Konstitusiya dövlətin sabit və davamlı inkişaf yolunu beynəlxalq hüquq normaları əsasında formalaşdırmaqla yanaşı, dövlətlərin siyasi sistemini müəyyənləşdirən, demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına münasibətini özündə ehtiva edən ali sənədddir. Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı da ötən əsrin sonlarına doğru müstəqillik idealına qovuşduqdan sonra dövlətçiliyin mühüm atributu olan müstəqil Azərbaycanın milli Konstitusiyası 1995-ci ilin 12 noyabrında ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Bu gün isə, zamanın tələbinə uyğun olaraq Əsas Qanunda əlavə və dəyişikliklərin edilməsinə ehtiyac duyulub. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə söhbət zamanı bu dəyişiklik və əlavələrin Azərbaycan xalqının maraqlarını ifadə etdiyini bildirdilər:
"Tərəqqi" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi İlham Xəlilov:
- Bu günlərdə xalqımız çox əlamətdar kampaniya ərəfəsindədir. 18 martda bütün Azərbaycan ictimaiyyəti referenduma səs verəcək. Dövlətçiliyimizin inkişafı və daha ciddi demokratik əsaslar üzərində qurulmasının əsas istiqamətlərindən biri də Azərbaycan Respublikası qanunvericilik sisteminin beynəlxalq standartlar əsasında daim təkmilləşdirilməsidir. Bu cəhətdən Azərbaycan Respublikası Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər bir neçə mühüm aspektdən zəruri hesab edilməlidir. Xüsusilə, 101-ci maddənin mahiyyəti barədə fikirimi bildirmək istərdim. Çünki bu maddə müxalifət tərəfindən daha çox müzakirə mövzusuna çevrilib. Bütün ictimaiyyətin bu maddəyə edilən dəyişikliyin tam real olduğunu bildirməsi heç də təəccüb doğurmur. Çünki Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsinə edilən əlavə və dəyişikliklər də mahiyyətcə demokratik norma və prinsiplərlə tamamilə uzlaşmaqla, respublikamızın hazırkı inkişaf tempi ilə səsləşir. Müəyyən qüvvələr bu maddə ətrafında ajiotaj yaratmaqla Konstitusiyaya əlavə və dəyişikliklərin mahiyyətini konyunktur maraqlar müstəvisindən şərh etməyə, insan hüquq və azadlıqlarının daha etibarlı təminatına xidmət edən bu yeniliklərin mahiyyətini təhrif etməyə, bir sözlə, ictimaiyyəti çaşdırmağa çalışırlar. Lakin 101-ci maddədə nəzərdə tutulan əlavə və dəyişikliklər də respublikamızın sosial-iqtisadi, demokratik inkişafından irəli gəlir. O zaman 101-ci maddənin Konstitusiyada nəzərdə tutulması, yəni, bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsi qarşısında müəyyənləşdirilən konstitusion baryer tamamilə məntiqəuyğun olub dövrün reallıqları ilə şərtlənirdi. Bu baxımdan, hər hansı şəxsin iki dəfədən artıq prezidentliyə namizədliyini irəli sürməsi respublikada demokratik proseslərin mahiyyətinə heç bir təsir göstərmir. Son nəticədə kimin prezident seçiləcəyini xalq müəyyənləşdirir. Hakimiyyət üzərində ictimai nəzarət mexanizmlərinin möhkəmlənməsi fonunda 101-ci maddənin 5-ci hissəsində nəzərdə tutulan əlavə və dəyişiklik heç bir tərəddüd doğurmur. 101-ci maddənin 5-ci hissəsinə təklif olunan dəyişikliyə görə, "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu baxımdan, müharibə şəraitində Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin hərbi əməliyyatların sonunadək uzadılması təklifi xalqın ümumi təhlükəsizliyi və milli maraqları baxımından obyektiv reallığa əsaslanır. Ümumilikdə, bu əlavə və dəyişikliklər, eyni zamanda, milli dövlətçiliyimizin hüquqi-siyasi əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir. Odur ki, müvafiq təşəbbüs əhalinin müxtəlif sosial təbəqələri tərəfindən yüksək səviyyədə dəstəklənir. Hər bir seçicinin martın 18-də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına xidmət edən əlavə və dəyişiklikləri birmənalı dəstəkləyəcəyi şübhəsizdir.
