Konstitusiyaya dəyişikliklər dövlətin sosial məsələlərə diqqətinin ifadəsidir
Mart ayının 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək. Referendumda seçicilərə maksimum geniş seçim imkanı yaradılacaq. Bu mənada ki, onlar referenduma çıxarılmış 29 müddəanın hər birinə ayrı-ayrılıqda səs verə biləcəklər.
Ekspertlər 75-ci maddənin I və II hissəsinə, 29-cu maddənin IV hissəsinə, 95-ci maddənin I hissənin 4-cü bəndinə, 15-ci bəndinə, 20-ci bəndinə, 96-cı maddənin I, II, III, IV, VI və VII hissələrinə, 109-cu maddənin I hissəsinin 10-cu, 13-cü və 17-ci bəndinə aydınlıq gətirdilər.
Millət vəkili, politoloq Aydın Mirzəzadə:
- Dünyada dövlətçiliyin əsas atributlarından biri dövlət rəmzləridir. Dövlət rəmzi bayraq, himn və gerb götürülür. Hər bir ölkənin fərqli tarixi, mədəniyyəti, xüsusiyyətləri ilə bağlı bu üç element hazırlanır. Onlara hörmət həmin dövlətə hörmət edilməsi deməkdir. Dövlət tərəfindən rəmzlərin təbliği üçün daima böyük iş aparılır. Onlar izah verilir, təbliğat aparılır. Tarixi, mədəniyyəti, gündəlik həyatla bağlılığı izah edilir. Hər bir vətəndaşın vəzifəsi ona hörmət etməkdir. Dövlət rəmzinə hörmət etməmək artıq həmin dövlətə, dövlətin mövcudluğuna, onun qanunlarına hörmət etməmək deməkdir. Hazırkı bənddə məhz ona hörmət edilməsi vəzifəsi elan edilir. Ancaq iş burasındadır ki, çağırış heç də həmin rəmzlərə hörmət edilməsinə gətirib çıxarmaya bilər. Ayrı-ayrı şəxslər, təşkilatlar tərəfindən dövlət rəmzlərimizə sayqısızlıq göstərilməsi, onların təhrif edilməsi məsələsi ola bilər. Bu isə istər-istəməz dövlətçiliyə böyük zərbədir. Bu baxımdan, yeni bir bəndin əlavə edilməsi, rəmzlərə hörmətsizlik nümayiş etdirilməsini qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olması bəndi Konstitusiyaya salınır. Bu o deməkdir ki, dövlət rəmzləri ilə dövlət qanunu ilə tanış olmayan şəxs belə Konstitusiyanın bu bəndi ilə tanış olmaqla, dövlət rəmzlərinə hörmətsizlik göstərməsi hansısa məsuliyyətə cəlb olunması barəsində məlumatlı olur. Bu baxımdan, həmin əlavənin edilməsi dövlət rəmzlərinə hörməti artıq qanun səviyyəsində qorunmasına gətirib çıxaracaq.
İqtisadçı-ekspert Vüqar Bayramov:
- Konstitusiyaya iqtisadi məsələlər üzrə bir sıra iqtisadi maddələrə təklif olunan dəyişikliklərin böyük əksəriyyəti təqdirəlayiqdir. Konstitusiyanın 29-cü maddəsinin IV bəndində mülkiyyət hüququ ilə bağlıdır ki, vətəndaşların mülkiyyət hüququnun toxunulmazlığını təsdiq edir. Eyni zamanda, hansı halda vətəndaşın mülkiyyət hüququndan məhrum ola bilməsini konstitusion hüquq kimi təsdiq edir. Qüvvədə olan maddəyə görə, vətəndaşın əmlakı dövlət ehtiyatları və eyni zamanda, və ya ictimai ehtiyatlar üçün mülkiyyət özgəninkiləşdirməsinə ədaləti ödəmək şərtilə yol verilə bilər. Yeni təklif olunan maddədə isə, yalnız vətəndaşın mülkiyyəti dövlət ehtiyatları üçün əvvəlcədən məbləği ödənilməklə həmin vətəndaşdan alına bilər. Konstitusiyada ictimai ehtiyatlar anlayışı kifayət qədər ünvanlaşıb. Yeni təklif olunan düzəliş məhz vətəndaşın mülkiyyətini yalnız dövlət ehtiyatları üçün qabaqcadan pul ödənilmədən dövlətin sərəncamına keçirilməsinə icazə verəcək. Bu, o deməkdir ki, artıq ictimai ehtiyatlar adı ilə vətəndaşın mülkiyyətinin əlindən alınması mümkün olmayacaq. Vətəndaşın mülkiyyətinin və ya mülkiyyət hüququnun konstitusion olaraq daha ciddi şəkildə qurulmasına imkan verir. Çünki qeyd etdiyim kimi, bu halda təklif olunan düzəliş qəbul olunarsa, o halda artıq vətəndaş öz mülkiyyətini daha çox qorumaq imkanına malik olacaq. Bu düzəlişin edilməsi mütərəqqidir. Nəzərə almaq lazımdır ki, vətəndaşların mülkiyyət hüquqlarının Konstitusiya vasitəsilə qorunması vacibdir. Eyni zamanda, mülkiyyət hüquqları vətəndaşın qorunmalı olan hüquqlarından biridir və Konstitusiyada vətəndaşların mülkiyyət hüquqlarının qorunması ilə bağlı bir sıra boşluqlar olduğuna görə, bu düzəlişlər təqdirəlayiqdir.
