“Yeni Azərbaycan” təşviqat qrupunun zona müşavirəsi keçirildi
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov qeyd etdi ki, bu günədək MSK-ya müraciət edən təşəbbüs qruplarından 7-si qeydiyyatdan keçib. Bunlardan birincisi "Yeni Azərbaycan" təşəbbüs qrupudur. YAP tərəfindən yaradılan "Yeni Azərbaycan" təşviqat qrupu respublikanın müxtəlif bölgələrində bu kimi seminarlar keçirir. Seminar Binəqədi və Qaradağ rayonlarının təşviqat qrupunun nümayəndələri üçün nəzərdə tutulub. N.Xəlilov sonra konstitusiyaya ediləcək əlavə və dəyişikliklər barədə məlumat verdi. O, qeyd etdi ki, Konstitusiyanın 29 maddəsində əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub. Konstitusiyaya dəyişikliklər inkişafla, ölkənin iqtisadi və siyasi gücünün artması ilə, eyni zamanda, demokratik təsisatların cəmiyyətdə bərqərar olması ilə gerçəkləşir. Belə dəyişikliklərin baş verməsi təbii prosesdir və yalnız cəmiyyətin daha da sivil, demokratik inkişafına şərait yaradır. Ona görə də Konstitusiyada dəyişikliyin reallaşması fərdi qaydada hər bir ölkə vətəndaşının, ümumilikdə isə, cəmiyyətimizin yalnız inkişafına və mənafeyinə hesablanır. Bu dəyişikliklər Azərbaycana daha da işıqlı və firavan həyat vəd edir.
"Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat verdi. "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi xatırlatdı ki, ilk konstitusiyamız ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul olunub. Bu gün Milli Məclisin qərarı ilə milli konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi də zamanın tələbidir. Məlum olduğu kimi, dəyişikliklərlə bağlı ilk referendum 2002-ci ildə keçirilib. Millət vəkili vurğuladı ki, milli konstitusiyamıza edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının daha səmərəli qorunmasına, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə, demokratiyanın daha da genişləndirilməsinə və yerli özünüidarənin inkişafına xidmət edir. E. İbrahimov bəzi müxalif qəzetlərində dəyişikliklərlə bağlı dərc olunan qərəzli yazılara münasibətini bildirdi: "Bu, həmin qüvvələrin çirkin niyyətlərindən, hadisələrə obyektiv qiymət verməmələrindən irəli gəlir".
Milli Məclisin deputatı Rəfael Cəbrayılov bildirdi ki, Milli Məclisin "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin keçirilməsi haqqında" qərarını yüksək dəyərləndirən ölkə ictimaiyyəti bu dəyişikliklərin mahiyyətinin açıqlanmasında, maarifləndirmə işində fəal iştirak edirlər. Konstitusiyaya ediləcək, əsasən, insan hüquqlarının beynəlxalq konvensiyalara uyğun təkmilləşməsinə və sosial prinsiplərin yeni, müasir tələblər baxımından möhkəmlənməsinə yönəlmiş 29 əlavə və dəyişiklik cəmiyyətimizin demokratik yolla inkişafının keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirilir. Dünya təcrübəsinə əsaslanaraq, demək mümkündür ki, ölkə əhalisinin mənafeyinə uyğun qəbul olunan ən mütərəqqi qanunlar belə respublikanın inkişaf dinamikasına və dünya siyasətinə müvafiq olaraq dəyişdirilir, təkmilləşdirilir, beynəlxalq standartlara uyğunlaşdırılır. "Yeni Azərbaycan" təşviqat qrupu fevralın 18-dən start veriləcək təşviqat kampaniyasını yüksək səviyyədə aparacaq. R.Cəbrayılov geniş və çoxşaxəli seçici kütləsini əhatə edərək, referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəyinə nail olunması istiqamətində partiya fəallarına uğurlar arzuladı.
Tədbirdə çıxış edənlər vurğuladılar ki, konstitusiyada 29 maddəyə edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər zamanın, siyasi şəraitin və ən əsası xalqın tələbidir. Bu səbəbdən də cəmiyyətin böyük bir hissəsi YAP-ın bu təklifini dəstəkləyir və xalq martın 18-də keçiriləcək referendumda öz sözünü deyəcək.