YAP Gəncə rayon təşkilatının təbliğat-təşviqat şöbəsinin üzvü Arzu Həmzəyeva:
- Azərbaycanın son illər əldə etdiyi uğurlar, iqtisadi inkişaf baxımından dünyada lider dövlət sırasında yer tutması, ölkəmizdə həyata keçirilən islahatların müsbət nəticəsinin təkcə paytaxt Bakıda deyil, hər bir əyalətdə, hətta hər bir kənddə hiss edilməsi isə vətəndaşlarımızın martın 18-də təklif edilən əlavə və dəyişikliklərin lehinə səs verəcəklərini deməyə əsas verir. Konkret olaraq təklif edilən əlavə və dəyişikliklərə gəlincə, ilk olaraq, təklif olunan maddələri müəyyən mənada qruplaşdırmaq mümkündür. Məsələn, birinci qrupda mənəvi, sosial həyatımıza, ictimai münasibətlərə təsir edəcək maddələri birləşdirmək olar. Konstitusiyanın 18-ci maddəsinə belə bir əlavə təklif olunur ki, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması məsələsinə dini cərəyanlar da əlavə edilsin. Əslində, Konstitusiyanın din və dövlət arasındakı münasibətləri tənzimləyən 18-ci maddəsinin ikinci hissəsində "dinlərin" sözündən sonra "dini cərəyanların" sözlərinin əlavə edilməsi səbəbsiz deyil. Hazırda bir sıra radikal dini cərəyanlar mövcuddur ki, onlar dinin həqiqi mahiyyətindən uzaq, insanpərvərlik prinsiplərinə və insan ləyaqətinə zidd olan fəaliyyətlə məşğuldurlar. Belə dini cərəyanlar mövcud dinlərin ayrı-ayrı dini-ideoloji nüanslarından və məqamlarından qaynaqlansa da, özlərinin şübhəli mahiyyəti və məqsədləri, radikal ideoloji baxışları ilə mənsub olduqları dinlərin özünə qarşı müxalif mövqe tutur, sivil cəmiyyət qanunlarına itaətsizlik təbliğ edir və daha çox müstəqil fəaliyyətə üstünlük verirlər. Bu cür cərəyanların yayılması tolerantlıq baxımından cəmiyyətlərin tarazlığının pozulmasına vəsilə olur. Qeyd edilməlidir ki, ölkəmizdə belə hallar təhlükəli həddə olmasa da, hər halda simptomları mövcuddur və bunun qarşısının alınması üçün milli qanunvericilik bazasının təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur. Belə ki, hazırda Azərbaycanda fəaliyyət göstərən bəzi qeyri-ənənəvi təriqət və sektalar beynəlxalq hüquqa və yerli qanunlara zidd üsul və metodlarla ölkə vətəndaşlarının etiqad azadlığına müdaxilə edir, dövlət təhlükəsizliyi və ictimai təhlükəsizlik baxımından zərərli təbliğat-təşviqat işi ilə məşğul olurlar. Belə hallar dövlətimiz və xalqımız üçün təhlükəli tendensiyalara yol açır və insan hüquqlarının təminatı sahəsində Azərbaycan Respublikasının öhdəliklərinin yerinə yetirilməsi işində ciddi çətinliklər yaradır. Sözügedən əlavə qəbul edildikdən sonra aşkar olunmuş qanun pozuntularına münasibət bildirilməsi üçün zəruri hüquqi baza yaranacaqdır.
Ümumilikdə, "Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı demokratik xarakteri, insan hüquq və azadlıqlarına maksimum təminat yaratması ilə cəmiyyət tərəfindən də ciddiliklə dəstəklənir. Respublikanın gələcək inkişaf yoluna biganə olmayan bütün vətəndaşların bu referendumda fəal iştirak edəcəyi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına xidmət edən əlavə və dəyişiklikləri birmənalı dəstəkləyəcəyi isə şübhəsizdir.
YAP Səbail rayon təşkilatının referendum üzrə təşviqat qrupunu səlahiyyətli üzvü İsrafil Bəkirov:
- Azərbaycan xalqı növbəti tarixi proses ərəfəsindədir. Martın 18-də seçki məntəqələrinə gedəcək vətəndaşlarımız Azərbaycan Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərə münasibət bildirəcəklər. Yəni, ölkə vətəndaşları məhz həmin tarixdə təklif edilən əlavə və dəyişikliklərin lehinə, yaxud da əleyhinə səs verməklə növbəti dəfə öz vətəndaşlıq borclarını yerinə yetirmiş olacaqlar. Konstitusiyanın 18-ci və 48-ci maddələrinə təklif olunan əlavə və dəyişikliklər vətəndaşların Konstitusiya ilə təsbit edilmiş vicdan azadlığının daha dolğun və keyfiyyətli təminatına xidmət edir. Referendum Aktı layihəsində 18-ci maddədə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərlə yanaşı, "dini cərəyanların" da yayılması və təbliği qadağan edilir. Bu dəyişiklik Azərbaycanda qeyri-ənənəvi dinlərin və dini cərəyanların yayılmasına qarşı etibarlı hüquqi zəmin hazırlamaq məqsədi daşıyır.
