Ətraf mühiti çirkləndirənlər cəzalandırıldılar
Nazirliyin məlumatına əsasən, şöbə əməkdaşları ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək 29 akt və protokol tərtib edib.
Belə ki, su ehtiyatlarının mühafizəsi sahəsində qanunu pozan 21 fiziki şəxs inzibati qaydada 12600 manat məbləğində cərimə olunub.
Yaşıllıqların mühafizəsi məqsədilə xidməti ərazidə aparılan reyd və yoxlamalar zamanı ağac və kol bitkilərinin qanunsuz kəsilməsi faktlarına görə 2 fiziki şəxs 1200 manat məbləğində cərimə olunub, 2 fiziki şəxs barəsində isə 156 manat məbləğində iddia tələbi qaldırılıb.
İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanununun pozulması ilə əlaqədar bərk tullantıları qalaqlandıraraq yandırdıqlarına görə 2 fiziki şəxs 1000 manat məbləğində cərimə olunub.
Ov qaydalarını pozmuş 2 fiziki şəxs barəsində müvafiq qaydada sənədlər tərtib edilmiş və qanun pozucuları inzibati qaydada 2000 manat məbləğində cərimə edilmişdir.