PDF Oxu

Əsas

  • 12

Xocalı soyqrımının 17-ci ildönümü ilə əlaqədar...

Xocalı soyqrımının 17-ci ildönümü ilə əlaqədar...
Azərbaycan xalqı öz dövlət müstəqilliyinə qovuşduğu ilk aylardan başlayaraq xaricdəki ağalarının dəstəyinə arxalanan bədnam ermənilər sovet imperiyası dövründə Kremlin riyakar siyasəti nəticəsində Azərbaycan torpaqlarının hesabına öz ərazilərini genişləndirmək istəyini reallaşdırmaq üçün vətənimizin sərhədləri daxilində işğalçılıq siyasətini həyata keçirməyə başladı. Cənubi Qafqazda öz maraqlarını qoruyub saxlamaq istəyən Rusiyanın ermənipərəst qüvvələrinin həm siyasi, həm də hərbi köməyi ilə xalqımıza qarşı amansız qırğınlar törədən ermənilər 1992-ci il fevralın 26-da misli görünməmiş vəhşiliyə imza atdılar. Həmin gün Xocalı şəhərinin dinc sakinləri - uşaqlar, qocalar, qadınlar, xəstələr, məhz azərbaycanlı olduqlarına görə, misli görünməyən bir vəhşiliklə qətlə yetirdilər. 700-ə yaxın dinc sakinin qətlə yetirilməsindən ürəkləri soyumayan quduzlaşmış erməni vandalları meyidlər üzərində amansız vəhşilik törətməkdən belə çəkinmədilər.
Bütün bunlar indiki dünyaının gözləri önündə baş vermiş, video və foto çəkilişlər bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdı. Mövcud beynəlxalq hüquq normalarına görə birmənalı şəkildə soyqırım kimi qəbul edilməli olan bu vəhşiliyin hələ də BMT, ATƏT, AŞ, AB kimi nüfuzlu beynəlxalq təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri tərəfindən lazımi qiymətini almaması təəccüb və təəssüf doğurur. 100 il əvvəl baş verdiyi iddia edilən, əslində, heç bir sübuta əsaslanmayan qondarma erməni soyqırımını parlamentlər səviyyəsində müzakirəyə çıxaran dövlətlər, nədən gözləri önündə baş verən bu vəhşiliyə seyrçi münasibət bəsləyirlər? Budurmu indiki dünyanın insan haqlarına verdiyi önəm? Millətlərə və dövlətlərə ikili standartlarla yanaşan beynəlxalq qurumlar, inkişaf etmiş dövlətlər dünyada sülhü, əmin-amanlığı beləmi qorumaq istəyirlər?
Ətrafında Azərbaycanın mustəqilliyi uğrunda Milli Azadlıq Hərəkatının fəallarını birləşdirən Azadlıq Hərəkatçıları Birliyi XX əsrin ən qanlı faciələrindən birinin - XOCALI SOYQIRIMININ 17-ci ildönümü ərəfəsində beynəlxalq təşkilatlara, dünya dövlətlərinə müraciət edərək, onları bu vəhşiliyə siyasi qiymət verməyə, erməni vandalizminin qarşısını almaq, bütün dünya xalqlarının gələcəkdə belə faciələrlə üz-üzə qoymamaq üçün ən zəruri tədbirlərə əl atmağa çağırır. Bu cür qətliamlara dünyanın susması yeni-yeni vəhşiliklər üçün münbit şərait yarada bilər. Bu bir faktdır ki, məhz törətdiyi vəhşiliklər müqabilində heç bir təzyiqlə üzləşməyən Ermənistan dövləti 15 ildən çoxdur ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. BMT-nin və digər beynəlxalq qurumların tələblərinə məhəl qoymayan işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycana eyni münasibətin göstərilməsi, bundan bəhrələnərək Ermənistanın işğalçılıq siyasətini hələ də davam etdirilməsi, şübhə olmasın ki, Cənubi Qafqazda növbəti hərbi qarşıdurmaya gətirib çıxara bilər. Çünki Azərbaycan xalqı "nə hərb, nə sülh" vəziyyəti ilə uzun müddət barışa bilməz.

Digər xəbərlər