Məkrli düşmənin həyasız yalanı
Sumqayıtda yəhudilərin sayının o qədər də çox olmadığını deyən S. Şaleyev bildirib ki, orada kiçik də olsa, Yəhudi İcması fəaliyyət göstərir, icma üzvlərinin hamısı bir-birini tanıyır və hamı ilə əlaqə saxlanılıb. S. Şaleyev həmçinin bildirib ki, yayılmış məlumat İsraildə həyəcanla qarşılandığı üçün o, Bakıda da fəaliyyət göstərən bütün sinaqoqlarla əlaqə saxlayıb: "Nəinki Sumqayıtda, ümumiyyətlə, Azərbaycanın heç bir yerində bir yəhudi ilə bağlı olsa da, hansısa xoşagəlməz hadisə baş verməyib".
Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilovun hazırda İsraildə səfərdə olduğunu deyən Şaleyev bildirib ki, Dini İcmalarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov İxiilovla telefonla əlaqə saxlayıb, və İxiilov dövlət rəsmisinə bildirib ki, icma hansısa zorakılıq halları barədə məlumat almayıb.
Ermənilərin uydurduqları xəbərdə adı hallandırılan DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu da bəyənat yayıb. Onun APA-ya daxil olan bəyanatında bildirilib ki, erməni mətbuatı Azərbaycana qarşı ənənəvi təxribat xarakterli addımlar silsiləsindən növbəti təxribata yol verib: "Baş verən erməni təxribatının geniş şərhə ehtiyacı yoxdur. Belə ki, erməni-daşnak güruhunun qəsbkar mahiyyətinin həddi olmadığı kimi, təxəyyüllərinin və uydurmalarının da məhdudiyyəti yoxdur. Belələri Göbbelssayağı texnologiya ilə: "yalan nə qədər həyasız olarsa, ona inanan bir o qədər çox olar" prinsipi əsasında hərəkət etməyə üstünlük verirlər. Bu səbəbdən, bu kimi uydurma və təxribatlara reaksiya verməmək də olardı. Azərbaycan xalqı əsrlərdən gələn tolerantlıq mədəniyyətinə malik olan bir xalqdır. Və bunun özülündə məhz İslam dünyagörüşü durur. Yəhudi xalqı da Vətənimizdə yaşayan digər xalqlar kimi, bizim üçün hörmətli və əzizdir. Bu, əsrlərlə belə olub və bundan sonra da belə olacaq. Qəzzada baş verən olaylara gəldikdə isə, bunlar - insanlığa qarşı bir cinayətdir və bu cinayətlərinin yəhudi xalqına heç bir aidiyyəti yoxdur. Buna bariz sübut olaraq, dünyanın hər yerində yaşayan yəhudilərin Qəzzada baş verən cinayətlərə qarşı sərgilədikləri qətiyyətli etirazları göstərmək olar. Yəhudi millətinin nümayəndələri bu etirazların ön sırasındadırlar".
Qeyd edək ki, Ermənistanın "Panarmenian" agentliyi Ermənistan xüsusi xidmət orqanlarının yaratdığı azertopnews saytına istinadən Sumqayıtda guya yəhudi ailələrinə basqınlar təşkil edildiyi barədə internetdə dezinformasiya yayıb. Daha sonra isə digər erməni mənbələri də bu sayta istinadən bu "xəbəri" yayıblar. Erməni saytının Azərbaycana qarşı davamlı olaraq həyata keçirdiyi bu dezinformasiyanın məqsədlərindən biri də 1988-ci ilin fevralında ermənilərin özləri tərəfindən təşkil olunmuş hadisələrin ildönümü ərəfəsində bu mövzunu gündəmə gətirməkdir. Təbii ki, erməni xüsusi xidmət orqanları Azərbaycanı qeyri-tolerant ölkə kimi qələmə vermək və Sumqayıtı milli-dini ekstremizmin mənbəyi kimi göstərmək planlarını da unutmayıblar. Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olması və yəhudi diasporu ilə Azərbaycan diasporu arasındakı normal əməkdaşlıq münasibətlərinə xələl gətirmək də heç şübhəsiz ki, ermənilərin niyyətləri sırasındadır. Ermənilərin ardı-arası kəsilməyən cəhdləri göstərir ki, onlar 1988-ci ildə olduğu kimi, dezinformasiya siyasətindən maksimum yararlanmağa cəhd göstərirlər. Lakin məkrli ermənilərin bu cəhdləri, hər zaman olduğu kimi, uğursuzluğa düçardır. Çünki yalan ayaq tutsa belə, heç vaxt yeriməz. İşğalçı ölkənin təmsilçiləri bununla yalnız öz gerçək simalarını ortaya qoyur, öz bədxahlıqlarını bir daha biruzə verirlər.