PDF Oxu

Əsas

  • 10

BAKIDA DİNLƏRARASI ƏMƏKDAŞLIĞA DAİR KONFRANS KEÇİRİLƏCƏK

BAKIDA DİNLƏRARASI ƏMƏKDAŞLIĞA DAİR KONFRANS KEÇİRİLƏCƏK
"Rusiya cəmiyyətində sülh və həmrəylik xeyli dərəcədə pravoslavlar ilə müsəlmanlar arasında münasibətlərin necə qurulmasından asılıdır. Mən ürəkdən əminəm ki, dünyada sülh, həmrəylik və sabitlik xeyli dərəcədə xristianlar və müsəlmanlar arasında münasibətlərin necə qurulmasından asılı olacaqdır". Bunu Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşündə bildirmişdir. A.Paşazadə patriarx seçilməsi münasibətilə Kirilli şəxsən təbrik etmək üçün Moskvaya gəlmişdir.
Patriarxın iqamətgahında keçirilən görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri demişdir ki, patriarx Kirill həmişə dinə xidmət etmiş, din xadimləri arasında sülhün, qardaşlığın və dostluğun hökm sürməsinə çalışmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və təbriklərini patriarxa çatdıran A.Paşazadə demişdir ki, sizi Azərbaycanın və Qafqazın bütün müsəlmanları da təbrik edirlər. Patriarxı Bakıya səfərə dəvət edən şeyxülislam əmin olduğunu bildirmişdir ki, gələcəkdə xalqlarımızın, iki ölkənin və dindarların rifahı naminə birgə iş davam etdiriləcəkdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu patriarxı təbrik etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini ona çatdırmışdır. Diplomat belə bir faktı razılıqla vurğulamışdır ki, əvvəllər patriarx məhz xarici əlaqələr, yeni qarşılıqlı münasibətlərin yaradılması məsələləri ilə məşğul olmuşdur. O demişdir ki, səfirlik Bakıda dinlərarası dialoq və əməkdaşlığa dair böyük konfransın keçirilməsinə hərtərəfli kömək göstərəcəkdir.
Patriarx Kirill təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təşəkkürünü bildirmişdir. O demişdir: "Mən təbrikə görə Azərbaycan Prezidenti, çox hörmətli cənab İlham Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm. Əlbəttə, mən ona məktub göndərəcəyəm, ancaq indi ona sözlə təşəkkürümü bildirmək istərdim. Mən iki dəfə onunla görüşmüşəm. Birinci dəfə Bakıda, o, hələ Prezident olmadığı dövrdə, mərhum atasının qonaqpərvər evində görüşmüşdük. İkinci görüşümüz isə Romada, Papa II İoann Pavelin dəfnində olmuşdur. Biz qısa, ancaq mehriban söhbət etmişdik. Cənab Prezidentin dinlərarası dialoq mövzusuna həssaslıqla yanaşdığını bilirəm. Mən onun təşəbbüslərini və Azərbaycan müsəlmanlarının digər dinlərin nümayəndələri, ilk növbədə pravoslavlarla mehriban münasibətlər qurmaq arzusunu dəstəkləməsini müsbət qiymətləndirirəm".
O, şeyxülislama dərin minnətdarlığını bildirərək qeyd etmişdir ki, onun patriarx seçilməsi Yepiskopluğun, ruhanilərin, dindarların ona etimadının ifadəsidir. Kirill demişdir: "Mən Allaha şükür edirəm ki, Rusiya cəmiyyətinin, təkcə Rusiyanın deyil, həm də MDB-də və Baltikyanı ölkələrdə yaşayan dünyəvi adamların böyük hissəsi bu çətin anda məni dəstəkləmiş və mənim seçilməyimlə əlaqədar razılıqlarını bildirmişlər. Mən belə bir faktı xüsusi vurğulamaq istərdim ki, Rusiyanın müsəlman əhalisi mənim seçilməyimə çox müsbət yanaşmışdır. Sizin məni təbrik etməyə şəxsən gəlməyiniz mənim üçün əlamətdar hadisədir ki, biz sizinlə gələcəkdə də mərhum patriarx II Aleksi ilə getdiyiniz yolla gedəcəyik. Rus Pravoslav kilsəsinin müsəlmanlarla, o cümlədən sizin ləyaqətlə təmsil etdiyiniz Qafqaz müsəlmanları, Azərbaycan müsəlmanları ilə qarşılıqlı fəaliyyət təcrübəsi əvəzsizdir".
Patriarx Kirill Azərbaycan Pravoslav yeparxiyasının fəaliyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, Aleksandr Ata həm pravoslavlarla müsəlmanlar arasında münasibətləri, həm də Rusiya-Azərbaycan münasibətlərini və əməkdaşlığını qətiyyətlə dəstəkləyir. Moskvanın və bütün Rusiyanın patriarxı Kirill sonda demişdir: "Mən sizin duz-çörəkli ölkənizdə yaşayan pravoslavlara xoş münasibətə və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürümü bildirmək istərdim".
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşdən sonra demişdir ki, bu ilin sentyabr ayında Bakıda təşkili nəzərdə tutulan dinlərarası dialoqa və əməkdaşlığa dair konfrans 2010-cu il aprelin 25-27-nə keçirilmişdir. Konfransın vaxtı patriarxın xahişi ilə dəyişdirilmişdir. A.Paşazadə patriarxla görüşünün yekunlarını şərh edərək bildirmişdir ki, ikitərəfli əlaqələrin qurulmasında mənəvi-əxlaqi münasibətlərin böyük rolu vardır. Şeyx demişdir: "Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi və başqa sahələrdə münasibətlər, o cümlədən dini münasibətlər çox yüksək səviyyədə inkişaf edir. Biz öz tərəfimizdən qarşılıqlı dini əlaqələri həmişə layiqli səviyyədə saxlamışıq və Azərbaycana münasibət də həmişə yüksək səviyyədə olmuşdur. Mərhum patriarxın son illərdə iki dəfə Azərbaycanda olması faktı onun ölkəmizə və dindarlara diqqətli münasibətini təsdiq edirdi. İndi Azərbaycanda kilsələr tikilməsi və kilsələrin yenidən qurulmasına ölkə müsəlmanlarının kömək etməsi təkcə Azərbaycanda deyil, bütün dünyada yaşayan xristianlar üçün aşkar faktdır. Bu, Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bir daha nümayiş etdirir. Məhz bu baxımdan indiki patriarx Kirill Azərbaycana həmişə yüksək münasibət bəsləmişdir və indi də belədir. Kirill patriarx taxtına əyləşənə qədər mərhum II Aleksinin Azərbaycana səfərlərində iki dəfə onu müşayiət etmişdir. Azərbaycana yaxşı münasibət bu gün də davam edir. Ümid edirəm ki, biz gələcəkdə də dinlərarası sülhün möhkəmlənməsi və qarşılıqlı surətdə faydalı dialoq naminə səmərəli əməkdaşlıq edəcəyik".
A.Paşazadə onu da bildirmişdir ki, patriarxla söhbətində yaxın perspektiv və uzunmüddətli dövr üçün qarşılıqlı əlaqələrin konkret planları nəzərdən keçirilmiş, 2010-cu ildə Bakıda keçiriləcək Dinlərarası dialoqa və əməkdaşlığa dair konfransa hazırlıq məsələsi müzakirə edilmiş, təşkilati məsələlərin həlli üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu başda olmaqla birgə işçi qrup yaradılmışdır.

Digər xəbərlər