Rəsmi Ankara mövqeyini dəyişir
Mətbuatda əsas müzakirə mövzusuna çevrilən Ermənistan-Türkiyə yaxınlaşması, münasibətlərin inkişafı üçün rəsmi Ankaranın Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində Dağlıq Qarabağ şərtindən imtina etməsi diqqət mərkəzində olan prosesə çevrilib. Ən maraqlısı odur ki, Türkiyənin bu məlumatları nə təkzib, nə də təsdiq etməsi birmənalı qarşılanmır. Eyni zamanda, müxtəlif fikirlərin ortaya çıxmasına səbəb olub. İki dost, qardaş ölkə arasında münasibətlərin dərin köklərə malik olduğunu önə çəkən ölkə rəsmiləri, siyasətçiləri rəsmi Ankaradan məlum hadisəni təkzib edən cavab gözləsələr də, hələ də Türkiyənin susmağa üstünlük verməsi artıq şübhələrin doğruluğunu təsdiqləyir.
Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycan işğalçı Ermənistanın əsassız iddiaları ilə üz-üzədirlər. Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edən ermənilər Türkiyəyə qarşı "erməni soyqırımı" məsələsini irəli sürür, dünyanı bu yalanlarına inandırmaq üçün ciddi cəhdlər göstərirlər. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş erməni diasporu hər il "erməni soyqırımı" günü kimi qeyd etdikləri 24 aprel tarixinə qədər bu iddialarını Türkiyəyə qəbul etdirəcəklərinə böyük inam nümayiş etdirirlər. Görəsən, ermənilərdə bu arxayınlığın yaranmasına səbəb nədir? Təbii ki, bu sualın cavabı o qədər də düşündürücü, eyni zamanda, çətin deyil. Son günlərin olayları rəsmi Ankaranın, nəinki Dağlıq Qarabağ probleminə, eləcə də "erməni soyqırımı" məsələsinə biganə yanaşdığını təsdiqləyir.
Politoloqların bu məsələyə münasibəti isə kifayət qədər aktualdır. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bu qənaətdədir ki, baş verənlər rəsmi Ankaranın Ermənistanla bağlı mövqeyində dəyişikliklər etməklə, region üçün ciddi səhvlərə yol açır. M.Əhmədoğlu, həmçinin, onu da dedi ki, yaranmış vəziyyət həqiqətən də, onu göstərir ki, AKP iqtidarının Ermənistanla münasibətləri normallaşdırmaq cəhdlərinin kökündə bir sıra xarici və daxili faktorlar dayanır. ABŞ-da yeni administrasiyanın qondarma "erməni soyqırımı"nı tanıması ehtimalının yüksək olması, üstəgəl Türkiyə-İsrail münasibətlərində yaranmış gərginlik Ankaranı Ermənistanla bir qədər yaxınlaşmağa, məcbur edir. Uzun illər ərzində ABŞ-ın "erməni soyqırımı"nı tanımaq cəhdləri bu ölkədə böyük təsir imkanlarına malik olan yəhudi lobbisinin yardımı ilə əngəllənib. Lakin Davos sammitində baş nazir Ərdoğanla İsrail prezidenti arasında söz dueli Türkiyə-İsrail münasibətləri üzərinə ciddi kölgə salıb və bu səbəbdən yəhudi lobbisinin bu il ABŞ Konqresində "erməni soyqırımı"nın tanınmasını qadağan edib.
Məlum olduğu kimi, dünən Türkiyə Millət Məclisində Xocalı faciəsinin ildönümü ilə bağlı Cümhuriyyət Xalq Partiyasının İzmir millət vəkili Canan Arıtman Xocalıdakı dəhşətin Azərbaycanın, türk dünyasının və bütün insanlığın ən qara günü olduğunu bəyan edib. Politoloq bu fikrə də münasibət bildirərək onu da qeyd etdi ki, millət vəkili Türkiyə hökumətinin bu addımını Azərbaycan xalqına olan haqsızlığına etiraz kimi qiymətləndirib: "C.Artıman Dağlıq Qarabağın türklərdən təmizlənməsi və "böyük Ermənistan" qurulması planı çərçivəsində Xocalıda minlərlə insanın vəhşicəsinə öldürüldüyünü, işgəncələrə məruz qaldığını bildirib: "İnsanların gözləri oyulub, dəriləri soyulub, hamilə qadınların qarınları yarılıb, körpələr yandırılıb. Bunu edən ermənilər hansı üzlə saxta soyqırımın tanınmasını tələb edirlər?!"
