PDF Oxu

Əsas

  • 10

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında MSK katibi Natiq Məmmədov "Vətəndaş cəmiyyəti" referendum üzrə təşəbbüs qrupunun referendum üzrə təşviqat qrupu kimi qeydə alınması" ilə bağı gündəlikdə duran birinci məsələ barədə məlumat verdi. N.Məmmədov bildirdi ki, "Vətəndaş cəmiyyəti" təşəbbüs qrupunun qeydə alınması üçün 43 min 300 imza təqdim edib. İşçi qrupunun araşdırması nəticəsində imzalardan 41 min 227-si etibarlı, 2 min 23-ü etibarsız sayılıb. İmza isə 63 dairənin ərazisində toplanıb.

Məsələ ilə bağlı komissiya üzvləri münasibət bildirdi. Səs çoxluğu ilə referendumqabağı təşviqat aparmaq üçün "Vətəndaş cəmiyyəti" təşviqat qrupunu qeydə aldı. Bununla da qeydə alınan təşviqat qruplarının sayı 5-ə çatdı.

Gündəlikdə duran "Azad söz" referendum üzrə təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınması ilə bağlı məlumat verən N.Məmmədov bildirdi ki, komissiyaya imza vərəqlərini təqdim edən "Azad söz" təşəbbüs qrupu qeydə alınmayıb. Səbəbi kimi etibarlı imzaların 40 mindən az olmasıdır. O da qeyd edildi ki, imzatoplama mərhələsində texniki səhvlərə yol verilib, bəzi şəxsiyyət vəsiqələrinin nömrəsi düzgün yazılmayıb: "Azad söz" Təşəbbüs Qrupu adından təqdim olunan 43 min 100 seçici imzasının 38 min 261-i etibarlı, 4 min 839-u isə İşçi Qrupu tərəfindən etibarsız sayılıb. Təşviqat Qrupunu qeydə almaq üçün 40 min seçici imzası tələb olunur. "Azad söz" Təşəbbüs Qrupunu Təşviqat Qrupu kimi qeydə almaq üçün lazım olan etibarlı imzaların sayı az olub".

MSK-nın 2 üzvü əleyhinə olmaqla komissiya adıçəkilən Təşəbbüs Qrupunu Təşviqat Qrupu kimi qeydə almamaqla bağlı qərar qəbul edib.

Komissiya sədri Məzahir Pənahov isə dairə ərazisində təşviqat aparmaq üçün 125 təşəbbüs qrupundan 124-nün təşviqat qrupu kimi qeydə alındığını dedi: "Bu ayın 10-a qədər məntəqələrdə seçici siyahıları asılacaq. Yeri gəlmişkən, qeyd edim ki, seçici siyahıları çap olunaraq DSK-lara paylanır. Dairələrdən daxil olan seçici siyahılarına əsasən hazırda ölkədə 4 mln 900 minə yaxın seçici qeydiyyatdadır".

Həmçinin, qurumun iclasında referendumla bağlı daxil olan müraciətə də baxıldı.

Digər xəbərlər