Xocalı faciəsi erməni vandalizminin əsil simasıdır
Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı geniş tədbirlər keçirilməkdədir. Xalqımız erməni faşistləri tərəfindən törədilən dəhşətli soyqırım aktının ildönümünü dərin bir kədərlə, acı hisslərlə qeyd edir. Bir sıra Qərb ölkələrinin və ədalətsiz dünyanın gözü qarşısında törədilən bu vəhşi cinayətin baiskarları hələ də öz layiqli cəzalarına çatmayıblar.
Xüsusilə, bəzi Qərb ölkələrinin Dağlıq Qarabağ münaqişəsinə dair ikitirəlik siyasəti həyata keçirmələri, ATƏT deyilən yalançı və gülüş hədəfinə çevrilən qurumun mənasız bəyanatlarla işini bitmiş hesab etməsi ciddi təəssüf doğrurur. Ən dəhşətlisi isə odur ki, Qərb diplomatları həyasızcasına hələ də bizi aldatmağa və Qarabağ münaqişəsində ermənilərə güzəşt etməyə çağırırlar. Bu əsil siyasi həyasızlıqdır. 1992-ci ilin fevralında Xocalıda törədilən dəhşətli genosid, insanların diri-diri yandırılması, bələkdəki uşaqların analarının gözləri qarşısında şişə çəkilməsi, insanların dəmir boruların içinə yığıb zəhərli qazlarla öldürülməsi faktlarını kar və riyakar Avropa diplomatları görməzliyə vurmaq istəyirlər. Amma fakt və həqiqət odur ki, Xocalı faciəsi dünya tarixində görünməmiş fəlakətdir.
Dünyanın hər yerində bu məqsədlə neçə gündür ki, kütləvi tədbirlər keçirilir. Almaniya, Belçika, ABŞ, İngiltərə, Fransa və başqa yerlərdə bu məqsədlə xaricdəki diasporalarımız və Azərbaycan təşkilatları geniş proqramlar həyata keçirirlər. Bu yaxınlarda Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) iştirakı və dəstəyi ilə Türkiyənin məşhur rejissoru və sənətçisi, nüfuzlu Bern festivalının laueratı Korhan Yurtsevərin rejissorluğu ilə "Xocalı qətliamı. Bu, son olsun!" adlı qısametrajlı film çəkilib. Dünən Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı ATİB-in mərkəzi ofisində mətbuat konfransı keçirildi. Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı xalqımızın ağır sarsıntı keçirdiyini və bu faciənin böyük kədər doğurduğunu deyən ATİB-in baş katibi Rəşad Rəsullu bir faktı vurğuladı ki, hazırda ATİB-lə ATAF xarici ölkələrdə bu faciənin geniş dünya ictimaiyyətinə çatdırılması üçün geniş tədbirlər həyata keçirir. Xüsusilə, Azərbaycan xalqının başına gətirilən bəlalarla bağlı geniş maarifləndirmə kampaniyasına start verilməsinin vacibliyini dilə gətirən ATİB-in baş katibi onu da vurğuladı ki, ermənilərin vəhşilikləri ilə bağlı aparıcı Avropa ölkələrində insanların məlumatlandırılmasına böyük ehtiyac var.
Ən önəmli bir fakt kimi erməni vəhşiliyinin dünya birliyinə çatdırılmasında qeyri-hökumət təşkilatlarının rolunun olduğuna diqqət çəkən R.Rəsullu vurğuladı ki, təkcə bu faciəyə dair deyil, ümumiyyətlə, ermənilərin başımıza gətirdikləri faciələrə dair QHT-lərin geniş fəaliyyətinə böyük ehtiyac var. Türkiyənin tanınmış sənətçisi K.Yurtsevərin bu filmin ərsəyə gəlməsində böyük önəm daşıdığını və əziyyət çəkdiyini deyən R.Rəsullu bildirdi ki, ATAF bundan sonra da ardıcıl şəkildə bu tədbirlərini davam etdirəcək. Türkiyəli rejissor K.Yurtsevər bildirdi ki, bu filmin çəkilişi zamanı çox böyü sartısıntı və stess keçiriblər. Yaradıcı qrupun Xocalı haqqında çəkilən sənədli filmdə böyük ürəklə və insanlıq naminə çalışdıqlarını deyən rejissor, hər kəsi vətənpərvər olmağa və erməni vəhşiliyinin ifşa olunması üçün geniş işlər görməyə çağırdı. Rejissor vurğuladı ki, bu filmin afişaları İstanbulun mərkəzi küçələrində asılıb. O bildirdi ki, Xocalıda törədilən qətliam bütün bəşəriyyət üçün utancverici hadisədir. Onun dediyinə görə bu faciəyə dair bütün dünyada geniş tədbirlər keçirmək və xüsusilə, Avropanın aparıcı ölkələrində maarifləndirici işlər aparmaq tarixi bir zərurətdir. ATAF-ın baş katibi Vüsalə Abdullayeva isə təmsil etdiyi qurumun erməni məsələsində bu ilin ortalarında geniş tədbirlər planı hazırladıqlarını dedi. O, vurğuladı ki, bu ilin iyununda Azərbaycan-Türkiyə Beynəlxalq Tarixi Konqresi keçiriləcək. V.Abdullayeva qeyd etdi ki, bu konqres hər iki ölkənin tarixçilərinin əməkdaşlığını genişləndirmək və qarşıdakı illərdə daha geniş işlər görmək üçün böyük əhəmiyyət kəsb edir.ATAF-ın baş katibi onu da vurğuladı ki, erməni vəhşiliyinə dair faktların dünya ictimaiyyətinə çatdırılması üçün ATAF geniş proqram reallaşdıracaq.