PDF Oxu

Əsas

  • 7

Türkiyə xəyanət yolu tuta bilərmi?

Türkiyə xəyanət yolu tuta bilərmi?
Dağlıq Qarabağ münaqişəsinin həllində son vaxtlar Türkiyənin rolunun daha da artdığı müşahidə edilsə də, bu həftənin əvvəlindən, xüsusilə də, dünən "Azadlıq" radiosunun Ermənistan xidmətinin yaydığı məlumat bir növ dərin təəssüf hissi yaradıb. Hər zaman Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılıb, azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmayana qədər Ermənistanla sərhədlərini açılmayacağını bəyan edən Türkiyənin bu dəfə fərqli mövqe ortaya qoyduğu bildirilir. "Azadlıq" radiosunun Ermənistan xidməti Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün Dağlıq Qarabağla bağlı şərtindən imtina etdiyi barədə məlumat yayıb. "Türkgundem.net" sayıtına istinadən verilən məlumata görə, radio Ermənistan-Türkiyə danışıqlarında iştirak edən şəxlərdən birinin sözlərinə əsaslanaraq, bildirib ki, Ankara Yerevanla münasibətlər qurmaq və sərhədləri açmaq üçün əvvəl irəli sürdüyü şərtlərindən biri olan işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi tələbindən imtina edib. Yalnız Ankara 1915-ci il hadisəsini araşdırmaq üçün iki ölkə tarixçilərindən ibarət komissiyanın yaradılması şərtin irəli sürüb. Bu məlumat inandırıcı olmasa da, məsələyə Türkiyənin Xarici İşlər Nazirliyinin münasibət bildirməməsi müəyyən mənada təəccüb doğurur. Belə bir qənaət yaranır ki, Türkiyə xarici siyasət idarəsinin başçısı Əli Babacan tarixi düzəni öz maraqları çərçivəsinə salmaq üçün məsələyə münasibət bildirməyə tələsmir. Ola bilsin ki, cənab Babacan yayılan məlumata Türkiyədə və ya Azərbaycanda rəyin necə olacağını müəyyənləşdirməyə üstünlük verib. Yalnız ictimai rəyə müvafiq olaraq addımlar atılacaq. Düzdür, Türkiyənin Azərbaycandakı səfiri Hülisi Kılıc Goranboy rayonuna səfəri zamanı bu mövzuda jurnalistlərin suallarına Türkiyə hökumətini, əvvəlki qərarına müvafiq olaraq münasibət bildirib: "Ermənistanla da ikitərəfli münasibətlərin təzədən qurulmasına baxıla bilər. Ancaq, ilk növbədə, Azərbaycan torpaqları işğaldan azad edilməli və ermənilər qonşularına, xüsusən də, Azərbaycan və Türkiyə dövlətlərinə qarşı irəli sürdüyü ərazi iddialarından əl çəkməlidir." Yenə də, o məsələyə qayıdırıq ki, Türkiyənin Azərbaycanla münasibətləri səmimi dostluq, qardaşlıq münasibətləri üzərində qurulub. Amma yenə də suallar meydana çıxır. H.Kılıcdan fərqli olaraq, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri məsələyə münasibət bildirməkdən niyə çəkinirlər? APA-nın Türkiyə Xarici İşlər Nazirliyinə bu yöndə imzaladığı suala "Bununla bağlı yalnız bir neçə gündən sonra açıqlama verilməsi mümkündür" cavabının verilməsi ortada gizli məqamların olduğunu deməyə əsas verir. Qeyd etmək yerinə düşər ki, Türkiyə xarici siyasət idarəsinin rəhbəri Ə.Babacan Rusiyameyilli şəxs kimi tanınır. Rusiyanın apardığı siyasətin məqsədi isə heç kəsə gizli deyil. Moskva Ermənistanın blokadadan çıxmasına çalışır. Ə.Babacan isə bu siyasətin davamı olaraq, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına nail olmaq istəyir. Amma Ə.Babacanın hazırda yürütdüyü siyasət kifayət qədər uğursuzdur. Daha doğrusu, onun hərəkətləri indiki şəraitə uyğun gəlmir. Çünki Türkiyə xalqı Azərbaycana qarşı yuxarı dairədə aparıla biləcək hər hansı bir siyasi dəyişikliyə qəti mövqe bildirəcəklər. Necə ki, iki il öncə İqdır vilayətinin bələdiyyəsi Ermənistanla ticarət əlaqələrinin qurulmasına cəhd göstərmişdir. Ancaq vilayət əhalisi geniş aksiyalar keçirməklə bələdiyyə başqanlığının ticarət maraqlarını alt-üst etmişdir. Araşdırmalara əsaslanaraq, demək olar ki, Ermənistan prezidenti Serj Sarksiyan Ə.Babacanın dəst-xətti ilə irəli sürülən 1915-ci il hadisələrinə görə, ikitərəfli komissiya yaradılması təklifini də qəbul etmək istəməyib. İşğalçı ölkənin prezidenti bunun səbəbini daşnakların və erməni diaspora nümayəndələrinin bu şərti qəbul etməmələri ilə əlaqələndirib. Bu faktın özü, onu deməyə əsas verir ki, Türkiyə xarici siyasət idarəsinin başçısı istənilən güzəştli addımı atsa da, erməni xisləti özünün bəd niyyətini büruzə verəcək. Zaman və tarixi proseslər bunu deməyə əsas verir.

Digər xəbərlər