Maliyyə böhranının Azərbaycana təsiri olmayacaq
Bu yaxınlarda Nazirlər Kabinetində keçirilmiş iclasda Prezident İlham Əliyev bunu çox inandırıcı və birmənalı şəkildə bəyan etdi.
Bəzi iqtisadçılar maliyyə böhranının Azərbaycana təsirini minimuma endirmək üçün kommunal xərclərin aşağı salınmasının ən düzgün variant olduğu barədə fikir söyləyir. A.Hüseynov hesab edir ki, kommunal xərclərin minimuma endirilməsinin iqtisadi böhranla heç bir əlaqəsi yoxdur: "İqtisadi böhranın başvermə səbəblərini şərtləndirən amillər var. Eyni zamanda, indiki şəraitdə kommunal xidmətlərin ödənilməsi bu gün normal bir həddədir. Ölkəmizdə həmin tariflərin dəyişdirilməsi elə də gündəmdə deyil. İqtisadi böhranı doğuran səbəblər bank sektorundakı müəyyən faktlardır. Bu, ABŞ-da ipoteka kredilərində, qiymətli kağızlar bazarında və eyni zamanda, iri korporasiyaların aksiyalarında özünü büruzə verdi. Bunlar isə, bizim iqtisadiyyatda elə də aparıcı bir sahə deyil. Ona görə də ölkə başçısı da dəfələrlə bildirib ki, iqtisadi böhranın bizim ölkəmizə elə böyük, ciddi təsiri olmayacaq". İqtisadçı-ekspert bunun səbəbini iqtisadiyyatın tam elmi əsaslarla idarə olunduğunda bildirdi: "Azərbaycan böyük təbii ehtiyatlara malikdir. Ölkəmizdə neft olduğu dövrdən qızıl ehtiyatlarımız da mövcuddur. Bu gün dünya bazarına çıxaracağımız strateji məhsullardan biri də qızıl ehtiyatıdır. Adından da bəlllidir ki, bu ölkəyə daha çox çox valyuta gətirən təbii ehtiyatdır. Həmin sahənin inkişaf etdirilməsi çox önəmli olardı. Elə bu amilləri nəzərə alaraq deyirik ki, bizdə ciddi iqtisadi böhran olmayacaq". A.Hüseynov onu da əlavə etdi ki, hansısa bir dövr gəlməli idi ki, qızılın istehsalına başlanılsın: "Təkcə qızıl ehtiyatı deyil, bizim büdcəmizə gəlir gətirəcək çoxlu rezervlər var. Kənd təsərrüfatını, turizmi inkişaf etdirərək bu sahədə də önəmli dönüş yarada bilərik".
Millət vəkili Əli Məsimov qeyd etdi ki, Nazirlər Kabinetinin son iclasında ölkə başçısı antiböhran proqramının həllini irəli sürüb: "Həmin proqramda 10-dan artıq istiqamət üzrə görüləcək işlər öz əksini tapıb. Antiböhran proqramında kifayət qədər zəruri olan addımlar var. Azərbaycanda qiymətlərin enməsi vacibdir. Təkcə kommunal xidmətlərlə bağlı deyil, digər ölkələrdə olduğu kimi, enerji daşıyıcılarının və s. qiymətləri aşağı düşməlidir. Azərbaycanda da həmin proseslər olmalıdır. Bu, çox böyük qlobal böhrandır. Qlobal böhrandan da sistem xarakterli vasitələri özündə əks etdirən proqramı həyata keçirməklə çıxmaq olar".
Millət vəkili hesab edir ki, böhran Azərbaycandan bir növ yan keçib. Azərbaycan dünya fond birjalarında iştirak etmir: "Ölkəmizin iqtisadiyyatının əsasını neft sənayesi təşkil edir, o isə dövlət mülkiyyəti olduğuna görə, birja hərraclarında iştirak etmir. Lakin ölkəmiz beynəlxalq maliyyə sisteminin kifayət qədər fəal iştirakçısıdır. Biz məhsul satır, ondan əldə edilən valyuta ehtiyatlarını beynəlxalq banklarda yerləşdiririk. Son illərdə dünyanın aparıcı şirkətlərinin səhmlərini almağa başlamışıq. Azərbaycan hökuməti və Milli Bank böhranın zərbələrini yumşaltmaq üçün müvafiq tədbirlər görür. Milli Bank faiz dərəcələrini iki dəfə azaldıb. Bu, ondan ötrüdür ki, müəssisələrin normal fəaliyyət göstərmələri üçün onlara kredit versinlər. Ölkə iqtisadiyyatı dinamik inkişaf edir. Bizdə ÜDM-in artımı 15 faiz olub. Qızıl-valyuta ehtiyatlarının həcmi 17 mlrd dollardan çoxdur. Bu və digər amillər əmin olmağa əsas verir ki, indiki böhranın Azərbaycana ziyanı olmayacaq. Gələcəkdə nə olacağı isə hökumətimizin, Milli Bankın pul-kredit və büdcə siyasətindən asılıdır. Büdcə real olmalıdır".
Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, yaxın vaxtlarda Milli Məclisdə 2009-cu il üçün dövlət büdcəsinin müzakirəsi başlanacaq. Büdcənin mədaxil və məxaric hissələrini müəyyən edərkən neftin 1 barrelinin 50 dollar ətrafında olacağını nəzərdə tutmaq lazımdır, çünki mövcud beynəlxalq proqnozlara görə, dünya bazarında neftin qiyməti bu səviyyədən aşağı düşməməlidir: "Gələn il sosial məsələlər üçün planlaşdırılan xərcləri heç bir halda azaltmamalıyıq, müdafiə büdcəsinin maddələri də olduğu kimi qalmalıdır. Hələ başlanmamış layihələr üçün nəzərdə tutulan vəsaitlər hesabına bir qədər qənaət etmək, həmin layihələri bir az sonraya saxlamaq olar".
V.Əhmədov onu da bildirdi ki, Milli Bank dövlətin maliyyə təhlükəsizliyini təmin etmək üçün özünün pul-kredit siyasətini qurarkən dünyada baş verən prosesləri nəzərə almalı və qloballaşmanın hər hansı yeni təhdidlərinə operativ reaksiya verməlidir.