M.Əhmədoğlu C.Arıtmanın erməni yazıçısı Zori Balayanın "Ruhumuzun canlanması" adlı kitabında yazılanlardan sitat gətirməsini də müsbət addım sayır: "C.Arıtmanın bu sitat düzgündür. O, Qarabağda azərbaycanlı uşaqlara qarşı törədilmiş ağlasığmaz vəhşilikləri millət vəkillərinin diqqətinə çatdırıb. Xanım Arıtman Türkiyədə ermənilərdən üzr istəməklə bağlı kampaniya aparan şəxsləri də kəskin şəkildə pisləyib. Bildirib ki, bu insanlar Xocalıya görə ermənilərdən də üzr tələb edəcəkmi? İnanmıram. Onlar bu ayıb içində yaşamağa məhkumdur və bu ayıb içində də boğulacaqlar".
C.Arıtman bildirib ki, ermənilərin işğalçılıq siyasəti Azərbaycan torpaqlarının 20 faizinin itirilməsi və 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnib: "Xocalıdakı insanların yeganə günahı türk olmaları idi. Son bir əsrdə həm Azərbaycanda, həm də Anadoluda yüz minlərlə türk erməniləri tərəfindən qətlə yetirilib. Bu gün Ermənistanda və işğal altındakı torpaqlarda bir nəfər də türk yaşamır. Azərbaycanda isə hələ də minlərlə erməni rahat şəkildə yaşamaqdadır".
Müxalifətçi millət vəkilinin sərt mövqeyi onu göstərir ki, Türkiyənin siyasi dairələri hazırkı Ərdoğan hökumətinin siyasətinə qarşı etirazıdır.
Z.Orucun bildirdiyinə əsasən, rəsmi Ankara bir müddət əvvəl bildirirdi ki, erməni işğalçıları Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməyincə, "erməni soyqırımı" iddiasından əl çəkməyincə sərhədlərin açılmasından, işğalçı dövlətlə hansısa bir sahədə əlaqələrin qurulmasında söhbət gedə bilməz deyirdi. Hətta dünyanın bəzi güc mərkəzləri, xüsusilə, Fransa Türkiyənin Avropa Birliyinə üzv qəbuluna mane olmaq üçün "erməni soyqırımı" məsələsindən bir təzyiq vasitəsi kimi istifadə edəndə rəsmi Ankara qondarma genosidi heç zaman tanımayacağını, Avropa Birliyinə üzv qəbulu ilə bağlı göstərdiyi səylərə son qoyacağını bildirmişdi. Millət vəkili qeyd etdi ki, bütün bu söylənilənlərin fonunda bu gün Türkiyənin başımıza gətirilən faciələrə unutqanlıq nümayiş etdirərək, Ermənistanla isti münasibətlərin qurulmasına cəhd göstərməsi təəccüb doğurmaya bilməz. Belə ki, Ərdoğan hakimiyyətinin Türkiyə parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsinə qadağa qoyması ermənilərə olan sayğı deməkdir. Sonuncu araşdırmalara görə, AKP-nin ermənilərin ən çox seçdiyi partiya olduğunu deyən nazir "AKP ermənilərin və musavilərin ilk seçdiyi partiyadır. Əgər sizlərə ümid ola bilmişiksə, çox xoşbəxtik. Önəmli olanı o ümidinin qarşılığını verməkdir"-deyə söyləyib.
Millət vəkili Türkiyənin ermənilərə belə qayğı ilə yanaşması işğalçı dövlətin daha böyük iddialarla yaşamasına səbəb olacağını dedi. Ermənistan prezidenti S.Sarksyanın Dağlıq Qarabağın heç bir zaman Azərbaycan ərazisi olmaması barədə bir-birinin ardınca verdiyi bəyanatlar da bu, birliyin göstəricisidir. Daim beynəlxalq aləmdə eyni mövqedən çıxış edib, ermənilərin iç üzünün açıqlanması istiqamətində ciddi cəhdlər göstərən Azərbaycan-Türkiyə diapor təşkilatlarının bu gün 17-ci ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımı ilə bağlı birgə keçirilən tədbirlərində də nəzər çarpan soyuqluq bir çox məqamlara aydınlıq gətirir.