Xocalı rabitəçilərilə =görüş keçirilib
Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı rabitəçilərinin iştirakı ilə anım mərasimi keçirildi. İlk öncə Xocalı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimdə çıxış edən Xocalı rabitəçiləri faciədə baş vermiş dəhşətli olaylar barədə danışdılar, onlara mənəvi dəstək olanlara təşəkkür edərək, xocalılara xüsusi qayğı ilə yanaşan ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev cənablarına minnətdar olduqlarını bildirdilər.
Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1994-cü ildə Xocalı faciəsinin soyqırım kimi qiymətləndirildiyini vurğuladı. Ölkə Prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə Xocalı soyqırımı haqqında beynəlxalq miqyasda təbliğat işlərinin gücləndirildiyi barədə geniş məlumat verdi və ölkə başçısının bu barədə danışarkən dediyi fikri tədbir iştirakçılarının diqqətinə çatdırdı: "Biz mübarizədə öz gücümüzə, potensialımıza, beynəlxalq hüquqa, dünya azərbaycanlılarının həmrəyliyinə arxalanırıq".
Ə.Abbasov onu da qeyd edərək bildirdi ki, faciənin 17-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox ölkələrində geniş təbliğat-təşviqat işləri görülür: "Bu günlərdə Koliforniyanın Berkli Universitetində "Xocalıya Ədalət" şüarı ilə bir həftəlik silsilə tədbirlər keçirilib. Həmin tədbirlərdə Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı haqqında hazırlanmış sənədli film nümayiş etdirilib, İstanbulda eyni şüar altında beynəlxalq kampaniya davam etdirilir. Stokholmun mərkəzi meydanında mitinqlər keçirilir. Ümumiyyətlə, bu cür tədbirlər Avropa, Asiya, Amerika qitələrinin, demək olar ki, bütün böyük şəhərlərində təşkil olunub və geniş təbliğat kampaniyası aparılır".
Mərasimdə çıxış edənlər dövlət rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması, onun soyqırım kimi tanınması üçün ardıcıl və məqsədyönlü fəaliyyət göstərdiyi vurğulandı.
Tədbirin sonunda nazir Ə.Abbasov Xocalı rabitə işçiləri ilə səmimi söhbət etdi, onların sosial problemləri ilə maraqlandı və xocalılara yaxından köməklik göstərilməsi üçün müvafiq tapşırıqlar verdi.
Həmçinin, nazirlik tərəfindən "Xocalı soyqırımı rabitəçilərin yaddaşında" adlı kitabın da çapdan çıxdığı bildirildi. Bildirildi ki, kitabda 1992-ci ilin qarlı fevral günlərində erməni silahlı quldurlarının sovet hərbi birləşmələri ilə birlikdə Azərbaycanın Xocalı şəhərinə hücumu nəticəsində şəhərin işğal edildiyi son anadək öz vəzifə borclarını fədakarlıqla yerinə yetirmiş rabitəçilərin başına gələn müsibətlərdən, silahsız insanların, xəstə qocaların, körpə uşaqların zülmət gecədə buz bağlamış çaydan keçərək dəstə-dəstə qarlı dağlara, meşələrə üz tutmasının, məşəqqətli günlərin, dəhşətli əzabların canlı şahidi və iştirakçısı olmuş əzabkeş xocalıların faciəsindən söz açılır.
Həmçinin, ulu öndər Heydər Əliyevin Xocalı soyqırımı ilə əlaqədar etdiyi çıxışlardan parçalar, imzaladığı sərəncamlar, ölkə Prezidenti İlham Əliyevin soyqırımla bağlı xalqa müraciətləri, bir sıra rəsmi sənədlər, Qarabağ tarixi ilə bağlı faktlar, zəngin və geniş məlumatlar, münaqişənin başlanma səbəbləri, xarici ölkələrin nüfuzlu təşkilatlarının və kütləvi informasiya vasitələrinin Xocalı faciəsi barədə xəbərləri kitabda öz əksini tapıb.