Beynəlxalq Diaspora Mərkəzi azərbaycanlıları qisas almağa çağırır
"Beynəlxalq Diaspora Mərkəzi (BDM) 31 Mart - azərbaycanlıların soyqırımını bütün dünya xalqlarına çatdırmağı qarşısına məqsəd qoyaraq bundan sonra da insanlara fəlakət, bədbəxlik gətirən, tərəqqiyə, demokratiyaya zidd olan erməni terroru və soyqırımı ilə mübarizəni ardıcıl şəkildə davam etdirəcək.
Biz xalqımızın istiqlalına, müstəqilliyimizə, dövlətçiliyimizə, Vahid Azərbaycançılıq ideyalarının gerçəkləşməsinə qarşı yönələn qəddar erməni təcavüzünü, riyakər erməni siyasətini pisləyir, fitnəkar düşmənimizə qarşı bir yumruq kimi birləşməyə, ata-baba yurdlarımızı azad etməyə çağırırıq". SİA-nın məlumatına görə, Bu fikirlər BDM-nin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.
Elmi-praktiki konfransdan öncə mart soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və tədbir iştirakçılarına bukletlər paylanıb. Konfransda çıxış edən BDM-nin sədri İsmayıl Ağayev 31 mart soyqırımı ilə bağlı gördüyü işlərdən danışaraq, bildirib ki, deportasiyaya məruz qalan insanların ərizələri qurumun vasitəsilə Avropa Məhkəməsinə göndəriləcək. Mərkəz sədri qeyd edib ki, bu məsələdə gecikilməsinə baxmayaraq, bundan sonra da çox işlər görülməlidir.
Ziyalı Vaqif Arzumanlı bildirib ki, 1918-ci il martın sonlarında Bakıda və ətraf ərazilərdə törədilən soyqırım ermənilərin evvəlcədən hazırladıqları planın təzahürüdür. "Amma gəlin unutmayaq ki, ermənilər ərazi iddialarına qədim zamanlardan başlayıblar. Onlar həmişə iddia ediblər ki, qədimdə burada yaşayıb, türklər tərəfindən soyqırıma məruz qalıblar. Düşmənlərimiz qədimdən bu günə qədər bu siyasəti həyata keçirirlər. Amma təəssüflər olsun ki, biz hələ də onlara lazımlı cavabımızı verməmişik", - deyə V.Arzumanlı söyləyib.