“BAKI - İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI-2009” İNTERNET SAYTI İSTİFADƏYƏ VERİLİB
Fevralın 18-də Muzey Mərkəzində "Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ilinin açılışı münasibətilə istifadəyə verilən "www.baku-icc-2009.az" veb-saytının təqdimat mərasimi keçirilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, bu sayt ölkəmiz, eləcə də paytaxt Bakı haqqında ətraflı məlumat əldə etməyə və dünya mədəniyyətlərinin qovuşduğu bir məkan olan Azərbaycan barədə beynəlxalq səviyyədə təbliğatın aparılmasına əlavə dəstək verəcəkdir.
Nazir vurğulamışdır ki, saytdan istifadə edənlər dil problemi ilə üzləşməyəcəklər. Çünki bu portal 5 dildə - Azərbaycan, ingilis, rus, fransız və ərəb dillərində fəaliyyət göstərəcəkdir. Hazırda Azərbaycan, ingilis və rus bölmələri tam funksionallıqla işləyir.
Ə.Qarayev demişdir ki, saytda 19 bölmədə 194 mövzu əhatə olunmuşdur. Saytda "Xəbərlər", "Online səsvermə", "Qonaq kitabı", "Azərbaycan haqqında", "Abşeron yarımadası", "Bakı", "Mədəniyyət", "Turizm" və digər bölmələr mövcuddur. Hər bir əcnəbi bu portalın vasitəsilə Azərbaycan haqqında geniş məlumatlar əldə edə biləcək, teatr, kino və musiqi xadimlərimizi yaxından tanıyacaqdır.
Müasir dünyada insanların faydalandığı və geniş şəkildə istifadə etdiyi informasiya resurslarından biri də veb-saytlardır - deyən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri saytı yüksək qiymətləndirmişdir. Bu portal İslam mədəniyyətinin tanınmasına, sevilməsinə bir daha təkan verəcəkdir. Müxtəlif dillərdə fəaliyyət göstərəcək sayt digər dinlərin nümayəndələrinə islamın həqiqi mahiyyətini açıqlayacaq və İslam mədəniyyətinin, tarixinin, müsiqisinin öznəməsxusluğu, orijinallığı haqqında ətraflı məlumat verəcəkdir.
İSESKO-nun baş direktoru vurğulamışdır ki, cari ilin oktyabrında Bakıda İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı keçiriləcəkdir.
Saytın təqdimatında burada yerləşdirilmiş musiqi parçaları səsləndirilmiş, milli kinolarımızdan fraqmentlər, Bakı, İçərişəhər, Xəzər dənizi ilə bağlı mənzərələr nümayiş etdirilmişdir.