Kurort müalicəsi sağlamlıq baxımından çox mühümdür
Prezident İlham Əliyev "Azərbaycan kurortları" Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 fevral tarixli 2002 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilməsi barədə Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Müvafiq Proqramda göstərilir ki, Kurort işi Azərbaycan Respublikasında ənənəvi olaraq dövlətin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsini təşkil etmişdir. Bu sahədə aparılmış dövlət siyasəti nəticəsində inkişaf etmiş və kütləvi tələbatı ödəyən kurort kompleksi yaradılmışdır. Kurort işinin təşkili iqtisadi və sosial əhəmiyyətli fəaliyyət olaraq ölkənin bir çox regionlarının inkişafını, infrastrukturunun yaradılmasını, əhalinin məşğulluğunu, xidmət sahələrinin inkişafını təmin etmişdir. Ölkədə yaradılmış sanatoriya-kurort sistemi insanların istirahətinin, sağlamlaşdırılmasının və müalicəsinin təşkili baxımından olduqca vacib ümummilli sosial-iqtisadi funksiyaları da yerinə yetirmişdir: "Keçən əsrin 80-ci illərinin sonunda - 90-cı illərinin əvvəllərində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən proseslər kurort kompleksinin təşkili, idarə edilməsi, maliyyələşdirilməsi, insanların istirahətinin, müalicəsinin və sağlamlaşdırılmasının təşkili, kurort texnologiyalarının tətbiqi, kadr təminatı sahəsinə təsirsiz ötüşməmiş, nəticədə mərkəzləşdirilmiş kurort kompleksinin və sanatoriya-kurort xidmətlərinin ümumdövlət sisteminin ahəngdar fəaliyyəti pozulmuşdur.
Bu kompleksə olduqca böyük zərər Ermənistanın Azərbaycan Respublikasına təcavüzü nəticəsində vurulmuşdur. Azərbaycanın 20 faiz ərazisi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, həmin ərazilərdə unikal təbii xüsusiyyətlərə malik kurort yerləri dağıdılmış, daimi yaşayış yerlərindən didərgin düşmüş soydaşlarımız yaşayış yerləri ilə təmin edilmək məqsədi ilə sovet dövründə inşa edilmiş sanatoriya-kurort müəssisələrindəki çarpayı fondunun təxminən 50 faizi nisbətində ölkənin digər ərazilərində yerləşən sanatoriya, pansionat və istirahət evlərində məskunlaşdırılmışdır."
Burada qeyd olunur ki, hazırda Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" çərçivəsində ayrı-ayrı bölgələrdə kurortların dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, aparılan işlərin səviyyəsinin müasir tələblərə uyğunlaşdırılmasına ehtiyac var: "Təcrübə göstərir ki, sanatoriya-kurort müalicəsi əhalinin sağlamlığının qorunması sahəsində olduqca mühüm yer tutur. Bu sağlamlıq ocaqlarında aparılan müalicə nəticəsində xəstələrdə reabilitasiya prosesi sürətlənir, xəstəliklərin kəskinləşməsi prosesinin qarşısı alınır və xəstələr normal həyata qayıtmaq imkanı əldə edirlər. Səmərəli sanatoriya-kurort müalicəsi böyüklərdə və uşaqlarda xəstəliklərin kəskinləşməsi hallarını, habelə sanatoriyalarda reabilitasiya keçmiş xəstələrdə əmək qabiliyyətinin müvəqqəti və daimi itirilməsi hallarının sayını dəfələrlə azaldır. Sanatoriya-kurort müalicəsinə əlillərin, xəstələrin, ekoloji cəhətdən çirkli zonalarda yaşayanların, uşaqların xüsusilə böyük ehtiyacı vardır. Əhalinin bu kateqoriyalarının sanatoriya-kurort müalicəsinə tələbatı sanatoriya-kurort şəbəkəsinin inkişafında nəzərə alınmalı, uşaq sanatoriyaları və istirahət düşərgələri şəbəkəsi genişləndirilməli, mövcud uşaq sanatoriyaları müasir avadanlıqlarla təmin olunmalı, onların maddi-texniki bazası sanitar norma və qaydalara uyğunlaşdırılmalı, xəstə və sağlamlıq imkanları məhdud uşaqların tibbi, psixoloji və sosial reabilitasiyası üçün optimal şərait yaradılmalıdır. Azərbaycan Respublikasında mövcud sanatoriya-kurort şəbəkəsinin yenidən təşkili və yaradılacaq müəssisələrin fəaliyyətinin müasir beynəlxalq tələblər səviyyəsində qurulması mühüm vəzifələrdəndir. "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nda həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı kompleks tədbirlər nəzərdə tutulmuşdur."