Məlum olduğu kimi, martın 18-də ölkəmizdə Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq referendum keçiriləcək. Ölkə ictimaiyyəti referendumun keçirilməsinin tərəfdarıdır. Məsələyə münasibət bildirən respublika ziyalıları referendumun keçirilməsinin tarixi zərurətdən irəli gəldiyini bildirirlər.
Əli Allahverdiyev, ADPU-nun iqtisadi və sosial fənlər afedrasının müdiri, professor:
- Referendum ümumxalq səsverməsidir. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər tarixi zərurətdən irəli gəlir. İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Yəni ilk Konstitusiyamız 1995-ci ildə qəbul edilib. O zamankı ictimai durumla indiki ictimai durum arasında xeyli fərq var. Azərbaycan xalqının maddi durumunun daha da yaxşılaşdırılması və digər məsələlərin həlli üçün referendumun keçirilməsi vacibdir. 1996-cı ildən etibarən ölkəmiz sürətlə inkişaf etməyə başladı. 2002-ci ildə Konstitusiyanın bəzi maddələrinə əlavə və dəyişikliklər edilməsi iə bağlı referendum keçirilib. Dünya artıq dəyişib, qloballaşma prosesi gedir. Gərək biz də bu proseslərdən geri qalmayaq. Bunun üçün də Konstitusiyanın bəzi maddələrində əlavə və dəyişikliklər edilməsi zəruridir. Nəzərdə tutulmuş əlavə və dəyişikliklərdən biri Milli Bankın adının Mərkəzi Bankla əvəzlənməsidir. Ən çox müzakirə olunan maddə isə 101-ci maddədir. Bu maddədə nəzərdə tutulub ki, müharibə şəraiti zamanı prezident seçkiləri keçirilməsi təxirə salınır. Buna başqa don geydirmək lazım deyil və buna ehtiyac yoxdur. Bir sözlə, ana qanunumuz olan Konstitusiyaya nəzərdə tutulmuş əlavə və dəyişikliklər xalqımızın maraqlarına tam cavab verir.
Vəli Əliyev, AMEA-nın müxbir üzvü, tarix-elmləri doktoru, professor:
- Tarixən, qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Hamıya məlumdur ki, bu gün ölkəmizin hər bir sahəsindən uğurlar əldə edilməkdədir. Azərbaycan dünyanın bir parçası olduğu üçün Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendum keçirilməsi vacibdir. Bunu nəzərə alaraq, Yeni Azərbaycan Partiyası referendum keçirilməsi ilə bağlı Milli Məclisə təklif verdi və ölkə parlamenti də bu təklifi qəbul etdi. Beləliklə də, martın 18-də ölkəmizdə referendum keçiriləcək. Seçim isə xalqımızındır. Yəni xalqımız martın 18-də öz münasibətini bildirəcək.
Ağasən Bədəlov, filologiya elmləri namizədi:
- Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendum xalqımız tərəfindən müsbət qarşılanıb. Çünki keçiriləcək referendum zamanın tələbidir və xalqın tələbinə tam cavab verir. Bəzi qüvvələ buna mənfi don geyindirməyə çalışır və xalqı çaşdırmağa cəhd göstərirlər. Ancaq buna nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqı bu hakimiyyətə, ölkə başçısı cənab İlham Əliyevə inanır və hər zaman Ona dəstək olur. 101-ci maddədə bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı dəyişiklik nəzərdə tutulub. Bu, özü demokratiyanın göstəricisidir. Yəni, xalqın dəstəklədiyi, sevdiyi insan niyə bir neçə dəfə prezident seçilməsin? Bir daha qeyd etmək istəyirəm ki, xalqımız keçiriləcək referendumda iştirak edəcək və öz müsbət münasibətlərini bildirəcəklər.