PDF Oxu

Əsas

  • 68

Xocalı soyqırımı - bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayət

Xocalı soyqırımı - bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayət

XX əsrin ən qanlı hadisələrdən biri olan Xocalı soyqırımı fevralın 25-dən 26-na keçən gecə baş verdi. XX əsrin ən ağır və dəhşətli soyqırımı nəticəsində ermənilər 613 nəfərin qəddarcasına qətlə yetirilməsinə səbəb oldular. Eyni zamanda, 1275 nəfər əsir götürüldü. Həlak olanların 1165 nəfərini geri qaytarmaq mümkün olmuşdur. 8 ailə büsbütün məhv edilib. 27 ailənin hərəsindən yalnız bir nəfər sağ qalıb. 230 ailə öz başçısını itirib. 200 nəfər müxtəlif dərəcədə şikəstlik almışdır. Xocalı hadisəsi təkcə bir şəhərin faciəsi deyil, bu, xalqımızın tarixində qanla yazılmış ən müdhiş səhifələrdən biridir.
"Səs" qəzeti ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən, günün aktual və prioritet mövzuları ətrafında silsilə xarakterli dəyirmi masalar təşkil edir. Növbəti dəyirmi masanın mövzusu da Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuşdu. Dəyirmi masada Xocalı şəhər icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Xocalı şəhər təşkilatının sədri Vahid Əliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ramil Həsənov, "Xocalı Şəhidlərini Tanıtma" ictimai birliyinin sədri, tədqiqatçı-jurnalist Səriyyə Müslümqızı, Xocalı şəhərinin keçmiş baş memarı Şahlar Zülfüqarov, Xocalı şəhər icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin baş referenti Nadir Rəşidov, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Xocalı şəhəri üzrə məsləhətçisi Surxay Quliyev, Xocalı şəhər icra hakimiyyətinin nümayəndəsi Yavər Əzimov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı, tarix elmləri doktoru Əli Məmmədov, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti Nazir Əsədov, "Türkiyə Universitetləri Məzunları" ictimai birliyinin sədri Çingiz Bayramov və "Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası" təşkilatının sədri Gülsel Səfərova iştirak edirdilər.

"Səs" qəzetinin əməkdaşı:

- Azərbaycanın işğal edilən hər bir ərazisi bizim üçün əziz və müqəddəsdir. O cümlədən, Xocalı şəhəri də Dağlıq Qarabağın qala qapısı adlandırılırdı. Necə düşünürsünüz, Xocalı soyqırımının baş verməsində daha çox daxili, yoxsa xarici amillərin rolunu qeyd etmək olar? Ümumiyyətlə, o dövrdəki ictimai-siyasi vəziyyət necə idi?

O ZAMANKI AZƏRBAYCAN RƏHBƏRLİYİ HADİSƏNİN QARŞISININ ALINMASI YÖNÜNDƏ HEÇ BİR TƏDBİR GÖRMƏDİ

Vahid Əliyev:

