Bakı Dərin Özüllər Zavodunda
Heydər Əliyev adına Bakı Dərin Özülləri Zavodunun qaynaq çubuqları sexi il ərzində 2000 ton yüksək keyfiyyətli qaynaq elektrodları istehsal etmək gücünə malikdir. Dövlət Neft Şirkətinin məlumatına əsasən, bu sexdə indiyədək dünya standartlarına uyğun, diametri 3,25 mm, 4,00 mm və 5,00 mm olan, QE 51.01 markalı, E 7018 tipli və QE 43.01 markalı, E 6013 tipli qaynaq elektrodları istehsal edilmişdir. Bu günlərdə isə sexdə ilk dəfə olaraq diametri 2,5 mm olan, QE 51.01 markalı E 7018 tipli (əsasən kök tikişi qaynağının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş) yüksək texnoloji qaynaq xüsusiyyətlərinə malik elektrodun istehsal texnologiyası mənimsənilmişdir. İlkin olaraq zavodda 6,7 tondan çox 2,5 mm diametrli elektrod istehsal edilmişdir. Sınaq yoxlamasının nəticələri göstərir ki, yeni tipli elektrod öz keyfiyyətinə görə beynəlxalq standartlara tam cavab verir. Qeyd etmək lazımdır ki, yeni tipli elektrodlardan böyük diametrli boru kəmərlərinin qaynağında da istifadə olunacaqdır.