Moskvada “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin 20 illik yubileyi qeyd olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, Moskvadakı Mərkəzi Ədiblər Evində "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin 20 illik yubileyi qeyd olunub. Tədbirdə çıxış edən cəmiyyətin sədri, Ümumrusiya Azərbaycan Konqresi rəyasət heyətinin üzvü, professor Tofiq Məlikli bildirib ki, Azərbaycanın milli-mədəni cəmiyyətinin yaradılması ideyası ilk dəfə ötən əsrin 60-cı illərində ortaya çıxıb.
O vaxtlar Moskvadakı ali məktəblərdə və elmi-tədqiqat institutlarında təhsil alan bir neçə aspirant macar, polyak, bolqar və başqa tələbə, aspirantların həmyerlilər birliyi olduğu halda, nə üçün azərbaycanlılar buna bənzər birliyin olmasın. Elə bununla bağlı datəşəbbüs irəli sürüblər. Bu təşəbbüsün nəticəsi olaraq 1988-ci il dekabrın 22-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən təsis yığıncağında "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin yaradılması barədə qərar qəbul edilib. Bununla da Moskvada yaşayan 22 min azərbaycanlı öz mədəniyyəti ilə təmasda olmaq, ana dilini, tarixini öyrənmək, milli mənafelərini müdafiə etmək imkanı qazanıb. "Ocaq" Ukraynanın "Flavutiç"i və yəhudilərin "Şalom"u ilə yanaşı, Moskvada qeydə alınmış ilk üç təşkilatdan biri olub.
T.Məlikli əlavə edib ki, "Ocaq" fəaliyyət göstərdiyi 20 il ərzində daim Azərbaycanın tarixinə dair silsilə tədbirlər, dəyirmi masalar, mühazirələr, Azərbaycan dili kursları, bazar günü məktəbi təşkil edib. Məktəbdə Azərbaycanın əməkdar mədəniyyət işçisi Asya Sultanova uşaqlara musiqi dərsi keçir. Tofiq Məliklinin sözlərinə görə, "Ocaq" cəmiyyəti 1997-ci ildə Moskvanın Təhsil Departamentinin köməyi ilə Azərbaycan etnomədəni ünsürlü məktəb-157 saylı orta məktəbi açmağa nail olub. Cəmiyyətin yaranmasından 3 ay sonra - 1989-cu ilin martında ilk dəfə rəsmən milli bayramımız - Novruz bayramı qeyd edilib. "Ocaq"dan sonra Novruzu öz bayramı hesab edən digər milli-mədəni birliklər də onu qeyd etməyə başlayıblar.
Yubiley mərasimində Azərbaycan mədəniyyəti cəmiyyətinin yaradılması barədə videoçarxın nümayişindən sonra, səfir Polad Bülbüloğlunun adından səfirliyin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova, Moskva merinin müavini və Şəhər Regionlararası Əlaqələr Milli Siyasət Komitəsinin sədri adından onun müavini V.Nucdin, Azərbaycan təhsil nazirinin müavini İradə Hüseynova, Moskva Millətlər Evinin direktoru Pyotr Lempard, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şakir Səlimov, ÜAK-ın icraçı direktoru Eldar Quliyev, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq Ağamirov, 157 saylı Azərbaycan etnomədəni ünsürlü məktəbin direktoru Aida Quliyeva və b. təbrik nitqi söyləyiblər.
Sonda cazmen Vaqif Sadıxovun, müğənnilər Sərxan Sərxan və Əbdül Xaliqin, tarzən Qorxmaz Axundovun, Parisdə yaşayan Azərbaycan pianoçusu Renara Axundovanın, 157 saylı məktəbin rəqs kollektivinin, eşitmə imkanları məhdud olan uşaqlardan ibarət "Buta" ansamblının iştirakı ilə konsert və teatrlaşdırılmış səhnəciklər təqdim edilib.