- Xocalı faciəsi Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan qoparması istiqamətində yeritdiyi siyasətin tərkib hissəsidir. 1988-ci ilin sonundan 1992-ci ilin fevral ayına qədər Dağlıq Qarabağda, eləcə də bütün respublikada baş verən hadisələrə ekskurs etmək daha məqsədəuyğun olar. 1987-ci ilin sonundan Dağlıq Qarabağda müəyyən separatçılıq fəaliyyəti ilə məşğul olmaq üçün imzatoplama kampaniyası aparıldı. Bu, ayrı-ayrı qüvvələr tərəfindən buraya göndərilmiş missionerlər vasitəsilə həyata keçirilməyə başlanıldı. Əfsuslar olsun ki, o dövrkü respublika rəhbərliyi vəziyyəti yerində müəyyənləşdirib, onun qarşısının alınması istiqamətində mühüm addımlar atmadı.
1990-cu ildə o vaxtkı Dövlət Təhlükəsizlik Komitəsinin Dağlıq Qarabağ üzrə idarənin rəis müavini Salmasyan familiyalı bir nəfər erməninin söylədiyi fikirləri diqqətinizə çatdırmaq istəyirəm. Xocalı aeroportunda gözlədiyim vaxt bir erməni öz maşını ilə buraya gəldi. O vaxt mən təşkilat komitəsində işləyirdim. Hava çox yağışlı idi. O, mənə bildirdi ki, "Vahid, yağış yağır, islanacaqsan. Gəl otur maşına". Amma o şəxsin kimliyi haqda heç bir məlumatım yox idi. Mən gedib maşında əyləşəndə soruşdu ki, məni tanıyırsan? Mən cavab verdim ki, xeyr. Dedi ki, mən Salmasyanam - vilayət DTK-sinin müavini. O, mənə baş verən hadisələri təfərrüatları ilə danışmağa başladı. Qeyd etdi ki, baş verənlər artıq idarəolunmaz vəziyyətə gətirib çıxarıb. O, 1987-ci ildə vilayətdə bu istiqamətdə işin aparıldığından xəbər tutduqları an dərhal Azərbaycan Milli Təhlükəsizlik Komitəsinə müraciət etdiklərini bildirdi. Konkret olaraq 8 nəfər adam burada milli münaqişənin qızışdırılması yönündə xüsusi işlər aparırdılar. Xahiş etdik ki, bunların ya həbs, ya da fiziki məhv olunması ilə bağlı rəsmi tapşırıq verilsin. Bildirdi ki, bir ay gözləsək də, Azərbaycan Milli Təhlükəsizlik Komitəsindən heç bir cavab gəlmədi. Sonra məcburiyyət qarşısında qalaraq Azərbaycan Mərkəzi Komitəsinə müraciət etdik. O orqan da susdu və məsələyə heç bir reaksiya vermədi. Sonda özümüzü sığorta etmək üçün SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinə müraciət etdik. Müraciətdən bir ay sonra bizə rəsmi cavab gəldi ki, artıq SSRİ-də piket azadlığıdır. Söz, münasibət azadlığına görə heç kəsə qarşı təzyiq göstərilə və cəza tətbiq oluna bilməz. Yəni, o zamankı Azərbaycan rəhbərliyi hadisənin qarşısının alınması yönündə heç bir tədbir görmədi. Ermənilər hərəkətlərinə respublika, eləcə də, SSRİ miqyasında xüsusi dəstəyin verildiyini görüb, daha da ürəkləndilər. Hətta ehtiyat edən adamlar da prosesə cəlb olundu. Beləliklə, tədricən hadisələrin miqyası genişlənməyə başladı. O zaman Salmasyan deyirdi ki, hadisəni 8 nəfər başlamışdısa, indi artıq bu rəqəm 8 mindən çoxdur.
Digər tərəfdən, məsələnin 1988-ci ilin fevral ayının 13-də Stepanaketdə mitinqlərə çıxarılması, Dağlıq Qarabağın içərisindən gələn bir hərəkat deyildi. Açığı, orada yaşayan ermənilərin özləri də deyir ki, "bizi zorla həmin kütləvi tədbirlərə təhrik edirdilər". Yəni, yerli əhali istər maddi, istərsə də mənəvi təzyiqlərə məruz qalırdı. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyası dünənin və bugünün hadisəsi deyil. Bu, ermənilərin 1575-ci ildə 12 erməni keşişinin eşq məclisində ortaya atdıqları "böyük Ermənistan" yaratmaq xülyasının reallaşması istiqamətində atılan bir addımdır. Bunun üçün Ermənistan uzun bir proses keçib və bu yöndə kifayət qədər işlər görüblər. Hətta ermənilər SSRİ daxilində baş verən ekstremal vəziyyətlərdən öz maraqlarını təmin etmək üçün həmişə istifadə ediblər. 1985-ci ildə SSRİ-də Mixail Qorbaçovun hakimiyyət gəlməsi, həm onlara dəstək oldu və həm də bu ideyanı reallaşdırmaq üçün münbit şərait yaratdı.

XOCALININ QƏBİRİSTANLIĞI DAĞIDILIR, TORPAQLARIMIZ ALINIB ERMƏNİLƏRƏ VERİLİRDİ

Səriyyə Müslümqızı:

