Referendumun əhəmiyyəti seçicilərə açıqlanır
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tədbirdə çıxış edərək bildirdi ki, ictimai birliklərin təşəbbüs qrupları bir yerdə 40 mindən artıq imza toplayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etdi və MSK həmin imzaların doğruluğunu yoxladıqdan sonra "Vətəndaş Cəmiyyəti" adlı təşəbbüs qrupu təşviqat qrupu kimi qeydiyyata alındı. Qrup artıq hazırlıq işlərinə başlayıb.
S.Mehbalıyev onu da qeyd etdi ki, "Vətəndaş Cəmiyyəti" təşviqat qrupunun hər bir üzvü Konstitusiyaya əlavə və dəyişikliklərin ictimaiyyətə dolğun çatdırılmasında, maarifləndirmə işində fəal olmalıdır. İnsan hüquq və azadlıqlarının daha səmərəli qorunmasına, demokratiyanın, yerli özünüidarənin inkişafına xidmət edəcək bu dəyişikliklər əhali tərəfindən dəstəklənir. Təbii ki, son sözü 18 mart referendumunda xalq deyəcək.
S.Mehbalıyev təşviqat qrupunun nümayəndələri qarşısında referendumun keçirilməsini zəruri edən şərtlər və ümumxalq müzakirəsinə təklif olunmuş əlavə və dəyişikliklərin mahiyyəti barədə geniş məlumat verdi.
Natiq qeyd etdi ki, Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi zərurətdən yaranan bir məsələdir. Bu dəyişikliklərin edilməsi zamanın tələbidir. Çünki konstitusiyalar, qanunlar qəbul edilərkən, mövcud şərait nəzərə alınır.
Azərbaycan Respublikasının Konstitusiyasının ulu öndər Heydər Əliyev tərəfindən yardıldığını qeyd edərək bildirdi ki, bu, müstəqil dövlətimizin ilk Konstitusiyasıdır. İki dəfə Konstitusiyada dəyişiklik edildiyini vurğulayan natiq ilk belə dəyişikliklərin 2002-ci ilin avqust ayında keçirilən ümumxalq səsverməsi zamanı olduğunu dedi. Bildirdi ki, bu dəyişikliklərin təşəbbüskarı da Yeni Azərbaycan Partiyasıdır və partiyamız xalqdan gələn istək və arzunu ifadə edib.
Təşviqat kampaniyası başladıqda S.Mehbalıyev "Vətəndaş Cəmiyyəti" təşviqat qrupu refenduma çıxarılmış məsələlərlə əlaqədar seçicilər arasında geniş təşviqat işlərini aparacaq. Təşviqat qruplarının seçki komissiyalarında nümayəndələri təyin ediləcək, kütləvi informasiya vasitələrində referendumla bağlı təşviqat aparılması üçün xüsusi tələblər var ki, bunları yerinə yetirmək vacibdir.
S.Mehbalıyev qeyd etdi ki, təşviqat qrupu konstitusiyamıza nəzərdə tutulan əlavə və dəyişikliklərin hər biri ilə bağlı geniş məlumat verməyi, maarifləndirmə işləri aparmağı qarşısına əsas məqsəd kimi qoyub. Bu baxımdan da "Vətəndaş Cəmiyyəti" təşviqat qrupu 19 fevraldan start veriləcək təşviqat kampaniyasını yüksək səviyyədə aparacaq.
İclasda qrupun Mərkəzi Seçki Komissiyasına məşvərətçi səsə malik təmsilçisi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri seçildi. Eyni zamanda, 25 nəfərdən ibarət təşviqat qrupu da müəyyənləşdirildi.