“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz inkişafını davam etdirəcək”
"İzvestiya" qəzetinin 26 fevral tarixli sayında Azərbaycana həsr olunmuş tematik əlavədə müəlliflər Oleq Sıqanov, Aleksandr Karavayev və Aleksey Potapovun imzası ilə analitik yazı dərc olunmuşdur. Rusiyanın tanınmış tədqiqatçılarından olan Oleq Sıqanovun qələmə aldığı "Antiböhran standartı, İlham Əliyevin maliyyə-iqtisadi böhranın aradan qaldırılmasına dair 7 təklifi" sərlöhvəli yazıda dünyada hökm sürən iqtisadi böhranın başvermə səbəbləri, onun acı nəticələri və bu tendensiyanın postsovet ölkələrinə, o cümlədən, Azərbaycana mənfi təsirlərindən bəhs olunub.
Hazırda bütün dünya əhalisi üçün aktual mövzu olan qlobal maliyyə böhranı böyüyərək beynəlxalq iqtisadi sistem üçün böyük təhlükə yaratsa da, Azərbaycan iqtisadiyyatının öz dinamik inkişafını davam etdirməsi və iqtisadi inkişafın proqnozlaşdırılan indikatorlara uyğun baş verməsi onu göstərir ki, bu böhran Azərbaycandan yan keçib. Oleq Sıqanov bu prosesi məhz Azərbaycan dövlətinin və onun rəhbərinin çevik, praqmatik və kordinasiyaolunmuş iqtisadi siyasətinin nəticəsi hesab edir: "Azərbaycan kimi, vaxtında özünü "təhlükəsizlik yastığı" ilə təmin edə bilmiş və indi toplanılmış vəsaitdən "XXI əsrin iqtisadi taununun" nəticələrini yumşaltmaq üçün ağılla istifadə edən ölkələr daha yaxşı vəziyyətdədir".
Ekspertlər də bu fikirdədirlər ki, qlobal maliyyə böhranı ölkədəki maliyyə sabitliyinin fundamental iqtisadi əsaslarına təsir etməyib. Yeni şəraitdə bank sistemi də dinamik artım və stabillik nümayiş etdirib, bankların iqtisadiyyatda maliyyə vasitəçisi rolu daha da inkişaf edib. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasətin nəticəsidir ki, il ərzində strateji valyuta ehtiyatları artaraq 17 mlrd dol-ı ötüb. Ölkənin toplam xarici aktivləri isə, onun öhdəliklərini 9 mlrd dol məbləğində üstələyib. Bunun nəticəsidir ki, Azərbaycan dünya iqtisadiyyatı ilə maliyyə münasibətlərində kreditor mövqeyini daha da möhkəmlədib və strateji valyuta ehtiyatları ölkəmizin beynəlxalq likvidliyinin daha da artmasını təmin edir. Bir məqama da diqqət yetirsək, görərik ki, bir sıra ölkələr ciddi maliyyə çatışmazlığı ilə üzləşsə də, məhz ölkə rəhbərliyinin düzgün iqtisadi siyasəti nəticəsində Azərbaycan nəinki bu problemlərdən yan keçmiş, hətta 17 mlrd dol həcmində valyuta ehtiyatı formalaşmışdır.
Düzdür, 2008-ci ilin sonlarından başlanan qlobal maliyyə böhranının fəsadları, Azərbaycan iqtisadiyyatına da müəyyən qədər sirayət etsə də, o da qeyd edilməlidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində böhranın mənfi təsirləri ölkə iqtisadiyyatında, əhalinin həyat tərzində praktiki olaraq hiss olunmamışdır. Oleq Sıqanovun fikrincə, bunun əsas səbəbi Azərbaycan hökumətinin uğurlu qabaqlayıcı addımlar atmasıdır: "Azərbaycanda infrastrukturun məqsədyönlü inkişafı dünyada hər hansı böhranlardan xeyli əvvəl başlanmışdır və onlardan asılı olmayaraq davam etdiriləcəkdir. Ən əvvəl ona görə ki, hökumət başa düşürdü və indi də başa düşür ki, infrastruktur layihələri təkcə və heç də böhran əleyhinə müalicə reseptləri demək deyil, bundan daha artıq dərəcədə ölkənin gələcək davamlı və müntəzəm inkişafının möhkəm təməlini yaratmaq deməkdir".
