PDF Oxu

Əsas

  • 11

Respublikamızda Beynəlxalq Muğam Müsabiqəsinə start veriləcək

Respublikamızda Beynəlxalq Muğam Müsabiqəsinə start veriləcək
Bildiyimiz kimi, 18 mart 2009-cu il tarixində respublikamızda Beynəlxalq Muğam Müsabiqəsi keçiriləcək. Müsabiqədə dünyanın ayrı-ayrı ölkələrindən 30 nəfər ifaçının iştirakı nəzərdə tutulmuşdur.
Azərbaycan incəsənətində muğam sənətinə müasir dövrümüzdə münasibət dəyişmiş, bu istiqamətdə millət vəkili Mehriban xanım Əliyevanın gerçəkləşdirdiyi layihələr öz bəhrəsini vermişdir. Onun təşəbbüsü ilə bu sahədə əsaslı işlər görülmüş, muğam sənəti dünyada yüksək səviyyədə təbliğ olunmaqdadır. Elə bu məqsədlə də Səbail rayonu 190 saylı məktəbdə Azərbaycanın əməkdar artisti, gözəl muğam ustası Könül Xasıyeva ilə görüş keçirildi.
Görüşü giriş sözü ilə məktəbin direktoru, respublikanın əməkdar müəllimi Afət Bakıxanova açdı. O, xüsusi olaraq qeyd etdi ki, muğam sənətinə münasibət Azərbaycanın millət vəkili Mehriban xanımın qayğısı sayəsində tamamilə başqa bir ab-hava almışdır.
Afət Bakıxanova sözü təlim-tərbiyə üzrə direktor müavini Qənirə Əmircanovaya verdi. Q.Əmircanova K.Xasıyevanın Azərbaycan incəsənətində xidmətlərindən söz açıb, onun yaradıcılıq yolunun özünəməxsus cəhətlərinə nəzər saldı.
Görüş çərçivəsində muğam sənətinin mahir ifaçılarından olan müğənni haqqında yazılmış şeirlər şagirdlərin ifasında səsləndirildi. Muğam ifaçısının səsləndirdiyi Azərbaycan muğamları tamaşaçılar tərəfindən dönə-dönə alqışlarla qarşılandı.
Tədbirdə Səbail rayon icra hakimiyyətinin məsul işçisi Hicran Xəlilova, Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasının incəsənət şöbəsinin müdiri Nazilə Tahirova, Bakı şəhər Təhsil İdarəsinin məsləhətçisi Roza Rüstəmova və b.-ı iştirak edirdilər.
Tədbirin sonunda K.Xasıyeva məktəb direktoruna bu görüş üçün təşəkkür edərək, Azərbaycan xalqı və incəsənəti ilə fəxr etdiyini, muğam sənətinin Tanrının ona bəxş edəcəyi ömür payının sonunadək təbliğatçısı olacağını mənəvi borcu kimi dəyərləndirdi və məktəbin "Fəxri qonaq kitab"ına öz ürək sözlərini yazdı: "190 saylı məktəbin rəhbərliyinə, şəxsən Afət müəllimənin özünə və bütün müəllim və şagird kollektivinə öz adımdan, musiqiçilərimizin adından milli musiqimizin ömrü qədər uzun və şərəfli ömür diləyirəm. Daima zirvədə olmağı arzulayıram".

Digər xəbərlər