Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən hazırlanan Amnistiya Aktının 9 min nəfərə şamil ediləcəyi, təqribən 1700 məhkumun azad olunacağı ehtimal edilir.
Bu gün ulu öndərimiz Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin humanizm dəyərlərinə söykənən fəaliyyəti Mehriban xanım üçün bir örnək, həyat məktəbidir. Novruz bayramı ərəfəsi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın amnistiya elan olunması təklifi ilə parlamentə müraciət etməsi, humanizm ideyalarının uca tutulduğunun təsdiqidir. Həmçinin, Mehriban xanım Əliyevanın Milli Məclisə müraciətində qayğı və yardıma ehtiyacı olan insanlara kömək göstərilməsi, ümummilli liderin insanpərvərlik ideallarının daşıyıcısı olan Heydər Əliyev fondunun fəaliyyətində əsas qayələrdən biri kimi dəyərləndirilir. Bu baxımdan, azadlıqdan məhrum edilmiş şəxslərin və onların ailə üzvlərinin Heydər Əliyev Fondunun prezidentinə çoxsaylı müraciətlərdə, həmin insanlara mərhəmət göstərilməsi zərurətini əsas götürərək, Mehriban xanım Əliyeva Novruz bayramı münasibətilə amnistiya elan olunması təşəbbüsü ilə çıxış etmişdir.
Amnistiya Aktı layihəsində böyük ictimai təhlükə törətməyən, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınların, cinayət törədərkən 18 yaşına çatmayanların, 1-ci və 2-ci qrup əlillərin, 60 yaşına çatmış kişilərin, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud 1-ci və 2-ci qrup əlil övladı olanların və bəzi digər kateqoriyadan olan şəxslərin azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi nəzərdə tutulur. Bununla belə, cəzalarının bitməsinə bir il qalmış qadınlar və kişilər, cərimə cəzası almış, şəxsi məhkum edilmiş şəxslərə amnistiya veriləcəyi bildirilir.
Qeyd edək ki, 1996-cı ildən bu günədək 8 amnistiya aktı imzalanıb. Dövlətin bu humanist qərarı ilə 70 mindən çox insan azadlığa qovuşub. 1993-cü ildən bu günədək isə 4500 nəfərin azadlığa çıxmasına səbəb olan 42 əfv fərmanı imzalanıb. Sonuncu amnistiya aktı ilə, ümumilikdə, 1500 nəfər azadlığa buraxılıb.
Qəbul edilən son Amnistiya Aktına ölkə siyasətçilərinin münasibəti də birmənalıdır. Onların əksəriyyəti atılan bu addımı dövlətin humanizm prinsipini ön planda tutması ilə əlaqələndirir. Millət vəkili Azay Quliyevin fikrincə, indiyə qədər verilmiş 8 Amnistiya Aktı bir çox məhkumun azadlığa buraxılmasını nəzərdə tutmuşdur: "İstər ümummilli lider Heydər Əliyev, istər də Prezident İlham Əliyev əfv fərmanları daha çox imzalamışlar. 40-dan yuxarı əfv fərmanı ilə 4378 şəxs bağışlanaraq müxtəlif cəzalardan azad edilmişdir".
Amnistiya və əfvetmənin bir sıra hüquqi məqamlarına toxunan millət vəkili, onu da qeyd etdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən, bu Amnistiya Aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir.
Onun sözlərinə görə, 1995-ci ildən etibarən Milli Məclis tərəfindən 7 Amnistiya Aktı qəbul olunub: "Onların hamısı cinayət məsuliyyətini, cəzanı və cəzaçəkmə müddətinin azaldılmasını nəzərdə tutur. Amnistiya Aktı, bir qayda olaraq, universal xarakter daşıyır. O, həm istintaq altında olanlara, həm də məhbuslara şamil oluna bilər. Birinci halda cinayət məsuliyyətindən şəxsin azad olunması, ikinci halda isə cəzadan azad olunması məsələsi həll olunur. Bir qayda olaraq, Amnistiya Aktı cinayət məsuliyyəti və ya cəzadan azadetmə haqda göstərişlərlə yanaşı təyin olunmuş cəzanın ixtisar edilməsinə və ya onu daha yüngül cəza növü ilə əvəzlənməsini özündə əks etdirir".
Xalqımız Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Novruz bayramı ərəfəsi atdığı növbəti xeyirxah işini yüksək qiymətləndirir və onun bu humanist siyasətini ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət etdiyini bildirirlər.