Dünən Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının 2-ci ildönümü münasibətilə mərasim keçirildi. İlk öncə mərasim iştirakçıları Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla ziyarət etdilər və məzarı önünə əklil qoydular. Həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül-çiçək dəstələri düzdülər.
DMX kollektivinin üzvləri vətən uğrunda canlarından keçmiş igid oğul-qızlarımızın uyuduğu Şəhidlər Xiyabanını da ziyarət edib, məzarları üzərinə tər güllər düzdülər, "Əbədi məşəl" abidəsi önünə əklil qoydular.
DMX-nin Heydər Əliyev muzeyində davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsilə öz işinə başladı. Tədbirdə çıxış edən xidmət rəisi Arzu Rəhimov Dövlət Miqrasiya Xidmətinin yaranma tarixindən, görülmüş işlərdən və qarşıya qoyulmuş vəzifələrdən danışdı. Qeyd etdi ki, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, energetika və nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda, Azərbaycan Respublikasının geosiyasi mövqeyi miqrasiya axınlarının artmasına səbəb olmuşdur ki, bu da, öz növbəsində, ölkənin inkişafı və təhlikəsizliyinin təmin edilməsi baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndərilməsini və bu sahədə beynəlxalq əməkdaşlığı zəruri edir.
A.Rəhimov bildirdi ki, miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə son illər həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılmış, əsaslı tədbirlər həyata keçirilmişdir: "Hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Dövlət Miqrasiya Siyasəti Konsepsiyası"nın (2004) gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün "Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı" təsdiq edildi. Proqramda əsas fəaliyyət istiqamətləri olaraq, miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, bu sahədə dövlət tərəfindən tənzimlənmənin səmərəliliyinin artırılması, aidiyyəti dövlət orqanlarının miqrasiya sahəsində işlərinin əlaqələndirilməsi, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi və eləcə də, digər ölkələrin miqrasiya qurumları və əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulur. Dövlət Miqrasiya Proqramından irəli gələn məsələlərin həyata keçirilməsi ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin yaradılmasına yönəlmişdir. Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi məqsədilə 19 mart 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradıldı".
Qurumun rəhbəri bildirdi ki, mövcud qanunvericiliyə bir çox əlavə və dəyişikliklər edilmiş, o cümlədən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində olma müddətləri müəyyən edilmiş, onlara Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün nəzərdə tutulmuş sənədlər təsdiq edilmiş, əcnəbilərin qeydiyyat sistemi təkmilləşdirilmiş, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üzrə əlavə meyarlar müəyyən edilmiş, miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət artırılmışdır. 2008-ci ilin avqust ayından Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma müddətinin uzadılması, müvəqqəti yaşama icazəsinin verilməsi, immiqrant statusunun alınması, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı 18.574 müraciət daxil olmuşdur.
Ölkəyə daxil olmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya sahəsində mövcud qanunvericilik aktları, eləcə də, qanunvericilik aktlarına edilmiş son dəyişikliklərə dair məlumatlandırılmalarını təmin etmək məqsədilə bir neçə dildə xüsusi bukletlər hazırlanmış, dəyirmi masalar, mətbuat konfransları keçirilmiş, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq genişləndirilmişdir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ətraflı məlumat almaları üçün Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Məlumat Mərkəzi - "Qaynar xətt" yaradılmış, 3 noyabr 2008-ci il tarixdə isə Dövlət Miqrasiya Xidmətinin
www.migration.gov.az rəsmi internet səhifəsi istifadəyə verilib.
A.Rəhimov xüsusi vurğulayaraq bildirdi ki, dövlət başçısı cənab İlham Əliyevin 4 mart 2009-cu ildə imzaladığı "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" fərman ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsi, bu sahədə operativliyin təmini və həllini gözləyən problemlərin aradan qaldırılması baxımından vacib əhəmiyyət daşıyır. Sənəd, ilk növbədə, respublikada miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir.
Fərmana əsasən, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiq edilməsi nəzərdə tutulmuş və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilmişdir. Fərmanla miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə bir sıra vəzifələrin yerinə yetirilməsi tapşırığı da verilib.
A.Rəhimov, həmçinin, nəzərə çatdırdı ki, Azərbaycan Respublikası dünya əhəmiyyətli nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşdiyi üçün ölkəmizin ərazisindən çoxsaylı tranzit miqrantların gediş-gəlişi qaçılmazdır. Əsas məsələ həmin miqrantların qanunsuz olaraq ölkə ərazisində məskunlaşmalarının və qanunsuz miqrantların ölkə ərazisindən tranzit keçidi kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Hazırda Dövlət Miqrasiya Xidməti qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını səfərbər etmişdir.