PDF Oxu

Əsas

  • 9

Dünya mətbuatı referenduma xüsusi diqqət ayırıb

Dünya mətbuatı referenduma xüsusi diqqət ayırıb

Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı keçirilən referenduma yerli KİV-lərlə yanaşı xarici mətbuatda da xüsusi diqqət müşahidə olunmuşdur. Demək olar ki, nüfüzlu xarici KİV-lər hər 5-10 dəqiqədən bir Azərbaycanda keçirilən referendumun gedişi ilə bağlı geniş və əhatəli məlumatlar yaymışlar.
Bu məlumatlar reallığı əks etdirməklə yanaşı müsbət fikirlərlə dəyərləndirilmişdir. Rusiyanın əksər KİV-ləri - "Komsomolskaya pravda", "Vzqlyad", "Nezavisimaya qazeta", "Kommersant", "Vremya novostey", "İzvestiya" kimi qəzetlər, "Mayak", "Exo Moskvı"  radioları, "Yevraziya", "Regions.ru", "Qolos Rossii", "Novaya politika", "Polit.ru",  "Reqnum", "Rosbalt", "Qrani.ru", "Utro.ru", "NEWSru.com", RBK,  "Lenta.ru", "Qazeta.ru" internet portalları, APN, "İnterfaks", RİA "Novosti", İTAR-TASS agentlikləri  "Rossiya" telekanalı,  "Profil" jurnalı və digər KİV-lər referendumda seçicilərin 71,08 %-nin iştirak etdiyini, onların böyük əksəriyyətinin - 92,18%-nin Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin lehinə səs verdiyini xəbər verib.
Rusiyanın "Vremya novostey" qəzeti Yeni Azərbaycan Partiyasının Sədr müavini, partiyanın İcra katibi, millət vəkili Əli Əhmədovun referendumun demokratiya prinsiplərinə zidd olmadığına dair mövqeyini işıqlandırıb. Qəzetdə yazılır: "Yeni Azərbaycan Partiyasının İcra katibi dəyişikliklərdə demokratiyaya zidd heç bir müddəa görmür. Onun fikrincə, əgər xalq eyni şəxsi iki dəfə prezident seçirsə, bu, ictimaiyyətin dövlət başçısına olan inamını göstərir. Ona görə də, əhaliyə həmin şəxsi sonrakı müddətlərə də seçmək imkanı verilməlidir. Əgər xalq yenidən onu prezident seçəcəksə, bu, cəmiyyətin öz liderinə inamının ən yüksək göstəricisi olacaq. Prezidentin ümumxalq səsverməsi ilə seçilməsinə qoyulan hər hansı məhdudiyyət dünyanın heç bir ölkəsində demokratik norma sayıla bilməz".
Rusiyanın "Polit.ru" saytı da "exit-poll"un nəticələrini xatırladaraq, seçicilərin əksəriyyətinin Konstitusiyaya düzəlişləri dəstəklədiyini xəbər verib. "Polit.ru", həmçinin, Strateji Qiymətləndirmə və Analiz İnstitutunun direktoru Vaqif Hüseynovun mövqeyini də dərc edib. V.Hüseynovun fikrincə, prezidentlik müddətinə qoyulan limitin aradan qaldırılmasına qarşı yalnız müxalifət çıxış edir, ölkə əhalisi bunu normal qarşılayır: "Beynəlxalq müşahidəçilər də səsvermənin Avropa standartlarına uyğun olduğunu bəyan ediblər" deyə V.Hüseynov bildirib.
Rusiyanın "Kommersant" qəzeti isə yazır ki, Azərbaycan müxalifətinin referendumu pozmaq cəhdi uğursuzluqla nəticələnib: "Müxalifət vətəndaşları referendumu boykot etməyə çağırmışdı. Çünki referendumun baş tutması üçün onda seçicilərin, ən azı 25%-nin iştirakı vacibdir. Amma referendumu pozmaq cəhdi alınmadı. Artıq günorta saatlarında MSK sədri Məzahir Pənahov səsvermədə seçicilərin 32%-in iştirak etdiyini açıqladı. Müxalifətçilər hansısa qanun pozuntuları haqda danışmağa başlasalar da, bu, yekun nəticəyə təsir edə bilməzdi".
Rusiyanın "Rosbalt"  informasiya agentliyinin "Azərbaycanda referendum baş tutdu" sərlövhəli reportajında vurğulanır ki, səsverməni izləyən müşahidəçilər qanun pozuntuları aşkar etməyiblər. Məsələn, Fransa parlamentinin üzvü Jak Leqenin sözlərinə görə, "hər şey şəffaf və ədalətli keçir, heç bir problem yoxdur".
MDB Parlamentlərarası Assambleyasının müşahidəçilərinin də referendumun yüksək səviyyədə təşkil olunduğu haqda mövqeyini xatırladan agentlik xəbər verir ki, MDB-dən olan müşahidəçilər referendum günü Bakıda 7 seçki məntəqəsinə baş çəkiblər və seçicilərin aktivliyinin şahidi olublar.
