PDF Oxu

Əsas

  • 5

Yeniləşmə Azərbaycan dövlətinin güclənməsinə xidmət edir

Yeniləşmə Azərbaycan dövlətinin güclənməsinə xidmət edir
"Vətəndaş Cəmiyyəti" Təşvişat Qrupu martın 18-də keçiriləcək referendumla bağlı təbliğat kampaniyası çərçivəsində Şirvan şəhəri Bayramlı qəsəbə seçiciləri ilə növbəti görüş keçirib.
Təşviqat qrupunun vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan xalqının mühüm tarixi hadisə ilə qarşı-qarşıya olduğunu bildirib. Vəkil dövlət institutlarında, qanunvericiliklərdə vaxtaşırı təkmilləşdirmələrin aparılmasını inkişaf xəttinin əsas meyarı sayıb. Onun sözlərinə görə, Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib. Bu inkişaf nəticəsində ortaya çıxan yeni münasibətlərin tələbindən irəli gələn hüquq sistemində də müəyyən əlavə və dəyişikliklərə ehtiyac yaranır: "Xalqdan gələn təkliflər ümumxalq patiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisdə səsləndirilib və parlamentimiz bu yeniliklər layihəsini ümumxalq səsverməsinə çıxarılmasına səs verib. Hazırda reallaşan görüşlər, təşviqat kampaniyası da məhz bu əlavə və dəyişikliklərin izahı, xalqın bu yeniliklərlə daha yaxından tanış edilməsi xarakteri daşıyır. Həyata keçiriləcək əlavə və dəyişikliklər ölkəmizdə yeni hüquqi münasibətlərin əsasını qoyacaq və qanunlarımızın daha da təkmilləşməsinə stimul verəcək. Hər bir dövlətin idarə olunmasında qanunlar əsas rola malikdir. Bu qanunların qəbulunun, işlənib hazırlanmasının əsasında isə Konstitusiya dayanır. Müasir, müstəqil ölkəmizin siyasi iradəsindən doğan Azərbaycan Konstitusiyası 1995-ci ildə ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanıb".
İlk dəfə Konstitusiyaya 2002-ci ildə dəyişikliklərin edildiyini xatırladan natiq hazırkı əlavə və dəyişikliklərin ümumilikdə 29 maddəni əhatə etdiyini diqqətə çatdırıb: "Bu dəyişikliklərin hamısı Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının genişlənməsinə, onun sosial rifahının yaxşılaşmasına, vətəndaş-dövlət münasibətlərinin daha da təkmilləşməsinə, eyni zamanda, insanların dini-vicdani azadlıqlarının təmin olunmasına xidmət edəcək yeniliklərdir. Əgər bu əlavə və dəyişiklikləri qruplaşdırmağa çalışsaq, burada həm bizim sosial həyatımızı, həm siyasi sferanı, həm dini-əxlaqi meyarları, həm də idarəetmə sistemini əhatə edən maddələrin yer aldığını görə bilərik. Məsələn, Konstitusiya 18-ci və 48-ci maddələrinə nəzərdə tutulan əlavə və dəyişikliklər din və dövlət münasibətlərini, o cümlədən, insanların vicdan azadlıqlarını özündə ehtiva edir. Bu iki məsələ bir-biri ilə sıx əlaqədardır. Düzdür, bizim Konstitusiyamıza görə, Azərbaycan müasir, dünyəvi dövlətdir. Eyni zamanda, bu gün Azərbaycanda münasibətlərin formalaşmasında din amili olduqca böyük rola malikdir. O baxımdan, bu gün Azərbaycanda dini ritualların nə qədər sərbəst, tolerantcasına həyata keçirildiyi göz önündədir. Təəssüf ki, bəzən bundan fərqli istiqamətlərdə istifadə etməyə cəhd göstərmək arzusunda olanlar da tapılır. 1995-ci ildə qəbul olunan Konstitusiyada dinlərin səbəst təbliğinə icazə verilirdi, amma 18-ci maddədə göstərilirdi ki, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması qadağan olunur. Yeni əlavədə bu tip dini cərəyanların da təbliği qadağan edilir. Bu dini cərəyanlar hətta yarandığı dövlətlərdə qadağan edilir. Bu cür hallara qarşı mübarizə aparmaq üçün Konstitusiyamızda belə bir qadağanın olması vacibdir. 48-ci maddədə göstərilən vicdan azadlığı məsələsi də tolerantlığı nəzərdə tutan, insanların azad şəkildə yaşamasını özündə ehtiva edən başlıca amillərdəndir. Bu maddəyə olunan əlavədə insanların hansısa dini rituallara məcbur edilməsi qadağan olunur. Bu insan hüquq və azadlıqlarının artırılmasına xidmət edir".
Sonda H.Babaoğlu bütün seçiciləri referendumda aktiv iştirak etməyə çağırıb.

Digər xəbərlər