Həmçinin, Konstitusiyanın 32-ci maddəsinə (Şəxsi toxunulmazlıq hüququ) təklif edilən dəyişiklik isə mahiyyətcə hər bir vətəndaşın şəxsi toxunulmazlıq hüququnun daha etibarlı təminatına, bu sahədə prinsiplərin daha da dəqiqləşdirilməsinə xidmət edir. 32-ci maddədə nəzərdə tutulan dəyişikliyə görə, qanunla müəyyənləşdirilən hallardan başqa, şəxsi və "ailə həyatına" müdaxilə etmək qadağandır. Digər mühüm əlavəyə görə, "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz".
Konstitusiyanın digər 96-cı maddəsinə (Qanunvericilik təşəbbüsü hüququ) təklif edilən dəyişiklik daha vacib dəyişiklikdir. Belə ki, bu islahata görə, hər 40 min Azərbaycan Respublikası vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi xalqın konstitusion hüquqlarının daha səmərəli təminatına və daha da genişləndirilməsinə xidmət edir. Bu mühüm əlavə 40 min vətəndaşa dövlət idarəçiliyinin və cəmiyyət həyatının ayrı-ayrı sahələri üzrə qanunamüvafiq təkliflərini, istək və niyyətlərini qanun layihəsi şəklində Milli Məclisin müzakirəsinə çıxarmaq imkanı yaradır. Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalq olduğundan belə bir mühüm müddəanın Konstitusiyada əksini tapması tamamilə məntiqlidir.
"Tərəqqi" Təşviqat Qrupunun səlahiyyətli üzvü Məlahət İbrahimova:
- Məlum olduğu kimi, qanunlar cəmiyyətin bütün sahələrində dinamik inkişafın tələblərinə cavab verməli və bu inkişafı təmin etməlidir. Bu nöqteyi-nəzərdən Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi obyektiv tələbata çevirilidi. Son beş ildə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı addımlar atan dövlət başçısı İlham Əliyev cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsini də davamlı prosesə çevirmişdir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac cəmiyyətin ən müxtəlif sahələrində özünü qabarıq göstərən sürətli inkişafdan irəli gəlir. Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklərin hüquqi müstəvidə şərhi onların hər bir vətəndaşın maraq və mənafeyi baxımından müstəsna əhəmiyyətini önə çıxarır. Bu baxımdan, bir sıra əlavə və dəyişikliklərin üzərində xüsusi dayanmaq, onları mövcud varianta nəzərən müqayisəli təhlil etmək lazım gəlir. Məsələn, 12-ci maddəyə təklif olunan dəyişikliyə görə, insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" də dövlətin ali məqsədləri sırasına daxil edilir. 17-ci maddəyə təklif edilən əlavə və dəyişikliklər isə uşaq hüquqlarının qorunmasında dövlətin məsuliyyətini və fəaliyyət dairəsini daha da genişləndirir, bu sahədə konstitusion normaların təkmilləşməsinə etibarlı zəmin yaradır. Bu maddəyə təklif olunan dəyişikliklərə görə, dövlət valideynləri və ya qəyyumları olmayan, valideyn himayəsindən məhrum olan uşaqları öz himayəsinə götürməlidir. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək Konstitusiya ilə qadağan olunur. 15 yaşına çatmamış uşaqların işə götürülməsinə qoyulan hüquqi yasaq da bütövlükdə uşaqların məktəbdən yayındırılması, onların əməyinin istismar edilməsinə qarşı mübarizənin gücləndirilməsi, cəmiyyətdə savadsızlıq meyillərinin artımının qarşısının alınması baxımından vacib əhəmiyyətə malikdir. Digər əlavə və təkliflər də əhəmiyyət daşıyan islahatlardır. İnanıram ki, xalqımız ölkənin tərəqqisi naminə referendumda fəal iştirak edəcəklər.