Beynəlxalq müşahidəçilərin referendumun Avropa standartlarına uyğun keçirilməsi haqda rəylərini Rusiyanın "Qazeta.ru" portalı da işıqlandırıb. Məqalədə Fransa Milli Assambleyasının üzvü Raul Erikin "mənim müşahidəçi olduğum məntəqələrdə səsvermə sakit şəkildə keçib, seçicilər səsverməyə çox ciddi yanaşıblar" fikrini dərc edib. R.Erik əlavə edib ki, "hər şey normal, Avropa standartlarına uyğun şəkildə keçir, lap mənim vətənim olan Fransadakı kimi". "Vesti" telekanalı referendumun nəticələrini şərh edərkən bildirir ki, "azərbaycanlılar öz prezidentlərini dəstəklədilər"."Rossiya" qəzeti isə diqqəti azərbaycanlıların yekdilliklə dəyişikliklərin lehinə səs verdiyinə cəlb edir.
Rusiyanın "ORT" telekanalı əsas diqqəti səsvermənin demokratik prinsiplər çərçivəsində keçirildiyinə yönəldib. Bildirilib ki, prosesi izləyən beynəlxalq və yerli müşahidəçilər, jurnalistlər üçün lazımi şərait yaradıb. Reportajda Azərbaycanın müəllifi olduğu beynəlxalq layihələrin uğurla həyata keçirildiyi də xüsusi vurğulanır.
"Evronyus" son illərdə Azərbaycanda gedən sürətli inkişafdan, əhalinin yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşmasından danışmışdır. Azərbaycanın regiondakı liderliyinin xüsusi qeyd olunduğu reportajda, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən regional iqtisadi layihələrdən danışılmış, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində paytaxtla yanaşı, bölgələrin də sürətlə inkişaf etdiyi vurğulanmışdır.
"Azərbaycan Cənubi Qafqazda ən sabit ölkədir, səsvermədə Azərbaycan əhalisi yüksək fəallıq göstərdi".  Bu fikirlər "Röyter" agentliyinin yayımladığı videogörüntülərdə bildirilmişdir. Qeyd olunmuşdur ki, dünyanın ən sürətlə inkişaf edən ölkəsi olan Azərbaycanda əhali öz xoşbəxt gələcəyi naminə səs verir. Materialda vurğulanır ki, dünyanı bürümüş qlobal maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda inkişaf nəzərəçarpacaq dərəcədə artmaqdadır.
Bi-Bi-Si radiosunun hazırladığı reportajda bildirilir ki, Azərbaycanda keçirilmiş referendumda seçicilərin əksəriyyəti Konstitusiyaya əlavə və dəyişikliklərin lehinə səs verib. Reportajda YAP-ın İcra katibi Əli Əhmədovun mövqeyi səsləndirilib. YAP-ın İcra katibi bildirib ki, Konstitusiyaya əlavə və dəyişikliklər demokratik prinsiplərə uyğundur. Onun fikrincə, əksinə, prezidentlik müddəti ilə bağlı məhdudiyyətin olması seçicilərin hüquqlarını pozur. Bi-Bi-Si-nin müxbiri qlobal iqtisadi böhranla əlaqədar çətinlik keçirən bəzi insanlarla da söhbətləşib və məlum olub ki, onlar çətinliklərin səbəblərini başa düşür və hakimiyyəti günahkar saymırlar.
"Washington Post", "Washington Times", "New York Times", International Herald Tribune", "Financial Times" və digərləri də martın 18-də Azərbaycanda keçirilən referenduma çox yer ayırıb və öz qəzetlərində Reuters, Associated Press, "Frans Press" kimi nüfuzlu informasiya agentliklərinin, "Azadlıq", "BBC" və "Amerikanın səsi" radiolarının referendumla bağlı zəngin məqalələri dərc edilib.     Məqalələrdə Azərbaycanın neftlə çox zəngin bir ölkə olduğunu və son illərdə ölkənin sərvətinin kəskin dərəcədə artdığı bildirilir. Qeyd olunur ki, 2003-2007-ci illərdə ölkənin illik ÜDM-in artımı 20-35 % təşkil edib, bu da, öz növbəsində, Azərbaycanın dinamik sürətdə inkişaf edən dünya iqtisadiyyatına daxil olmasına şərait yaratdı. Ölkə əhalisi referendumun keçirilməsini çox yüksək qiymətləndirirlər və deyirlər ki, onlar öz prezidentlərini çox sevirlər. "Onun sayəsində hər şey çox mükəmməl olacaq. Azərbaycanda vəziyyət indi çox yaxşıdır". Bakı şəhər sakinlərinin fikrincə, Prezident İlham Əliyev ölkəsi üçün çox işlər görüb, Onun sayəsində abadlıq işləri aparılır, çoxlu müasir binalar tikilir. Məqalələrdə, həmçinin, qeyd olunur ki,  referendumun ilkin nəticələr onu da göstərir ki, bir nəfərin 2 dəfədən artıq Prezident seçilmək hüququnu məhdudlaşdıran maddə ləğv edilib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sözlərinə görə, referendumun etibarlı sayılması üçün 25 faiz səs lazım olsa da, ümumilikdə, 71,08 % səs toplanıb. Keçirilmiş referendum öz seçicilərinə Konstitusiyada 29 maddə üzrə dəyişiklik etmək hüququ vermişdir.

