Milli Məclisdə ölkəmizə yeni təyin olunmuş bir sıra ölkələrin səfirlərinin qəbulu keçirilib
Səfir Cəmal Abdulla əl-Səllal spikerə Yəmən parlamentinin Sədri Yəhya ər-Rahimin salamlarını çatdırdı. Azərbaycana sülh, əminamanlıq və sürətli inkişaf arzulayan səfir Prezident İlham Əliyevlə görüşündən məmnun qaldığını bildirdi və ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini dedi.
Səfir bildirdi ki, Yəmən Azərbaycanla əlaqələrə böyük önəm verir və bir müsəlman ölkəsi olaraq bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini, xüsusilə də, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq işini daim dəstəkləyir. Biz BMT və İKT çərçivəsində Azərbaycanın fəaliyyətini izləyirik və bundan sonra da dost münasibətimizi daha da inkişaf etdirəcəyik.
Səfir bu ilin aprelində Yəməndə parlament seçkilərinin keçiriləcəyini diqqətə çatdırdı. Ümidvar olduğunu bildirdi ki, parlamentlərimiz arasında əlaqələr daha da möhkəmlənəcək, dostluq qrupları yaradılacaq və o da, bir səfir kimi, bu işlərə öz töhfəsini verəcək.
Vyetnam Sosialist Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Buy Din Dini qəbul edən Milli Məclisin sədri Oqtay Əsədov ona fəaliyyətində uğurlar arzuladı. İkitərəfli əlaqələrimizin mövcud olduğunu diqqətə çatdıran spiker bu münasibətlərin hələ keçmiş SSRİ dövründən yarandığını söylədi. Qeyd olundu ki, həmin vaxtlardan indiyədək vyetnamlı tələbələr Azərbaycan Neft Akademiyasında təhsil almış, bacarıqlı mütəxəssis kimi yetişərək öz ölkələrində, eləcə də dünyanın bir sıra neft şirkətlərində uğurlu fəaliyyət göstərmişlər və bu proses bu gün də davam etməkdədir. Azərbaycanla Vyetnam arasında iqtisadi sahədə əlaqələrin inkişafı üçün perspektivlər mövcuddur, xüsusilə, neft sektorunda əməkdaşlığı genişləndirmək mümkündür. Parlamentlərarası əlaqələrə toxunan sədr bu istiqamətdə fəallığın artırılmasının, dostluq qruplarının yaradılmasının vacib olduğunu bildirdi.
Azərbaycanla Vyetnamın dost ölkələr olduğunu deyən səfir Buy Din Din ölkəmizin son vaxtlar böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırdı və bu inkişafdan məmnun qaldığını söylədi. Qeyd etdi ki, Azərbaycan istər müharibə vaxtı, istərsə də müharibədən sonrakı illərdə Vyetnama kömək etmişdir. Buna görə biz Azərbaycan xalqına və dövlətinə öz minnətdarlığımızı bildiririk. O, ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ dövründə yüksək vəzifədə olduğu zaman 1983-cü ildə Vyetnama etdiyi səfəri və bu səfər çərçivəsində Vyetnamda çox möhtəşəm bir körpünün açılış mərasimində iştirakını məmnunluqla xatırlatdı.
Səfir əlaqələrimizdən danışarkən qeyd etdi ki, Azərbaycan Vyetnama həm də iqtisadiyyat, xüsusilə də, neft sahəsində güclü kadrlar vermişdir. İndi bu sahələrdə əlaqələrimizi inkişaf etdirmək üçün hər cür potensial imkan var və biz bundan maksimum yararlanmağa çalışmalıyıq.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Milli Məclisin spikeri Oqtay Əsədovla Estoniyanın səfiri Aivo Orav ilə görüşündə də bir sıra səmərəli, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıldı. Estoniya ilə Azərbaycan arasında dərin köklərə malik dostluq və əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayan spiker dövlət başçılarımızın qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər əlaqələrimizin daha da inkişafına töhfələr verdiyini qeyd etdi.
İqtisadi münasibətlərimiz üçün geniş perspektivlər mövcud olduğunu deyən spiker bu yaxınlarda Bakıda keçirilən Biznes-Forumu xatırlatdı və bu forumda Estoniya və Azərbaycan iş adamlarının yüksək səviyyədə təmsil olunduqlarını söylədi. Bildirildi ki, parlamentlərimiz arasında olan yüksək səviyyəli münasibətlərimiz ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rola malikdir: "Biz GUAM Parlamentlərarası Assambleyası çərçivəsində də Baltikyanı Ölkələrin Parlamentlərarası Assambleyası ilə əməkdaşlıq etməkdəyik".
O.Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqq işini dəstəklədiyinə görə Estoniya tərəfinə öz təşəkkürünü çatdırdı.
Səfir Aivo Orav Estoniya-Azərbaycan münasibətlərinin daha da inkişafı üçün bütün potensial imkanlarından istifadə edəcəklərini dedi. Səfir Estoniya Prezidentinin Azərbaycana səfərinin ölkəsində böyük əks-səda doğurduğunu və ikitərəfli əlaqələrimizin inkişafında mühüm addım olduğunu söylədi.
O, iş adamlarımızın nümunəvi bir əməkdaşlıq nümayiş etdirdiklərini xüsusi vurğuladı. Hərtərəfli münasibətlərimizin bundan sonra da qarşılıqlı anlaşma və dəstək prinsipi çərçivəsində inkişaf edəcəyinə əminliyini bildirdi.