Müxalifət yenidən bölündü
İndi kiminsə durub müxalifət barədə bir-iki kəlmə xoş söz deməsi onunla nəticələnəcək ki, həmin şəxs özünü rüsvayi-cahan edib hörmətdən salacaq. Niyə? Çünki bütün cəmiyyət artıq bu radikal kəsimin nəyə qadir olduğunu və artıq heç nəyə yaramadığını əla bilir və bunların siyasi üfunət iyi verən "ideyalarından" tamamilə bezib. Neçə illərdir ki, təkcə sadə müxalifətçilər,- o adamlardır ki, ömrünün çoxunu bu radikal kəsimin başkəsənlərinə qurban veriblər, - müxalifətdən tamamilə əl çəkiblər. Heç kim artıq siyasi xarabazarlığa çevrilmiş bu düşərgədə qalmaq istəmir. Kiminlə qalacaqlar ki?
Bütün müxalifət rəhbərləri artıq o dərəcədə lazımsızlaşıblar və heç nəyə yaramırlar ki, onlara ancaq kartof-soğan satmaqla pul qazanmaq daha xeyirlidir. Başqa nə iş? Qrant artıq beş ildən çoxdur ki, bunlara verilmir, heç bir beynəlxalq təşkilat bunlara yaxın dayanmır. Sonrası da artıq AŞ PA -ya bağlanan bütün ümidlər müxalifətin özü kimi ölüb getdi. Bu Avropa qurumu sonuncu sessiyasında bütün dünyanın gözü qarşısında əməlli-başlı ikiüzlü oyun oynadı. Təsəvvür edin, bütün Ermənistan Serj Sarkisyanın terrorlarından cana doyub, AŞ PA -dakılar isə hələ də bunu görmək istəmirlər.
Keçən ilin martında Ermənistan əsil terror meydanına çevrilmişdi. Neçə insan öldürüldü, neçəsinin isə, hələ də, meytləri, öldüsü-dirisi məlum deyil. Bu məsələ çox kritik vəziyyət yaradıb. İndi durub radikal müxalifət rəhbərləri AŞ PA-dan-filandan bir ümid kimi yapışanda adamın bunlara olan nifrəti beşə-on artır.
Neçə dəfə Eldar Namazov və başqaları bunlara qrant üçün əl açsalar da, sonda bu onunla nəticələndi ki, həmin avropalı "bosslar" bunlara xoşagəlməz şəkil alan barmaqlarını göstərdilər. İndi müxalifətin öz içindəki proseslər barəsində bir-iki kəlmə yazaq.
Rauf Arifoğlu öz yeni ofisinə köçəndən sonra açıqca dedi ki, iyirmi ilə yaxındır ki, bu günü gözləyirmiş. Adam mətbuatdakı açıqlamasında bir daha başqan İsa Qəmbərovla, nəinki bir stolda, heç bir binada oturmağın mümkün olmadığını açıqlayıb. Hə, daha nə desin? Desin ki, artıq başqandan qurtulduğum üçün və Müsavatla "haqq-hesab" çəkəcəyim günü reallaşdırdığım üçün xoşbəxtəm. Xoşbəxt olmağına xoşbəxtdir, amma fərqli şəkildə. Əli Kərimov isə əməlli-başlı sevinir. Çünki Müsavatdan ayrılan R.Arifoğlu artıq "Yurd" şefinin qisasını almaq üçün əla fürsət yaxalayıb. Digər bir məsələ onunla bağlıdır ki, "anti-referendum" qrupu yaratmağa çalışan radikal düşərgə kəsimi çox kritik bir durumdadır. Bunlar bir neçə partiyanı yan-yörələrinə yığıb birgə əməkdaşlıq sistemi yaratmaq üçün əl-ayaqdan düşsələr də, bir şey alınmır.
ADP, Müsavat və AXCP (i) birgə razılığa gəlsələr də, (halbuki onların özləri də bir-birinin qatı düşmənləridirlər. F.B) - AMİP və "DUİ" sərt şəkildə buna qarşı çıxır. Yəni, bir yerdə qrup yaradıb referendum əleyhinə iş aparmaq məsələsində AMİP və "DUİ" digərləri ilə razılaşmırlar. ADP sədri Sərdar Cəlaloğlu deyir ki, bu qrupların yaradılmasının lazımsızlığını deməklə, hər iki qurum nümayəndələri, sadəcə, bəhanə axtarırlar. Onun dediyindən belə çıxır ki, həm AMİP, həm də "DUİ" özləri "anti-referendum" qrupları yaratmaq və özlərini əsas müxalifət kimi ictimaiyyətə təqdim etməyə çalışırlar.
AXCP (i) sədrinin müavini Həsən Kərimov isə daha kəskin şəkildə bəyanatlar verərək, AMİP-in iddia etdiyi mövqenin müxalifətin ümumi maraqlarına zidd olduğunu və mübarizəsini müxalifətdən daha çox hakimiyyətə qarşı yönəltməsinin vacibliyini bildirib. Qarşı tərəf isə radikal kəsimə qoşulmamalarını, həmin qüvvələrə olan inamsızlığla əlaqələndirib. "DUİ"-nin aparıcı partiyası sayılan "KAXCP" sədri Mirmahmud Fəttayev anti-referendum qrupunun hazırkı vaxtda bu tərkibdə fəaliyyət göstəməsinin mənasız olduğunu, yenə də həmin qüvvələrin köhnə ssenarini işə salacaqlarını bildirib. Deməli, yenə inamsızlıq, yenə parçalanma. "DUİ" və AMİP Müsavat, ADP və AXCP (i)-yə qarşıdır. Parçalana-parçalana gedən müxalifət, zavallı düşərgə, səni hələ çox fəlakətlər gözləyir. Çünki sənin başında duranlar səni ancaq fəlakətə apara bilərlər. Özləri kimi.