REFERENDUMU İZLƏYƏN JURNALİSTLƏR HEÇ BİR PROBLEMLƏ QARŞILAŞMAYIBLAR
    
Martın 18-də yerli və xarici KİV təmsilçiləri Mərkəzi Seçki Komissiyası, "Seçkilər" İnformasiya Mərkəzi, dairə və məntəqə seçki komissiyalarının fəaliyyətini izləmiş, onlara maneçilik törədilməsi və fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı hər hansı faktla rastlaşmamışlar. Azərbaycan  Mətbuat Şurasının referendumla bağlı təşkil etdiyi "Qaynar xətt" işini yekunlaşdırmışdır. Mətbuat Şurasından bildirmişlər ki, gün ərzində seçki dairələrində və məntəqələrdə jurnalistlərin peşə fəaliyyətinə maneçilik törədilməsi ilə bağlı "Qaynar xətt"ə ((012) 561 80 37 və (012) 561 82 46 saylı telefonlara) heç bir məlumat daxil olmamışdır.
Mətbuat  Şurasının sədri Əflatun Amaşov paytaxtın Nəsimi və Səbail, müavini Umud Mirzəyev Binəqədi, idarə heyətinin üzvlərindən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Nərimanov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Nizami, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai, "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas Sabunçu rayonlarındakı məntəqələrdə səsvermənin gedişini müşahidə etmişlər. Mətbuat Şurası sədrinin digər müavini Müşfiq Ələsgərli və şuranın icraçı katibi Rəhim Hüseynzadə müvafiq olaraq Cəlilabad və Salyan rayonlarında sesverməni izləmişlər.
Bundan əlavə, şuranın monitorinq qrupunun üzvləri də paralel olaraq paytaxtın Səbail, Nəsimi, Nizami və digər rayonlarındakı seçki məntəqələrində peşə fəaliyyətini həyata keçirən jurnalistlərə yaradılan şəraitlə tanış olmuşlar. Mətbuat Şurasının bununla bağlı tam hesabatı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Digər xəbərlər