Təhsil Nazirliyi idmanla bağlı keçirdiyi respublika müsabiqəsinin qaliblərini mükafatlandırıb
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə idmanın inkişafı üzrə atılan müsbət addımlar barədə məlumat verib. M.Mərdanov bu işin əsasının ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirdi. Nazir ölkə Prezidenti İlham Əliyev tərəfindən mövcud sahənin inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğuladı.
Sonra nazir bugünkü tədbirin məqsədini açıqlayaraq, bildirdi ki, müsabiqədə 148 idman məktəbi iştirak edib. Onlardan 81-i Uşaq-Gənclər İdman Məktəbi, 8-i İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 56-sı Uşaq-Gənclər Şahmat Məktəbi, 3-ü isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi olub. Həmçinin, nazir müsabiqədə hər nominasiya üzrə I, II və III yerlər olmaqla münsiflər heyəti tərəfindən 18 qalibin müəyyənləşdirildiyini diqqətə çatdırdı.
M.Mərdanov onu da vurğulayaraq, qeyd etdi ki, Təhsil Nazirliyi sistemində 157 idman məktəbi fəaliyyət göstərir. Onlardan 84-ü Uşaq-Gənclər İdman Məktəbi, 8-i İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 62-si Uşaq-Gənclər Şahmat Məktəbi, 3-ü İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbidir. 157 idman məktəbində 27 idman növü inkişaf etdirilir. 421 bölmədə 8079 qrupda 100511 uşaq, yeniyetmə və gənc gündəlik olaraq idmanla məşğul olurlar. İdman məktəblərində 4876 nəfər məşqçi-müəllim işləyir ki, onlardan 2913 nəfəri ixtisaslı, 444-ü isə müxtəlif kateqoriyalı məşqçi-müəllimlərdir.
Tədbirdə 6 nominasiya üzrə keçirilmiş müsabiqə qalibləri diplom və hədiyyələrlə mükafatlandırıldı. Qeyd edək ki, bu müsabiqə "İlin ən yaxşı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi", "İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi", "İlin ən yaxşı Uşaq-Gənclər Şahmat Məktəbi", "İlin ən yaxşı idmançısı", "İlin ən yaxşı şahmatçısı", "İlin ən yaxşı məşqçi-müəllimi" nominasiyaları üzrə keçirilib.
Millət vəkillərinin və müvafiq qurumların əməkdaşlarının iştirak etdiyi mərasimdə çıxış edənlər Azərbaycanın beynəlxalq aləmdə tanınmasında idmanın böyük rolu olduğunu və qazanılan nailiyyətləri xüsusi qeyd etdilər.
Mərasimdə, həmçinin, Təhsil İdman Mərkəzinin direktor müavini İbrahim Məmmədov şahmat sahəsindəki xidmətlərinə görə və 50 illik yubileyi münasibətilə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edildi.