Digər düzəliş 95-ci maddəyə təklif olunan düzəlişdir. Həmin maddədə 19 bənd var. Birinci maddədə Milli Məclisin həll etdiyi məsələlər maddəsində təklif olunur ki, bələdiyyələrin hesabatlarının Milli Məclis tərəfindən dinlənməsi həyata keçirilsin. Bu da mütərəqqidir ki, bələdiyyələr yerli idarəetmə qurumudur. Yerli idaretmə qurumları olduğu üçün, eyni zamanda, vergilərin yığılmasına, eləcə də yerlərdə iqtisadi və sosial inkişafa mənsub olduqları üçün onların hesabları olduqca vacibdir. Çox təəssüf ki, indi qüvvədə olan Konstitusiya bələdiyyələrin hesabatlığını parlament qarşısında nəzrdə tutmurdu. Təklif olunmuş Konstitusiyada məhz bələdiyyələrin Milli Məclis qarşısında hesabatlığı nəzərdə tutulur ki, bu da, faktiki olaraq, bələdiyyələrin hesabatlığının armasını, eyni zamanda, bələdiyyələrin daha şəffaf olmasına imkan verir. Bu düzəliş qəbul olunarsa, bələdiyyələr mütamadi olaraq, Milli Məclisin müəyyənləşdirdiyi çox böyük ehtimalla ildə bir dəfə parlamaentə hesabat verəcək. Həmin hesabatın verilməsi bələdiyyələrin fəaliyyəti ilə bağlı həm parlamentə, eyni zamanda, vətəndaşların və ictimayyətin məlumat almasına gətirib çıxaracaq. Bu da, təbi ki, bələdiyyələri daha hesabatlı olmağa, şəffaf olmağa xidmət etməyə vadar edir. Regionların sosial və inqtisadi inkişafında bələdiyyələrin rolu artırılmalıdır. Azərbaycan hökumətinin də Avropa Şurası qarşısında götürdüyü öhdəliklər, imzalanan memoranduma əsasən, məhz yerli idarəetmə orqanı kimi bələdiyyələrin statusunun artırılması nəzərdə tutulur. Bu da Dövlət Proqramında öz əksini tapır.
Digər 109-cu maddə Azərbaycan Prezidentinin səlahiyyətləri ilə bağlıdır. Orada maddənin 10-cu hissəsində qeyd olunur ki, indi qüvvədə olan qanunvericilikdə Milli Bankın idarə heyəti vəzifəyə təyin və azad edilməsi ilə bağlı Milli Məclisə təqdimat verir. Təklif olunan düzəlişdə təklif olunur ki, həmin maddəyə bu, ifadə əlavə olunsun: Azərbaycan Respublikası Mərkəzi Bankı idarə heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir. Bu düzəlişin əhəmiyyəti odur ki, Mərkəzi Bankın müstəqilliyinin qorunmasına xidmət edir. Eyni zamanda, Mərkəzi Bankın sədri idarə heyəti üzvləri sırasından seçilir. Mərkəzi Bankın idarə heyəti Mərkəzi Bankın sədrinin seçilməsində iştirak edir. Bu da uğurlu düzəlişdir. Çünki Mərkəzi Bankın müstəqilliyinin qorunmasında və eyni zamanda, idarə edilməsində idarə heyətinə müstəqilliyin verilməsi olduqca vacibdir. Bu qərarların daha çevik və müstəqil qəbul olunması Mərkəzi Bankın işinin daha yüksək qurmasıdır.