Tarixin qan yaddaşı - 31 mart Azərbaycanlıların Soyqırımı Günü!
Son iki əsrdə Qafqazda ermənilər tərəfindən Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi - mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.
XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı - Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.
Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlandırılan öz doğma torpaqlarından didərgin salınmışlar.
1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 90 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusilə genişlənmiş və bütün çılpaqlığı ilə üzə çıxmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərinin talan edilərək dağıdıldığını sübut edir.
Bəs 1918-ci ilin mart hadisələri necə baş vermişdi? Birdən-birə, kor-koranə, yoxsa düşünülmüş halda, planlı şəkildə? Həmin hadisələrə ermənilər ciddi hazırlaşmışdılar. Onların məqsədi bu qanlı olayı törətməklə Bakını ələ keçirmək, sonra isə bolşevik maskası altında Gəncəni tutmaq, orada müvəqqəti məskunlaşan milli hökuməti devirməklə, Azərbaycan torpaqlarında "böyük Ermənistan" dövləti qurmaq idi. Bu mənfur planı ən böyük daşnak olan, bolşevik cildinə girmiş Stepan Şaumyan və onun dövrəsindəki quldur erməni başkəsənləri həyata keçirirdilər.
1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdü. Bakının şəhər camaatından 400 mln man-lıq daş-qaş və əmlak müsadirə olunmuşdu. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdi. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan "İsmailiyyə" binasına od vurub yandırmışdılar. Bakıda baş vermiş faciəli hadisələr şəhərə olduqca böyük ziyan vurmuşdu.
Qədim Azərbaycan şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət material toplanıb. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılmışdı. Erməni quldurları minlərlə dinc adamı qətlə yetirmişdir. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 mln man olmuşdur. Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi.
Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmişlər. Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.
1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyası cəhətdən soyqırım kimi qiymətləndirilməlidir. Hər zaman olduğu kimi, burada da ilk addımı, məhz ümummilli lider Heydər Əliyev atdı. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 1998-ci il 26 mart tarixində imzaladığı fərmanda 1918-ci ilin mart hadisələrini geniş şərh etdi, bolşevik cildinə girmiş erməni daşnaklarının Azərbaycan xalqının başına gətirdiyi müsibətləri dünyaya bəyan edərək bu qanlı olaya düzgün siyasi qiymət verdi və onu Azərbaycan xalqına qarşı törədilən ən böyük faciə - milli soyqırım adlandırdı. Prezident Fərmanı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı bu fərman erməni millətçilərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi siyasi qiymət olmuşdur. "Azərbaycanlıların soyqırımı haqqında" fərmanda ulu öndərimiz Heydər Əliyev göstərir ki: "Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir". Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırım və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə, martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi təsbit olunmuşdur. Soyqırım hadisələrinə siyasi qiymət verilməsi zamanın tələbi və milli maraqlarımız baxımından zəruri olan bir addım idi. Fərmanda deyilir: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir."
Beləliklə, bu fərman uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir. Ümummilli liderimiz Heydər Əliyev haqlı olaraq hesab edirdi ki, erməni təbliğatına qarşı mübarizədə türk ictimaiyyəti, ilk növbədə, qondarma "erməni soyqırımı" iddialarının əsassızlığını sübut etməli, bununla yanaşı, əslində, türk xalqlarının ermənilər tərəfindən soyqırıma məruz qalmalarını tarixi dəlillərin dili ilə bütün dünyaya yaymalıdır. Ulu öndər Heydər Əliyevin imzaladığı bu fərman türk dünyasında bu istiqamətdə rəsmən bəyan edilən ilk hüquqi-siyasi sənəd olmaqla yanaşı, həm də tədqiqatçı alimləri yeni fəaliyyət yönümündə istiqamətləndirən dövlət sənədi oldu. Belə ki, ümummilli lider Heydər Əliyevin bu sahə üzrə tədqiqatların aparılması və əldə olunan nəticələrin dünya ictimaiyyətinə çatdırılması təşəbbüsündən sonra qondarma "erməni soyqırımı" ilə bağlı əsil həqiqətləri özündə ehtiva edən sanballı tədqiqat əsərləri yazılıb ortaya qoyuldu. Hətta türk tarixçiləri erməni alimlərini arxivlərin açılması və reallığın nədən ibarət olmasını müəyyənləşdirməkdən ötrü birgə işləməyə də dəvət etdilər. Erməni alimləri yalanlarının üzə çıxmasından ehtiyatlanaraq bu təklifə də müsbət münasibət bildirmədilər.
Bu yaxınlarda Azərbaycanda aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqların aşkarlanması və bu məsələdə də erməni izlərinin ortaya çıxması əlavə faktların əldə edilməsinə imkan yaratdı. Quba rayonuna ezam olunan arxeoloqlar, antropoloqlar və tarixçilər birmənalı olaraq tapılan kütləvi məzarlığın 1918-1920-ci illərə aid olduğunu və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımın tərkib hissəsi kimi bəyan etdilər. Bu növbəti tarixi faktlar qarşısında ermənilərin qondarma "erməni soyqırımı" məsələsini gündəmə gətirməklə spekulyasiyalar etmələri təəssüf doğurur. Amma Azərbaycan və türk alimləri əldə edilən yeni tarixi materialları da əsas götürməklə, erməni riyakarlığını dünya ictimaiyyətinə çatdırmaqdan ötrü birgə fəaliyyətlərini artırmalıdırlar.
Bütün sahələrdə olduğu kimi, Azərbaycan dövlətinin milli maraqlarının qorunması istiqamətində də ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyev xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir. Məhz onun rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi hücumçu diplomatiya bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur. Zaman Azərbaycanın xeyrinə işləyir və bütün əsas iqtisadi göstəricilərə görə ölkəmizdən geri qalan, regional layihələrdən uzaqlaşdırılmış Ermənistan əvvəl-axır işğal olunmuş torpaqlarımızı tərk etməyə məhkumdur. Bu barədə cənab İlham Əliyevin 31 mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı Azərbaycan xalqına etdiyi müraciətində deyilir: "Lakin Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasəti iflasa məhkumdur. Son illərin təcrübəsi göstərir ki, erməni işğalçılarının və onların havadarlarının imkanları heç də qeyri-məhdud deyil və bu imkanlar getdikcə daralmaqdadır. Bu siyasətə qarşı geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan dövləti, onun siyasi nüfuzu, dünya azərbaycanlılarının və Azərbaycanın dostlarının getdikcə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü Azərbaycan ordusu dayanır. Biz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə müntəzəm və məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yanlış yanaşmaları dağıtmağa çalışır və çox hallarda buna müvəffəq oluruq. İkili standartlara və ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət aşkar faktlar qarşısında həqiqəti daha tez-tez etiraf etməli olur. Soyqırımı qurbanlarını anma tədbirləri bütün dünyada getdikcə daha əzəmətli, daha mütəşəkkil xarakter alır və geniş əks-səda doğurur."
Xalqımız dövlət başçısının müraciətində yer alan müddəaların bərqərar olacağına, Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytaracağı günün yaxında olduğuna və Ermənistanın tarixən törətdiyi cinayətlərə dünya birliyi tərəfindən obyektiv qiymət veriləcəyinə qəti şəkildə inanır.