Ermənistan ekoloji terroru davam etdirir
Deyirəm, dünya riyakar, riyakar olduğu qədər də həyasız dipomatların əl oyuncağına çevrilib. Avropa Şurası kimi bir nəhəng, neçə ildir ki, bizim ölkəmizdə "oşibka" axtarırdı və Andress Qrossla Andreas Herkeli dəli qoyun kimi Azərbaycanda fırladırdı. Amma bir şey tapılmadı.
Bunun əvəzində keçən il Ermənistanda mart qırğını oldu, Serj Sarkisyan neçə ermənini güllənin qabağına verib o dünyaya göndərdi, amma bu andıra qalmış AŞ PA heç səsini də çıxarmadı. Müzakirələr keçirib bu cinayəti də "örtdü". Avropa əsil riyakar oyun oynayır. Elə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi ekoloji cinayətlər, yox, yox, əsil terror siyasətinə göstərilən riyakar "yumşaqlıq" da yuxarıdakı fikirlərimi təsdiq edir. Bu qədər ədalətsizlik, bu qədər riyakarlıq olmaz, cənablar, müsyölər, daha nə bilim nə "zadlar". Ermənistan işğal olunmuş ərazilərimizi məhv edir, səsləri çıxmır, amma Avropada bir KÜÇƏ İTİNİ ÇUBUQLA VURANDA aləm bir-birinə dəyir. Lənətə gələsiniz!
Budur Ekologiya və Təbii Sərvətlər Nazirliyinin növbəti məlumatında da yenə Ermənistanın ekoloji terroru yer alır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevral ayının birinci ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir. Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi qeydə alınmışdır.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenol və mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olmuşdur.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Belə ki, suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz, birinci Şahsevən və Bəhramtəpə məntəqələrində 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Mis birləşmələri isə Horadiz və Bəhramtəpə məntəqələrində 3, birinci Şahsevən məntəqəsində isə 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Həmin məntəqələrdə neft məhsullarının miqdarının 1.2-1.4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçməsi müşahidə olunmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.63-9.78 mq/l arasında dəyişərək sanitar norma daxilində olmuşdur.