PDF Oxu

Əsas

  • 7

Milli Məclisin növbəti iclası martın 17-də keçiriləcək

Milli Məclisin növbəti iclası martın 17-də keçiriləcək
"Səs" qəzetinə verilən məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi müzakirə olundu. İclasda komissiyanın sədri Əli Hüseynov bildirdi ki, müzakirəyə çıxarılan sənədi Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva qanunvericilik təşəbbüsü qaydasında hazırlayaraq parlamentə təqdim edib.
Qeyd olundu ki, ulu öndərimizin siyasətinə sədaqətini nümayiş etdirən Heydər Əliyev Fondu insanpərvərlik və humanizm ideallarından çıxış edərək qayğıya və yardıma ehtiyacı olanlara daim kömək göstərir. Məhkum edilmiş şəxslərdən və onların ailə üzvlərindən bu fonda daxil olan çoxsaylı müraciətlər araşdırılıb, tədqiqatlar həmin insanlara da münasibətdə mərhəmətli olmağın zəruriliyini göstərib. Parlamentə təqdim edilən layihədə Azərbaycan xalqının firavanlıq, əmin-amanlıq və mərhəmət rəmzi olan milli bayramı - Novruz bayramı münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü irəli sürülür.
Layihədə deyilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsini və siyasi məfkurəsini təşviq edən Heydər Əliyev Fondu ulu öndərin sosial-iqtisadi, mədəni inkişafa, dünya birliyinə inteqrasiyaya yönəlmiş siyasətinin öyrənilməsinə və bu ideyaların həyata keçirilməsinə hər zaman dəstək verir.
Müzakirələrdə deputatlar və hüquq-mühafizə orqanlarının nümayəndələri qeyd etdilər ki, insanlara köməklik göstərməyi öz fəaliyyətində ənənəyə çevirən deputat Mehriban xanım Əliyeva ikinci dəfədir ki, belə bir xeyirxah təşəbbüslə Milli Məclisə müraciət edir. Xatırlandı ki, birinci təşəbbüsün dəstəklənməsi nəticəsində parlamentin qəbul etdiyi "Amnistiya aktı haqqında" qərar minlərlə məhkumu əhatə etmişdi. Nəzərə çatdırıldı ki, budəfəki amnistiya aktının əhatə dairəsi daha geniş olacaq.
Komissiya üzvləri bu addımı Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi və humanizm prinsiplərinin qorunub saxlanması kimi xarakterizə edərək yüksək qiymətləndirdilər. Bir fikir xüsusi vurğulandı ki, Novruz bayramı ərəfəsində minlərlə ailəni sevindirəcək qərar layihəsi bütün sosial təbəqələri əhatə edir.
Amnistiya aktının layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Həmçinin, azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzalarının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə, cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq etməklə, onların cəzadan azad olunmaları təklif edilir. Aparılan təhlillərə əsasən, təqribən 9 min şəxsin amnistiya aktının təsiri altına düşməsi ehtimal edilir. Bunlardan 1700 məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi gözlənilir.
İclasda bildirildi ki, amnistiya aktı haqqında qərar layihəsinə Milli Məclisin martın 17-də keçiriləcək iclasında baxılması nəzərdə tutulur. Parlamentdə qəbul olunduqdan sonra qərar layihəsi qüvvəyə mindiyi gündən 4 ay müddətində tam icra olunmalıdır.

Digər xəbərlər