- Əvvəla, belə bir kədərli-hüznlü gündə tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Xocalı faciəsi bizim elə bir kədərli yerimizdir ki, onun haqqında həyəcanlanmadan və kədərlənmədən danışmaq olmur. Bu yolda heç nədən çəkinmədən, irəliyə doğru hərəkət etməliyik.
Xocalı haradır? Xocalı, qədim türk torpağıdır. 1886-cı ildə Zaqafqaziya dairəsinin statistikasının verdiyi məlumata görə, Xocalıda cəmi 111 nəfər adam olub. Sonradan, 1921-ci ildə  bunların sayı 313 nəfərə çatdırılıb. Xocalıda 9 bəy ailəsi, ümumilikdə isə 46 bəy olubdur. Mən əslən Xocalıdanam və onların hamısını yaxından tanıyıram. Həmin 9 bəy ailəsinin 24-ü kişi, 22-si isə qadındır. O qadınlara bəyim deyirdilər. Şura hökuməti gələndə, o torpaqlardakı bəylər "kulak" adı ilə sürgün edildilər. Həmin torpaqlar zəbt olunaraq oradakı bəy torpaqlarının hesabına Yenikənd deyilən Noragurd və bir sıra başqa erməni yaşayış məntəqələri tikildi.
Xocalı soyqırımına qədər ermənilər zaman-zaman Ballıca, Qaragav, Meşəlik və s. kəndlərdəki azərbaycanlıları sıxışdırırdılar. Oradakı erməni məktəbləri yaraşıqlı, səliqəli olduqları halda, bizim məktəblər çox baxımsız və acınacaqlı vəziyyətdə idi. Beləliklə, həmin adamlar tədricən oranı tərk etməli olurdular. Ermənilər onların buradan getməsini başqa cür qələmə verirdilər. Mən o zaman müəllim işləyirdim, məktəbin direktoru və bir sıra müəllim kollektivi ilə birlikdə Mərkəzi Komitənin məsul işçilərinə şikayət ərizələri ilə müraciət edirdik. Onlara bildirirdik ki, Xocalının qəbiristanlığı dağıdılır, torpaqlarımız alınıb ermənilərə verilir. Yəni, soyqırıma doğru gedən proseslər artıq başlanmışdı.

"Səs" qəzetinin əməkdaşı:

- Bildiyimizə görə, bu yaxınlarda Türkiyədə konfransda iştirak etmisiniz. Hakim partiya Gənclər Birliyinin sədri olaraq xarici ölkələrdə Xocalı soyqırımının tanıdılması istiqamətində hansı təbliğat işləri aparırdınız? Sizcə, əlavə hansı tədbirlərin görülməsinə ehtiyac vardı?

XOCALIDA "SİL, TƏMİZLƏ VƏ HAKİMİYYƏT QUR" SİYASƏTİ HƏYATA KEÇİRİLİRDİ

Ramil Həsənov:

- Bu, bir tarixdir. Xocalı soyqırımını bizdən sonra gələn nəsillərə də tanıtmaq lazımdır ki, tarixdə nələrin baş verdiyini, eləcə də Azərbaycan xalqının və türk millətinin başına ermənilər tərəfindən hansı faciələrin gətirildiyini bilsinlər. Ona görə bu hadisələri təkcə ölkə daxilində qeyd etmək kifayət deyil. Ölkə xaricində də təbliğat istiqamətli, Azərbaycanın haqq səsinin oradakı gənclərə çatdırılması üçün konkret fəaliyyət göstəririk. Bu işdə, xüsusilə, xarici ölkələrin hakim siyasi partiyalarının gənclər birlikləri ilə əlaqələr qururuq.
Bu yaxınlarda Ankara şəhərində keçirilən beynəlxalq konfransda iştirak edirdim. Tədbirin təşkilatçısı Türkiyənin hakim siyasi partiyasının gənclər birliyi idi. Konfransda təxminən 20 ölkədən gənc liderlər iştirak edirdi. Xocalı faciəsi haqqında qarşılıqlı fikir mübadiləsi kifayət deyil, bu haqda əyani vəsaitin paylanılmasına, böyük ehtiyac var. Hansısa xarici dövlətin məsul şəxsi bizim söylədiyimiz tarixi faktlara qulaq asdıqdan və ölkəsinə qayıtdıqdan sonra bunları unudur. Bu haqda Azərbaycan dövlətində yetərincə sənədli filmlər, DV-lər və s. əyani materiallar mövcuddur. Getdiyimiz xarici ölkələrə bu əyani vəsaitləri aparırıq. Bu, yalnız Xocalı soyqırımının növbəti ildönümləri ərəfəsində deyil, bütün səfərlərimiz zamanı müxtəlif təbliğat materiallarını götürüb orada paylayırıq. Xocalı faciəsi bizim üçün çox anlamlı bir gündür. Çünki buna yalnız faciə kimi deyil, həm də tarixin qaranlıq səhifəsi kimi baxmalıyıq. Bu soyqırımı ilə bağlı hələ açılmamış məqamlar mövcuddur. Lakin bu hadisə ilə azərbaycanlılara qarşı soyqırımı aktının törədildiyini hər kəs bilir.
Turkiyədə, Rusiya Federasiyasında, Bolqarıstanda, Qazaxıstanda, Almaniyada, İtaliyada və Kanadada hakim partiyaların gənclər birlikləri ilə çoxsaylı görüşlər keçiririk. Onlarla görüşümüz zamanı faciənin mahiyyəti barədə geniş fikir mübadiləsi aparmışıq, həm də onlara əyani materiallar təqdim etmişik. Xocalı soyqırımı haqqında danışarkən 1992-ci ilə qədərki tarixi hadisələri də qeyd etmək lazımdır. Çünki bu soyqırım birdən-birə baş vermədi. Yəni, bu hadisəni əsaslandıran bir sıra tarixi faktlar var. Az öncə qeyd olunduğu kimi, böyük bir hazırlıq prosesi gedib və bu, "sil, təmizlə və hakimiyyət qur" prinsipi ilə həyata keçirilirdi. Bunları effektiv bir şəkildə qarşımızdakı insanlara çatdırmalıyıq.