Dünyanın nüfuzlu maliyyə inistutlarının apardığı son təhlillərə əsaslanaraq deyə bilərik ki, artıq bütün dünya ölkələrinin üzləşdiyi maliyyə və iqtisadi böhran ehtimal edildiyindən daha dərin, sarsıdıcı və uzunmüddətli olacaqdır. Ən optimal ssenarilərə əsasən, onun yalnız 2010-cu ilin sonu, 2011-ci ilin əvvəlində başa çatacağı gözlənilir. Bu isə 2009-cu ildə böhranın ölkə iqtisadiyyatına təsirinin daha qabarıq olacağı ehtimalını gücləndirir. Buna baxmayaraq, Azərbaycan hökuməti hər hansı təşvişə düşməyi deyil, reallığı qəbul edərək böhran şəraitinə uyğun müvafiq iqtisadi siyasətin həyata keçirilməsini və davranış qaydalarına ciddi riayət edilməsini qarşıya əsas məqsəd kimi qoyub. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun, həm də dünyanın aparıcı reytinq agentliyi olan "Standart&Poors" şirkətinin qənaətlərinə görə, Azərbaycan iqtisadiyyatının böyük imkanlara malik olması və dayanıqlılığı, habelə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi siyasət respublikamızın dünya böhranının nəticələrini digər ölkələrlə müqayisədə daha asan dəf edəcəyinə zəmin yaradır.
Təsadüfü deyil ki, Oleq Sıqanov da hesab edir ki, Azərbaycan dünyada hökm sürən bu tendensiyadan sığortalanmaq üçün daha təsirli imkanlara malikdir: "Azərbaycan iqtisadiyyatı yaranmış vəziyyətdən şərəflə çıxa biləcəkmi? Ölkənin dünya burulğanlarından tamamilə təcrid oluna biləcəyini söyləməyə dəyməz, çünki dünyada qarşılıqlı asılılıq həddən çoxdur. Lakin itkiləri əhəmiyyətli dərəcədə minimuma endirmək, ən az itki ilə nəticələnən ən optimal yol seçmək tamamilə mümkündür və Azərbaycan öz Prezidenti İlham Əliyevin rəhbərliyi ilə buna hökmən nail olacaqdır".
Qeyd edək ki, müəlliflər Aleksandr Karavayev və Aleksey Potapov da bu fikirdədirlər: "Azərbaycan iqtisadiyyatının xüsusiyyəti ondan ibarətdir ki, onun qlobal maliyyə və fond bazarları sahəsinə dərin bağlılığı yoxdur. Bu baxımdan, o, daha sağlamdır və şişirdilmiş qiymət artımlarından və "köpüklərdən" azaddır. Hərçənd, Bakıda daşınmaz əmlakın qiymətinin qalxması və ötən il neftin 1 barelinin 140 dol-a çatması ilə neft gəlirlərinin artması ölkənin iqtisadiyyatına təsir edən amillər doğurmuş, bu da istehlak bazarında yüksək inflyasiyada özünü göstərmişdir".
Statistik rəqəmlər də bu əminliyi daha da artırır. Belə ki, 2009-cu il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın hökumət təminatı verilən borcu ÜDM-in 6,4 faizinədək azalmışdır (2008-ci ilin üçüncü rübünün yekunlarına görə, 3 mlrd dol, adambaşına 345 dol-dır). Borcun əsas hissəsini (87,5 faiz) sərmayə layihələri üçün götürülən vəsait təşkil edir - 2,6 mlrd dol. Bu məbləğin 1,19 mlrd dol-ı (39,8 faiz) elektroenergetikanın, 659,9 mln dol-ı (22 faizi) yol tikintisi və nəqliyyatın, 230,9 mln dol-ı (7,7 faizi) kənd təsərrüfatının, 195,6 mln dol-ı (6,5 faiz) sosial sahənin və 183,9 mln dol-ı (6,13 faiz) neft-qaz sektorunun payına düşür.
Bütün bunlara rəğmən, müəlliflər haqlı olaraq hesab edirlər: "Azərbaycan rəhbərliyinin tədbirlərinə adi gözlə nəzər salanda, görünür ki, hökumətin diqqət mərkəzində, ilk növbədə, ölkə vətəndaşları - onların rifahı, təhlükəsizliyi və layiqli həyatı durur. Böhranların necə aradan qaldırıldığı isə hamıya tarixdə vaxtaşırı təkrarlanan nümunələrdən yaxşı məlumdur. Bütün siyasətçilər və dövlət xidmətçiləri üç qaydaya əməl etməlidirlər... vicdanlı olmaq- dəqiq icra intizamı, qənaətcillik - vəsaitlərin xərclənməsinə nəzarət, düzlük - sosial etimadın rəhni kimi ölkədəki vəziyyət barədə həqiqət. Azərbaycan lideri İlham Əliyev də məhz bunu təklif edir".