Xalq Referendumda “hə” dedi
Dünən Azərbaycanda keçirilən Konstitusiyaya əlavə və dəyişikliklərə dair Referendum Aktı əhalinin böyük fəallığı ilə başa çatdı. Bunu referendumu müşahidə edən 50 minə yaxın xarici ölkələrdən olan, eləcə də, yerli siyasi partiyaların və müxtəlif təşviqat qruplarının, təşkilatların müşahidəçiləri də təsdiq ediblər. Onlar Azərbaycanda keçirilən demokratik seçkilərin çox nümunəvi bir seçki sistemi olduğunu etiraf etmişlər.
Buradan belə bir qənaətə gəlmək olar ki, dünən xalq öz firavan gələcəyi naminə keçirilən referendumda demokratik hüquqlarından istifadə edib. Xalq çox böyük fəallıq və yüksək əhvali-ruhiyyə ilə seçki məntəqələrinə gəlmiş və Konstitusiyaya olan əlavə və dəyişikliklərə azad şəkildə öz münasibətlərini bildirmişlər. Bu da ondan irəli gəlir ki, xalq Konstitusiyaya əlavə və dəyişikliklərin Azərbaycanın davamlı inkişafında mühüm rol oynadığını çox yaxşı dərk edir. Seçicilər arasında səs vermədən sonra keçirilən sorğuda, eləcə də yuxarıda deyilənləri təsdiq ediblər.
Dünən keçirilən referendum Azərbaycan dövlətçiliyinin inkişafına çox böyük təkan verəcəyi artıq hamıya məlumdur. Əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulan hər bir maddə, Azərbaycanda sosial rifahın daha da yüksəlməsinə, vətəndaşların hüquq və azadlıqlarının yüksək təminatına böyük bir təkan olacaq. Referendum Aktında əksini tapmış əlavə və dəyişikliklər Azərbaycanın müasir inkişaf dinamikası, modernləşmə strategiyasının tələbləri ilə uzlaşaraq, ölkənin siyasi, sosial-iqtisadi inkişafının mahiyyətindən doğur, sabit və davamlı inkişaf perspektivlərinə əlverişli şərait yaradır. Referendum Aktı layihəsinin qəbulunda məqsəd, bir tərəfdən insan hüquq və azadlıqlarına təminatı möhkəmləndirmək, digər tərəfdən, yeni dövrün tələbi kimi qəbul edilmiş qanunlara, normativ-hüquqi aktlara konstitusion status verməkdir. İctimai-siyasi formasiya fərqlərindən asılı olmayaraq, bütün dövlətlərdə yüzlərlə qanunlar qəbul edilir və bu qanunlar vasitəsilə təsbitlənmiş hüquq və vəzifələr, qadağalar cəmiyyətdəki hər bir fərd üçün eyni dərəcədə təsir gücü olan normativlərə çevrilir. Konstitusiyada nəzərdə tutulan 29 maddədə 41 əlavə və dəyişikliklərin hər birinin xalqın istək və arzusunu özündə birləşdirdiyi şübhəsizdir. Çünki yeniləşən və çiçəklənən ölkəmizdə bir sıra müasir dövrə uyğun dəyişikliklərin edilməsini artıq insanlar öz həyatlarında görmək istəyirlər. Konstitusiyanın təklif olan maddələrində nəzərdə tutulan hər bir dəyişiklik ölkədə vətəndaş cəmiyyətinin formalaşması, insan hüquq və azadlıqları ilə bağlı mühüm vəzifələri özündə cəmləşdirir.
Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin 5-ci bəndi ilə əlaqədar təklif olunan məsələ referendum ərəfəsində geniş müzakirə mövzusu olmuşdur. Həmin təklifin mahiyyəti Azərbaycanda bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasından ibarətdir. Bu təklifin irəli sürülməsi, birmənalı şəkildə ölkə vətəndaşlarının seçim imkanlarının genişləndirilməsi və seçicilərin seçmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırması ilə əlaqədardır. Azərbaycanın müstəqillik tarixi belə bir həqiqəti ortaya qoymuşdur ki, ölkəmizin inkişafına, dövlət maraqlarının ən səmərəli və etibarlı şəkildə qorunmasında şəxsiyyət amili xüsusi rol oynamışdır. Belə ki, liderə ictimai inamın və etibarın yüksək olması, ölkənin inkişaf etməsi üçün qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi, bütövlükdə milli maraqların təmin edilməsi istiqamətində ən etibarlı və vacib şərtlərdən biridir.
Azərbaycanın müstəqillik tarixi birmənalı şəkildə göstərir ki, lider o şəxs ola bilər ki, o, insanların etibarını qazanmaq qüdrətinə malik olsun və insanların etibarını qazanmaq üçün səylər göstərsin. Bu cür keyfiyyətləri daşımayan lider, təbiidir ki, insanlar tərəfindən inamla qarşılanmayacaq. İnsanların inanmadığı liderin qarşıda duran vəzifələrin həll edilməsi və yaxud milli maraqların təmin edilməsi istiqamətində səmərəli fəaliyyət göstərməsi mümkün deyil. Bütün bunların hamısı insanların seçim hüquqlarının hər hansı bir məhdudiyyət olmadan həyata keçirilməsinə imkan yaradılmasını tələb edir. Ölkə Konstitusiyasında müəyyənləşdirilmiş norma isə insanların seçmək imkanlarına məhdudiyyət qoyubdur. Bu məhdudiyyət bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməməsi şəklində özünü büruzə verib. Amma əslində, bu, konkret bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətdən daha çox, insanların seçmək hüququna qoyulan məhdudiyyətdir.
Konstitusiya müəyyən sərhəd çərçivəsində cəmiyyətin idarə olunmasının əsas prinsiplərini özündə əks etdirən ali sənəddir. Digər demokratik ölkələrdə olduğu kimi, hüquqi dövlət olan Azərbaycan da sivil və demokratik qanunlarla idarə olunur. Yəni hər bir ölkənin Konstitusiyası həmin dövlətin siyasi, iqtisadi əsasını, dövlətin idarə formasını, vətəndaşların hüquq və azadlıqlarını, məhkəmə sistemini, demək olar ki, cəmiyyət həyatının bütün sahələrini əhatə edən ən ali sənəddir. Çox gənc olan Konstitusiyamızın inkişafının müəyyən mərhələlərində yeniləşməyə və təkmilləşməyə ehtiyacı vardır. Məhz, buna görə də, ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyada islahatların həyata keçirilməsi üçün referendum keçirilmişdir.