etdirilir.