Dövlət insan hüquqlarının ən etibarlı qarantıdır
Müstəqil dövlətimiz öz inkişaf xəttini müəyyənləşdirərək, demokratik və azad cəmiyyət qurulmasını prioritet kimi qəbul edib. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu iqtisadi inkişaf və vətəndaş cəmiyyətinin yaradılması, möhkəmlənməsi Azərbaycanının hərtərəfli inkişafı üçün başlıca şərtdir. Ölkə rəhbəri bu məsələyə çıxışlarında da dönə-dönə toxunub: "Vətəndaş cəmiyyətinin yaradılması, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq, bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müsbət təsir göstərir."
Prezident İlham Əliyev, eyni zamanda, bu fikri önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz: "İqtisadi cəhətdən güclü olan bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən."
Bu gün bir həqiqətdir ki, ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində mühüm uğurlar qazanılıb. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyev 2006-cı ilin dekabrın 28-də imzaladığı sərəncamla Milli Fəaliyyət Planını təsdiq edib. İnsanların konstitusion hüquqlarından istifadə edilməsinə lazımi şərait yaradılıb. On minlərlə vətəndaşa şamil edilən əfv fərmanları, amnistiya aktları beynəlxalq birlik tərəfindən də dövlətimizin demokratik inkişaf yolunda atdığı addım kimi dəyərləndirilib. Vətəndaşların hüquq və azadlıqlarının qorunmasında, qanunun aliliyinin təmin olunmasında məhkəmələrin mühüm rol oynadığı nəzərə alınaraq məhkəmə-hüquq sistemində köklü islahatlar həyata keçirilib. Hakimlərin şəffaf və çoxpilləli proseduralar əsasında təyin olunmasına, onların müstəqilliyinin artırılmasına nail olunub. Bütün bu sadalananlar Azərbaycanın son beş ildə qeyd olunan istiqamətdə qazandığı uğurların bir hissəsidir. Bugünkü nailiyyətlər, təbii ki, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin "Demokratiya bizim strateji kursumuzun əsas mahiyyətidir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz" bəyan edərək sivil, hüqüqi dövlət quruculuğu yolunda atdığı addımların davamıdır.
Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1993-2003-cü illərdə insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdırılmışdır. Ulu öndər ölkədə insan hüquq və azadlıqlarının ən böyük təminatçısı olub. Təbii ki, bu fikri söyləməyə əsas var. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv olundu. Bu gün dünyanın bir çox qabaqcıl ölkələrində belə ölüm cəzasının hələ də ləğv olunmadığını və mütəmadi olaraq tətbiq edildiyini nəzərə alsaq, ulu öndərin bu addımının nə dərəcədə böyük hüquqi, tarixi dəyərini dərk etmiş olarıq. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin dövrdən etibarən imzalanmış sərəncam və fərmanlara əsasən minlərlə vətəndaşımız azadlığa qovuşmuşdur. Ümummmilli lider Heydər Əliyev hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin alçaldılması, zorakılıq, işgəncə və bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur. Təsadüfi deyil ki, ulu öndərin rəhbərliyi ilə qəbul olunmuş Milli Konstitusiyada bu məsələ önə çəkilir. Eyni zamanda, Azərbaycan dövləti insan hüquqlarının müdafiəsi sahəsində bir çox beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur.
Ümummilli lider Heydər Əliyev 1998-ci ildə ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin genişləndirlməsi məqsədilə "İnsan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamışdır. Həmin fərmanla Azərbaycanda insan hüquqları sahəsində həyata keçiriləcək tədbirlərin istiqaməti və konsepsiyası müəyyən edilmişdir. Eyni zamanda, həmin ilin iyunun 18-də imzalanan sərəncamla təsdiqlənən "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" ölkəmizdə bu sahədə görülən işlərin effektivliyini daha da artırmağa, mövcud problemlərin aradan qaldırılmasına şərait yaratmışdır.
Ulu öndər Heydər Əliyevin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnsan hüquq və azadlıqlarına hörmətlə yanaşılması, təmin olunması istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılaraq vətəndaşların hüquqlarının qorunması həyata keçirilən siyasətin başlıca prioritetidir.
Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Fəaliyyət Planı"na əsasən bu istiqamətində görülən tədbirlər humanizmin nümunəsi kimi çox əhəmiyyətlidir.
Həmin sərəncamda da qeyd edilir ki, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərndən biri kimi müəyyən edilmişdir. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır.
Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdakı illər üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir.
Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin "Minilliyin inkişaf məqsədləri"nin və Avropa Şurasının 3-cü Zirvə Görüşünün insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyinin təmini sahəsində müəyyən etdiyi prioritetləri nəzərə alaraq, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədi təsdiqlənən Milli Fəaliyyət Planının əsas müddəalarında normativ-hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi üçün müvafiq qurumlara tapşırıq və tövsiyələr verilir. Onların lazımi səviyyədə yerinə yetirilməsi əldə olunan müsbət nəticələrdən aydın görünür.
Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixili sərəncamı ilə 18 iyun İnsan Hüquqları Gününün təsis edilməsi də bu sahəyə diqqətin bariz nümunəsidir. Dövlətin siyasətində insan amilinə yüksək dəyər verilməsi beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilir.
Müstəqil dövlətimizin dünyanın nüfuzlu təşkilatlarından olan Avropa Şurası ilə əlaqələrinin yüksələn xətt üzrə inkişafı, eyni zamanda, BMT-nin İnsan Haqları Bürosuna üzv seçilməsi də deyilənlərə əyani sübutdur.
Göründüyü kimi, iqtisadi proqramlar əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilib. Xüsusilə, ölkə başçısının əhalinin sosial rifahına yönələn fərman və sərəncamları bir daha sübut edir ki, Azərbaycan hökuməti xalqın sosial həyat tərzi və hüquqlarının qorunması üçün məqsədyönlü siyasət yeridir. Ən maraqlısı odur ki, bu siyasət beynəlxalq təşkilatlar və demokratik ölklərə tərəfindən də dəstəklənir.