XOCALI DAĞLIQ QARABAĞ BÖLGƏSİNDƏ BÖYÜK STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK  MƏNTƏQƏ İDİ

Əli Məmmədov:

- Xisləti murdar ermənilər tərəfindən Azərbaycana qarşı başlanmış ərazi iddiaları xalqımızın başına çox böyük qanlı faciələr gətirib. Moskvanın köməyi ilə ermənilərin Xocalı soyqırımı təkcə Azərbaycan üçün deyil, eləcə də bəşəriyyət üçün iyrənc və son dərəcə misli görünməmiş cinayət aktı idi. Xocalının faciəli günləri hələ başlamamış, yəni 1989-1991-ci illərdə Xocalı şəhəri get-gedə genişlənir, yeni-yeni sənaye obyektləri, yaşayış məhəllələri meydana gəlir, əhalinin sayı sürətlə artırdı. 1988-ci ildə Xocalıda 3 minə yaxın sakin var idi. 1992-ci ilin əvvəlində bu rəqəm 7 mini ötmüşdü. Qədim yaşayış məskənlərimiz durmadan böyüyür və abadlaşırdı. Taleyin hökmü ilə Azərbaycana pənah gətirmiş təkcə Ermənistan adlanan dədə-baba torpaqlarımızdan zorla çıxarılan bacı-qardaşlırımız deyil, həmçinin, Özbəkistandan zorla qovulmuş məhsəti türklərinin də bir qismi üçün bu şəhərdə evlər inşa edilirdi. Bu, düşmənlərimizin heç də ürəyincə deyildi. Ona görə də mərkəz Ermənistan mətbuatı vasitəsilə Xocalı şəhərinin genişlənməsi və rəsmi şəhər statusunu alması məsələsinə qarşı barışmazlıq əhval-ruhiyyəsində bir-birinin ardınca yazılar verməyə başladılar.
Əlbəttə, göstərilən mövzunun qaniçən, quduz erməni faşizmi tərəfindən dövri mətbuat səhifələrində belə haray-həşirlə müzakirə obyektinə çevrilməsinin səbəbləri məlum idi. Əvvəla, əsrimizin əvvəllərində Dağlıq Qarabağa və digər ərazilərimizə qarşı əsassız iddialar irəli sürərək, bu torpaqların onlara aid olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxmışdılar. Əgər doğrudan da, bu torpaqlar onlarındırsa, bəs Azərbaycan bu yerlərdə nə üçün tikinti aparmalıdır? İkincisi, faciəyəqədərki üç il ərzində əhalisi 3,5 dəfə artaraq Xocalı Şuşa şəhərindən sonra, vilayətdə azərbaycanlılar yaşayan ikinci böyük bir şəhər kimi meydana gəlirdi. Bu, erməniləri bərk narahat edirdi.
Üçüncüsü, Xocalı Dağlıq Qarabağ bölgəsində böyük strateji əhəmiyyətə malik bir məntəqə idi. Əvvəla, o, Dağlıq Qarabağın yeganə hava limanı olan şəhər idi. Başqa bir cəhət isə onun əlverişli mövqeyi, orada Azərbaycan Respublikasının get-gedə artan və quruculuq işləri düşməni çox ciddi təşviş qarşısında qoymuşdur. Amma o zamankı respublika başçılarının xalqın ərazi bütövlüyü və ümummilli mənafeyinə zidd olaraq min illərlə yaşadığı doğma Qərbi Azərbaycan torpaqlarından zorla çıxarılmış soydaşlarımızın orada yerləşməsinə mane olmaları Qarabağın işğalını sürətləndirirdi.
(Ardı var)

Digər xəbərlər